Modern.az

Rəşad Məcid: "Bildiyimə görə, 100 nəfərdən çox jurnalist təltif ediləcək" (müsahibə)

Rəşad Məcid: "Bildiyimə görə, 100 nəfərdən çox jurnalist təltif ediləcək" (müsahibə)

21 İyul 2010, 14:22

Modern.az saytının suallarını Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid cavablandırır. - Rəşad müəllim, milli jurnalistikamızın fəaliyyətə başlamasının 135 illik uzun bir tarixini qısaca olaraq necə xarakterizə etmək olar?

 

- Bir gün qabaq Akif Aşırlının “Azərbaycan mətbuatı tarixi”  kitabının II hissəsinin təqdimatı idi. I hissə oxuculara bir il əvvəl təqdim olunmuşdu. I hissə 1875-1920-ci illəri əhatə edirdi, II hissə isə 1920-1990-cı illəri əhatə edir. Bu kitabdakı bölgü ilə götürsək, deməli, bizim mətbuatımızın 1875-ci ildən 1920-ci ilə qədərki dövrü Həsən bəy Zərdabi ilə bağlıdır. Bununla həm də Azərbaycanda milli intibahın əsası qoyuldu, XIX əsrin sonları, XX əsrin əvvəllərində böyük şəxsiyyətlər yetişdi. Üzeyir Hacıbəyli, Mirzə Cəlil, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Məmmədağa Şaxtaxtlı, Əlimərdan bəy Topçubaşov və digər böyük mütəfəkkirlər Azərbaycanda həm də Zərdabi ənənələrini davam etdirərək “Həyat”, “İrşad”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Kaspi”, “Şərqi Rus” kimi mətbu nümunələrin əsasını qoydular və ötən əsrin əvvəllərində Azərbaycanda milli oyanış baş verdi, nəticədə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. İkinci dövr isə 1920-1990-cı illəri əhatə edir. O dövrə birmənalı münasibət yoxdur, bəziləri o dövrü tamamilə inkar edirlər, amma mənim fikrimcə, sovet dövründə bizim mətbuatın çox böyük xidmətləri olub. Mətbuat Azərbaycan dilinin inkşafında, mədəniyyətin, ədəbiyyatının inkşafında böyük rol oynayıb. Bizim öndə gedən yazıçılarımız, mütəfəkkirlərimiz olub ki, ən çətin, sovet ideologiyasının tuğyan etdiyi dövrlərdə də milli mənliyimizi, dilimizi qorumağı bacarıblar. Üçüncu dövr isə müstəqillikdən bu tərəfə olan dövrdür ki, bu dövrdə də enmələr, qalxmalar var. Biz tez-tez deyirdik ki, Azərbaycanın müstəqilliyinin qürurlandırıcı məqamlarından biri də müstəqil mətbuatın formalaşmasıdır. Amma təəssüf ki, bu gün həmin fikri ürəklə səsləndirmək olmur. Bu gün mətbuat bir sıra problemlər içərisindədir. Hələ Azərbaycanda qəzet bazarı formalaşmayıb, mətbuat cəmiyyətin həyatında öz yerini tuta bilməyib.

- Rəşad müəllim, təxminən bir onillikdir ki, bizim mediamız konkret olaraq eyni şəxslərin əlindədir. Bu gün sıravi jurnalistlərn ən çox şikayət elədikləri məhz həmin o media kapitanlarıdır. Necə qiymətləndirirsiniz məsələni?

- Hesab edirəm ki, bu, haqsız və ədalətsiz, hadisələrə bələd olmayan adamların fikirləridir. Bəzi jurnalistlər jurnalistikanın durumunun günahını redaktorlarda görürlər, amma redaktorların əksəriyyəti də son 20 ildə mücadilə aparıblar. Onlar həm Azərbaycan mətbuatının hüqüqi bazasının möhkəmləndirilməsinə, demokratikləşdirilməsinə çalışıblar, həm də mətbuatın iqtisadi çətinliklərdən xilas olması istiqamətində fəaliyyət göstəriblər. Əlbəttə, mən sıravi jurnalistləri də başa düşürəm və həmişə deyirəm ki, bu gün jurnalistlər qəpik-quruş alırlar, bu gun Azərbaycan jurnalistlərinin bu əməkhaqqı ilə ev almaları, ailə qurmaları, məişət problemlərini həll etmələri mümkünsüzdür. Amma sıravi jurnalistlərin bunların günahını redaktorlarda və uzun müddət mediaya rəhbərlik edən adamlarda görmələri, hesab edirəm ki, məsləyə yalnış yanaşmadır, hadisələrin əsas mahiyyəti və səbəbi barədə danışmaqdan qaçmaqdır. Əslində belə düşüncə cəsarətsiz yanaşmadır və hesab edirəm ki, düzgün mövqe deyil.

