Modern.az

Əjdər Xanbabayev, Bəxtiyar Vahabzadə (ölümündən sonra), Cəlal Əliyev (sağlığında)...

Əjdər Xanbabayev, Bəxtiyar Vahabzadə (ölümündən sonra), Cəlal Əliyev (sağlığında)...

6 Sentyabr 2014, 15:05

Mən  həyatımda çox təltiflər, mükafatlar, fəxri adlar görmüşəm. Çoxunun tarixçəsinə yaxından bələdəm. İndi də  “İstiqlal”, “Şöhrət” ordenləri, “Xalq şairi”, “Əməkdar İncəsənət  xadimi” fəxri adları, Azərbaycan Dövlət Mükafatı laureatının diplom və nişanları, Ali Sovetin Fəxri Fərmanı, “Əməkdə İgidliyə görə” medalı evimizin bəzəyidir. Atamın ölümündən sonra bir dəfə də olsa qapağını açıb, döşümə sancıb, boynuma salıb , güzgünün qabağında dayanıb fors  eləməmişəm.  Bu təltiflər məndədir, amma mənimki deyil.

Bu ali mükafatların hərəsinin öz tarixçəsi var. Qonşularımızın aldığı mükafatların da şahidiyəm. Onların da öz tarixçəsi var. Hər adın, medalın, ordenin dəyərini də bəlkə başqalarından yaxşı başa düşür, düzgün qiymətləndirirəm. Kimin layiq, kimin layiq olmadığı göz qabağımdadır. Amma bir yanlışlıq buraxdım. Görkəmli yazıçılarımız aldıqları bütün adlara layiqdirlər.

Belə bir deyim də var - “ Filankəs filan mükafata layiqdir. Bu ad ona ana südü kimi halaldır”.  Amma çifayda. Əliağa Vahidi götürək  - “Xalq şairi” fəxri adına layiq deyildimi, yaxud da Abdulla Şaiq, Əli Kərim, Nüsrət Kəsəmənli, Əliağa Kürçaylı, Əhməd Cəmil, Salam Qədirzadə, Əlfi Qasımov,  Mirmehdi Seyidzadə,  “Vicdan susanda” romanının hazırda həyatda olan müəllifi Vidadi Babanlı, Əlibala Hacızadə, İsi Məlikzadə və digərləri. Düzdür bu cür insanlar da qiymətini alır,  xalq özü onlara  ad verir – “Xalqın şairi”, “Xalqın yazıçısı”. Bəlkə də ömür vəfa versəydi tam başqa cür olardı. Allah rəhmət eləsin – gücümüz buna çatır.

Mənim  bu mövzuya müraciət etmək fikrim yox idi. Əgər Modern.az. saytı “Heydər Əliyev ordeni” və bu ordenlə təltif olunmuş şəxslərlə bağlı bilgiləri səhifəsində yerləşdirməsəydi. Onlar 15 nəfərdir.  Hamısı da görkəmli insanlardır. Prezident sərəncamını müzakirə etmək fikrindən uzaq, prezidenti  dəstəkləyən bir insan kimi  demək istəyirəm ki, hamısı layiqdir.  Azərbaycana dost, qardaş adamlardır. Bizim yolumuzda çox işlər görüblər. O cümlədən rəssam Tahir Salahov və bəstəkar  Arif Məlikov.   Bu orden dövlət təltifindən əlavə mənə ona görə əzizdir ki, bu orden Böyük Heydər Əliyevin adını daşıyır. Bəs...

İSTİQLAL ORDENİ

Heydər Əliyevin hakimiyyəti dövründə “İstiqlal ordeni” ən ali təltif sayılırdı. Elə indinin özündə də. Hər adama verilmir bu orden. Atam bu sırada 50-ci kavaler idi.

1995-ci il idi. Prezident Heydər Əliyevin sərəncamı ilə ilk dəfə olaraq bu ordenə üç nəfər -  Xəlil Rza Ulutürk (ölümündən sonra), Məmməd Araz, Bəxtiyar Vahabzadə  - layiq görüldü. Əlbəttə ki, təqdimata, yaxud da ki, artıq söz-söhbətə ehtiyac görmürəm. Hər üçünə ana südü kimi halal idi bu təltif.

Atam da belə düşünürdü. Amma...

Evdə oturmuşduq. Sərəncam elan olundu. Atam bir anlıq fikrə getdi. Elə başa düşdüm ki, özünün adını bu siyahıda görmədiyi üçün fikirlidir. Çünki Azadlıq meydanında istiqlaliyyətimiz uğrunda çox adamlar mübarizə aparmış, xalqın haqq sözünü demişdilər. Qabil, Sabir Rüstəmxanlı, Elçibəy, İsmayıl Şıxlı, Famil Mehdi və kimlər, kimlər... Amma bir anlıq öz dünyasından ayrıldı. Nə desə yaxşıdır:

- Mahir,  Azərbaycanda bu “İstiqlal ordeni”nə layiq iki adam var. Biri Gülhüseyn Hüseynoğludur, o  biri də İsmixan Rəhimov. İndi istiqlaliyyətdən danışmağa nə var? Onlar 1948-ci ildə, Stalinin dövründə  azadlığımız üçün Sovet  Hökumətinə meydan oxuyublar. Cəmi yeddi nəfər olublar. “İldırım” hərəkatının tələbə üzvləri. Əsl istiqlalçı onlardır.