- Yeri gəlmişkən, cəsarətsiz sözünü işlətdiniz, ümumən bizim mətbuatımızı cəsarətsiz adlandırmaq olarmı?

- Mən mətbuatı cəsarətsiz yox, zəif və gücsüz adlandırardım. Bu gün Azərbaycan mətbuatı çox zəif və gücsüz vəziyyətdədir, bir az da kəskin desək, miskin  durumdadır. Əlbəttə, bunun müxtəlif səbəbləri var, amma hər halda biz 10-15 il əvvəl beləsini arzulamırdıq. Biz fikirləşirdik ki, mətbuat daha çox biznes strukturuna çevrilmiş, formalaşmış, iqtisadi gücə malik böyük bir insituta çevriləcək. Amma bu gün hələ də Azərbaycan mətbuatı iqtisadi cəhətdən zəif durumdadır. Demək olar ki, Azərbaycanda heç bir mətbu orqanın normal ofisi yoxdur, işçilərinə normal əməkhaqqı verə bilmir,  jurnalistlər qəpik-quruş alırlar. Bu isə gətirib ona çıxarır ki, mətbuat nəinki böyük məmurların və oliqarxların, hətta orta və aşağı səviyyəli məmurların belə, istehzalı yanaşması ilə üzləşir. Bu da, ilk növbədə uzun illər mətbuatda çalışmış, taleyini jurnalistikaya bağlamış insanların pessimistliyinə səbəb olur. Bu gün neçə-neçə peşəkar qəzet redaktoru, peşəkar jurnalist var ki, mətbuatın bu vəziyyəti onları sevdikləri, zövq aldıqları işə ürəklə yanaşmaqdan soyudur.

- Dediyinizdən belə qənaətə gəlmək olarmı ki, 135 illik yubiley günündə Azərbaycan mətbuatı 4- hakimiyyət rolunu oynaya bilmir? - Azərəbaycan mətbuatı bu gün öz üzərinə düşən fünksiyanı yerinə yetirməyə gücü çatan vəziyyətdə deyil, buna qadir deyil.

- Mətbuat Şurasının Azərbaycan mətbuatının inkşafında, yaxud da geriləməsində hansı rolu oldu?

- Bizdə hələ də sovet psixologiyası ilə yaşayan jurnalistlər var. Belə düşünənlər Mətbuat və İnformasiya Nazirliyi ləğv ediləndən sonra arzulayırdılar ki, bir qurum yaransın və mətbuata ümumi rəhbərlik etsin. Bu baxımdan bəziləri Mətbuat Şurasını nazirlik tipində görür, ona ideoloji rəhbər rolunu oynayacaq bir struktur kimi baxır. Bəziləri Mətbuat Şurasını sosial müdafiə fondu kimi görür. Amma klassik mənada Mətbuat Şurası mətbuat və cəmiyyət, mətbuat və məmurlar, hakimiyyət arasındakı münaqişələrin həlli yolunda çalışan bir qurumdur. Bizdə həm cəmiyyət, həm də jurnalistlər Mətbuat Şurasından daha çox şey tələb edir. Mən deməzdim ki, Mətbuat Şurasının yaradılması mətbuatın gerilənməsinə səbəb oldu. Birmənalı şəkildə demək olar ki, Azərbaycan mətbuatının zəifliyi onun iqtisadi gücsüzlüyü ilə bağlıdır. Azərbaycanda reklam bazarı çox məhduddur, ölkənin ümumi iqtisadi inkşafı ilə adevkat deyil. Bu gün Azərbaycanın gülünc bir reklam büdcəsi var. Qəzet satışı məsələsində çox ciddi problemlər mövcuddur. İndi qəzetlərin qiyməti indiki Azərbaycan insanının alıcılıq qabiliyətilə müqayisədə çox bahadır. Hələ üstəgəl qəzetlərin ünvana çatdırılması, yayımı işində olan problemlər. Azərbaycanın demək olar ki, heç bir kəndində qəzet köşkü yoxdur, əksər rayonlarda da qəzet köşkləri demək olar ki, rentabelli işləyə bilmir. Qəzet sənayesi, qəzet bazarı iqtisadi amillərdən asılı olaraq belə bir vəziyətə düşüb. Hər halda Mətbuat Şurası bu vəziyyətdən çıxmaq üçün çalışır. Bir neçə il Mətbuat Şurası mətbuatın iqtisadi vəziyyətinin yaxşılaşdırması üçün yollar aradı, hökumətə təkliflər verdi və təkliflər nəticəsində Prezident iki il əvvəl mətbuata dövlət qayğısı barədə konsepsiyanı imzaladı. Keçən il isə KİV-ə Dövlət Dəstəyi Fondu yaradıldı.

- Rəşad müəlim, siz cəmiyyətin, ayrı-ayrı jurnalistlərin Mətbuat Şurasının fəaliyyəti barədə necə düşündüyünü dediniz. Bəs, Mətbuat Şürasının özü özü barədə düşünür?

- Mətbuat Şurası son iki ildə əsas fəaliyyətini “reket” mətbuata qarşı mübarizyə sərf edir. Bölgə mətbuatının inkişafı ilə bağlı müəyyən addımlar atılıb. Mən hesab edirəm ki, Mətbuat Şurasının fəaliyyətini qənaətbəxş saymaq olar.

- Mətbuat Şurası yaranandan sonra Azərbaycanda jurnalist həmrəyliyi yox oldu. Necə baxırsız bu məsələyə?

- Mən elə fikirləşmirəm, bu, dəqiq muşahidə deyil, Mətbuat Şurası yaranmamışdan qabaq qutbləşmə daha dərin idi, iqtidar və müxalifət mətbuatı daha radikal mövqe tuturdu. Fəaliyyət göstərdiyi dövrdə Mətbuat Şurası qara piarı dayandırmağa cəhd eləyən bir sıra addımlar atıb. Ona gərə də bu, yanlış, bir az da qərəzli yozumdur.

- Bayaq KİV-ə Dövlət Dəstəyi Fondunun adını çəkdiniz. Bu fond tərəfindən xərclənilən pullar nəticəsində mətbuatımız bir santimetr də olsun qabağa gedə bilibmi?

- Konkret olaraq, “525-ci qəzet” fondun maliyyə dəstəyi ilə bir layihə həyata keçirib. O layihə şəxsən mənim özümə zövq verib. Gənclərin ilk dəfə teatra, kinoya aparılması, onların yazılarının dərc etdirilməsi və sairə... Mən hesab edirəm ki, o layihədən gənclər də xeyir görüb, biz də, qəzetimiz də. Hər halda, hesab edirəm ki, jurnalistikamızın, qəzetlərin inkşafına kömək edəcək layihələr var. Amma şübhəsiz, indi ola bilsin, təzə strukturdur, kimlərsə narazı qala bilər, amma bu da təbiidir. Mən yenə deyirəm, 2-3 milyon vəsaitlə mətbuatda gözə görünən dərəcədə inkişaf mümkün deyil. Bu baxımdan da yəqin, gələcək illərdə bu vəsaitlərin həcminin daha çox olmasına diqqət yönələcək. Gərək bu vəsait heç olmasa 5-10 dəfə artırılsın ki, bir təsir də hiss olunsun.

- Jurnalistlər arasında belə bir fikir də var ki, əgər kimsə bir dəfə layihə alırsa, ikinci layihəyə qədər çalışmalıdır ki, özünü yaxşı aparsın ki, KİV-ə Dövlət Dəstəyi Fondu onun layihəsini dəstəkləsin...

- Mən bilmirəm «Özünü yaxşı aparsın» fikrinin arxasında nə durur. Mənim fikrimcə, bizim jurnalistlərimizin də, redaksiyalarımızın da o dərəcədə layihə işləmək təcrübəsi yoxdur. Bu həm də texniki məsələlərdə, sənədləşdirmə məsələsində özünü göstərir. Bu baxımdan, layihələrə ciddi yanaşmaq lazımdır. Bizim ola bilsin ki, bir çox qəzet redaksiyaları layihələri sadəcə, pulu alıb xərcləmək kimi başa düşürlər. Hər halda yaxşı işləyənlər diqqətdən kənarda qalmazlar.