1991-ci il

Məni ifrata varmaqda taqsırlandırmayın. Mən nə YAP-ın üzvüyəm, nə  də döşümdə qızıldan tökülmüş  imza lehimi daşıyıram. Mən sadəcə  Əliyevçiyəm. Bu insanı 70-ci illərdən tanımışam. Daha doğrusu əvvəl tanıdıblar,  sonra tanımışam. 1991-ci ildə Milli Məclisdəki çıxışı indi də  qulağımda səslənir - əleyhinə durub çıxış edənlər də, müdafiəsinə duranlar da... Bu olaya “Heydər Əliyevin həyatında Bayram Bayramov  çevrilişi” adlı xatirə-məqaləmdə başqa bir aspektdən toxunmuşam. Bu tarixdir. Və bu tarixin mənim kimi şahidləri çoxdur. Bu məqalənin adındakı “çevriliş” sözünü mən elə-belə yazmamışam. Əslində bu məqalənin, daha doğrusu “çevriliş” sözünün  üç bucağı vardı. Biri Bayram Bayramov, biri Bəxtiyar Vahabzadə, o biri isə Cəlal Əliyev.

Həmin gün deputat Heydər Əliyev çıxış etdi. Bir çoxları yerə ayaqlarını vurdular, fit çaldılar, ədəbsizlik etdilər. Dirijor da başda oturmuşdu – prezident Ayaz Mütəllibov. Çıxış edənlər də oldu. Amma heç biri yadda qalmadı. Bircə Bayram Bayramovdan başqa. İclas bitdi. Səhəri gün yenə də iclas idi. Tribunaya Bəxtiyar Vahabzadə çıxdı. Çıxış etdi. Yoxdur internetdə bu çıxış. Bayram Bayramovun da çıxışının stenoqramması yoxdur. Dövlət qəzetlərində qalıb yalnız bu tarix. Son 21 il ərzində heç televizorda da bu kadrları nümayiş etdirmədilər. Canlı yayımdan göz yaddaşlarına birbaşa həkk olundu. Bu meydanda bir nəfər də vardı. Mirzə Ələkbər Sabir. Bəxtiyar Vahabzadə öz poeziyasından şeir oxumadı. Köməyə Böyük Sabiri çağırdı.

Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan,
Tarac edərək, bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan....
Əslafımıza çünki həqiqi xələfız biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Prezidentin, “KQB”, “MVD”, prokurorluq orqanları rəhbərlərinin iştirak etdiyi Milli Məclisdə üsyünkaranə bir çıxış, özü də Heydər Əliyevin müdafiəsinə edilən bir çıxış. Üç yüz deputatdan hansının buna cürəti çatdı? Heç birinin.  Bəxtiyar Vahabzadə bunu etdi.

Bəs küçəyə çıxanda Heydər Əliyevi  qapıda kim gözləyirdi? Əlbəttə ki, qardaşı Cəlal Əliyev. Ordan çıxıb Heydər Əliyev kimin evinə, kimin ocağına üz tutacaqdı? Əlbəttə ki, Cəlal Əliyevin. Əjdər Xanbabayevin  sifarişli, Heydər Əliyevçilərə bir növ mesaj olan qətlindənsə cəmi-cümlətanı bir il vaxt keçmişdi. Niyə, məhz başqası yox? Məhz kiçik qardaşı Cəlal Əliyev?!

Yaxşı, sual verə bilərsiniz ki,  25 yaşlı Mahir Qabiloğlu evdə televizorun qabağında oturub Ali Sovetin  iclasına baxa-baxa bunları hardan bilirdi?

Ertəsi gün atam zəng elədi ki, gəl  gedək Şamaxıya. Gəldim. Maşınımızı satmışdıq. “Şamaxinka”ya gedib ordan yol maşınına minəcəkdik. Yuxarı qalxdım.  Gördüm ki, telefonla danışır.

- Yaxşı danışdın. Ürəyimdən tikan çıxartdın.

-  .....

- Hardadır? Axı Cəlalın telefonunu bilmirəm.

-          .......

- Ay Bəyim, yaz...... Bəxtiyar, bu dəqiqə zəng edirəm.