- Mətbuat Şurası ilə KİV-ə Dövlət Dəstəyi Fondunun fəaliyyətinə təsadüfən toxunmadıq. Deyilənə görə, bu iki qurum mətbuatın inkşafına xidmət edir. Milli Mətbuat tariximizin 135 ili tamam olur, 136-cı ilə keçirik, necə proqnozlaşdırırsınız gələcək jurnalistikanı?

- Hər halda 135-ci il tamam olur, böyük tədbirlər keçiriləcək, Mətbuat Şurasının yeni ofisinin açılışı olacaq və mənim bildiyimə görə, 100 nəfərdən artıq jurnalist dövlət tərəfindən təltif ediləcək və digər qəzetlərə yardımlar olunacaq. Amma sonra necə olacaq, bu bir az sual doğurur, amma yenə də ümid sonda ölür, biz fikirləşirik ki, qarşıdan seçkilər gəlir, qəzetə maraq artmalıdır. Bu baxımdan, düşünürəm ki, yəqin ki, krizisdən çıxmaq yolunun başlanğıcı görünəcək.

- “525-ci qəzet”lə bağlı sual vermək istərdik. Oxucu kimi qəzetinizə yanaşmanız necədir?

- “525-ci qəzet” lap ilk saylarında həmişə gənclərin üzünə açıq olan qəzetlərdən biri olub. Biz həmişə çalışmışıq ki, yeni imzalar görünsun, gənclərin ilk yazıları “525-ci qəzet”də çıxsın və bütün fəaliyyət göstərdiyimiz  illərdə bu, belə olub. Eyni zamanda, biz yaşlı jurnalistlərimizə də hörmət, ehtiram və rəğbətlə yanaşırıq. Onlara da qəzetdə yer ayırmışıq. Mən hesab edirəm ki, “525-ci qəzet” həm nəsillər arasında körpü olub, həm də cəmiyyətdə bir ortaq mövqeyin tapılmasına səy göstərib. Amma ürəyimiz istəyən qəzeti şübhəsiz ki, heç bir dövrdə çıxara bilməmişik. Bəzən siyasi amillər də mane olub, amma daha çox iqtisadi amillər əngəl yaradıb. Məsələn, 10-15 il bundan əvvəl fikirləşərdik ki, 2010-cu ildə “525-ci qəzet” artıq böyük bir biznes strukturuna çevrilmiş, iqtisadi gücü olan, gundə 50-60 səhifə həcmində dərc edilən bir qəzet olacaq. Amma təssüf ki, iqtisadi çətinliklər elə vəziyyət yaradıb ki, bu gün hətta qəzetin səhifələrini azaltmaqla qənaət eləmək, maliyə sıxıntısından yaxa qurtarmaq istəyirik. Bu baxımdan gələcəyə doğru elə böyük layihələrimiz yoxdur ki, qəzetin hansısa inkişaf istiqamətindən danışam. Hər halda belə vəziyyəti qoruyub saxlamaq indinin özündə uğurdur.

- Sizcə, bu gün qəzetlərimizin arasında niyə rəqabət yoxdur?

- Ona görə ki, normal rəqabət mühiti, rəqabət şəraiti yoxdur. Nə qədər çalışırsan-çalış, nə qədər maraqlı qəzet buraxırsan-burax, bunun redaksiyanın iqtisadi vəziyyətinə, reklamın artmasına heç bir müsbət təsiri olmayacaq. Normal rəqabət mühiti olmadığına görə qəzetlər arasında rəqabət də yoxdur.

- Siz insanların istədiyini yazsaniz, satış məsələsi duzələr və iqtisadi məsələlər müəyyən qədər həll olunar, elə deyilmi?

-  Bir sıra amillər buna mane olur. Bir tərəfdən qəzetlərin qiyməti bahadır, qəzetlərin yayımında problemlər var, bir tərəfdən bizim oxucularımızı da günahlandırmalıyıq ki, insanlarımız az oxuyurlar, qəzetə, mütaliyəyə maraq azalıb. Bir çoxları adi güzəran dərdini çəkir və qəzet oxumaqla qətiyyən maraqlanmırlar. Bir tərəfdən də ümümiyyətlə, cəmiyyətdə yaxşı ilə pisin, oxuyanla oxumayanın, savadlı ilə savadsızın arasında fərq qoyulmur. Bir də görürsən, bir cümlə yaza bilməyən və yaxud bir kitab oxumayan adam qəfildən milyonçuya çevrildi, hər şeyi var, amma Azərbaycanın ən istedadlı jurnalistləri və yazıçıları maddi sıxıntı içərisində yaşayırlar. Bu zaman ədalət prinsipləri xeyli dərəcədə pozulur və stimul itir.

-  İnternet mediası yazılı mətbuatı sıradan çıxara bilərmi?

- Mən 12 il bundan qabaq bir qurup jurnalistlə Amerikaya getmişdim. Orada da bu məsələ müzakirə olunurdu. Mən buna həmişə bir balaca yumorla baxmışam, amma son bir ildə belə qənaətə gəlmişəm ki, belə bir təhlükə gələcəkdə ola bilər. İnternet getdikcə inkşaf edir və hər bir evə daxil olub. Getdikcə insanlar informasiyanı saytlarndan almağa başlayırlar. Ona görə də qəzetlərin kağız variantının gələcəkdə sıradan çıxması barədə təhlükə reallaşır. Amma bir tərəfdən də bir şey var ki, bu cür saytlar, onlayın qəzetlər çoxaldıqca eyni zamanda jurnalistikanın səviyyəsi, peşəkarlıq da getdikcə aşağı düşür. Bir də görürsən qabiliyyəti olmayan insanlar heç bir məsuliyyət hiss etmədən hansısa informasiyanı virtual məkana buraxır və peşəkarlıq baxımından xaotik bir vəziyyyət yaranır. Güman edirəm ki, yaxın onillikdə olmasa da, gələcəkdə internet cəmiyyətimizə nüfüz etdikcə qəzetlərin sıradan çıxmaq təhlükəsi artacaq.

- Peşəkarlıqdan söhbət düşmüşkən, siz Rəşad Məcid olaraq bu bayram ərəfəsində konkret hansı jurnalistlərimizin mükafat almasını istəyərdiniz. Mümkundursə ad çəkərdiniz?

- Mətbuat Şurasında bir dəfə belə bir söhbət oldu ki, monitorinq qurupu olsun, il ərzində daha yaxşı, daha kəsərli yazılar yazan jurnalistləri seçsinlər və onları  mükafatlandırsınlar. Belə jurnalistlər həm elektron KİV-də, internet mediasında, həm də qəzetlərdə var. Mən ad çəkmək istəmirəm, amma hər halda tanınan jurnalistlərimiz var və mükafat onların haqqıdır.

- Amma bayaq media kapitanlarını müdafiə etdiniz, bizdə məlumat var ki, o mükafatı bəzi kapitanlar özləri almaq istəyirlər...

- Hər halda bu mükafatlar veriləndə rəhbərlik də, qəzetlərə rəhbərlik edənlər də nəzərə alınmalıdır, sıravi, fəal jurnalistlər də. Tutaq ki, qəzetə 20 il rəhbərlik edən insanın hansısa mükafatı yoxdursa və buna iddia edirsə, buna təbi baxmaq lazımdır. Eyni zamanda, hər gün yazan və doğrudan da qəzeti informasiya ilə təmin edən jurnalistin də haqqı var. 

- Rəşad müəllim, o kapitanlar həm də özlərini çox klassik aparırlar, “biz yaratmışıq, kimsə gəlsə, xeyri yoxdur, biz klassikik”, necə baxırsız bu məsələyə?

- Azərbaycan müstəqillik qazanandan sonra tale elə gətirib ki, o dövrdə gənc olanlar, proseslərin içində olanlar bir sıra məqamlarda həqiqətən ilklərə imza atıblar. Tutaq ki, Mətbuat Şurasının ilk sədri, KİV-ə Dövlət Dəstəyi Fondunun ilk icraçı direktoru və yaxud Jurnalistlər Birliyinin ilk rəhbəri, bu kimi adlarla birincilər sırasına qoşulanlar olur. Amma sonrakı nəsildə belə yüksəliş az-az olur. Bu