Danışan Bəxtiyar Vahabzadəydi.  Telefonda da atama “Heydər Əliyevin üstünə yaman düşüblər. Mənəvi dəstək olmalıyıq. Qardaşı Cəlal Əliyevgildə qalır” deyirmiş. O vaxtadək atam müxtəlif yazılarda bu böyük şəxsiyyətin müdafiəsinə qalxmışdı. Harada görürdüsə, ona böyük hörmət və ehtiramla yanaşırdı, söhbətləşirdilər. Lakin  harada yaşadığını bilmirdi.                              

Atam nömrəni yığdı. Cəlal müəllimlə salamlaşıb, hal-əhval tutandan sonra Heydər müəllimlə danışmaq istədiyini dedi. O da dəstəyi verdi.

“Fikir verməyin. Siz böyük adamsınız.  Bəxtiyar da tutarlı cavab verdi hamısına.  Hamımız sizi çox istəyirik.  “Ömür həbləri” romanında sizin obrazınızı da yaratmışam. Sadıq Murtuzayevin “İnsanla, torpaqla, raykom katibiylə üz-üzə” kitabına yazdığım məqalədə də sizin böyüklüyünüzü bir daha təsdiq etmişəm”.
Atam daha nələr demədi. Təsəvvür edirsiniz də... o dövrdə Heydər Əliyev üçün Qabilin bu sözləri nə demək idi. İndi bildinizmi ki, Heydər Əliyev Qabili niyə çox istəyirdi? Harda gördü zarafatlaşırdı. Bir sözünü iki eləmirdi.

Amma mən 100 faiz əmin idim ki, həmin gün Heydər Əliyevə bu cür zənglər yüzlərlə olmuşdu. Hamısının da  səbəbkarı Bəxtiyar Vahabzadə idi. Heydər Əliyevin qaldığı evi və telefonu yalnız o bilirdi. Çünki o, bir nömrəli Əliyevçi idi.

Heydər Əliyev danışandan sonra dəstəyi yenidən Cəlal müəllimə verdi. O da ünvanı atama dedi. Atam dəstəyi qoyub  iş otağına keçdi. Kağızda nəsə yazdı. Sonra onu “Ömür həbləri” kitabının ilk səhifəsinə köçürtdü. Şeirlə yazılmış 16 misralıq  avtoqraf idi:

Məsləhətdir, aç, oxu,
Sən bu kitabı, Heydər!
Çox suala tapacaqsan da
Cavabı, Heydər!
Görəcəksən quruluş –
Zay quruluşdur, a kişi,
Yandırır həm şişi o, 
Həm də kababı, Heydər!
Üstünə kim bu saat
Qalxdı, xoruzlandısa da,
Xoruzun uçmağa
Hardaydı ki, tabı, Heydər!
Hansı namərdin olub
Vicdanı, abrı-həyası,
Mərdə-mərdanəyə xas
Vicdan əzabı, Heydər!
10.11.1991

Başqa jurnal, qəzet, kitabı da onunla bərabər sellofan torbaya qoydu.

- Deməli gedirsən Nazirlər Kabinetinin yanına, onun bərabəriylə üzü Dağüstü Parka doğru irəliləyirsən. Solda iki hündürmərtəbəli bina görəcəksən. Biri iki blokludur, o biri bir bloklu. Bir blokluya girirsən qalxırsan liftlə .... (yadımda deyil) mərtəbəyə. Cəlal müəllimin evidir. Verirsən ona. Sonra tez gəlirsən. Şamaxıya gedirik. Cum!

Sellofan torbanı alıb deyilən ünvana getdim. Bloka girdim. Heç kim yox idi. Qarşımı da kəsmədilər. Liftin düyməsini basdım. Atam dediyi mərtəbəyə qalxdım. Mənzilin zənginin düyməsini basdım. Gözüm künc-bucaqda idi. Amma heç kim yox idi. Öz-özümə fikirləşdim. Yəni Heydər Əliyev kimi  adam burda yaşayır, heç kim də məndən soruşmur ki,  “hara gedirsən?”, “niyə gedirsən?”. Qapını Cəlal müəllim açdı:

- Salam, Qabilin oğluyam. Atam göndərdi bunları Heydər Əliyevçün.

- Salam. Ay bala,  keç içəri. Atan niyə gəlmədi?

- Bilmirəm. Dedi ki, apar kitabları  ver, gəl.

Elə kandardaca kitabları verib, Cəlal müəllimlə sağollaşdım.  Evə qayıtdım. Evə girəndə atam telefonla danışırdı.

- Qabil, bəs mən səni gözləyirdim, uşağı göndərmisən.

- Heydər müəllim, sizin qəbulunuza düşmək belə asandır ki, məgər?

SON

O vaxtdan  23 il ötüb. Hər dəfə “Heydər Əliyev ordeni”nin  təltifiylə bağlı xəbər oxunanda  üç şəxsiyyət yadıma düşür-  Əjdər Xanbabayev, Bəxtiyar Vahabzadə, Cəlal Əliyev. Biri qətlindən sonra, biri  ölümündən sonra,  biri  də sağlığında.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir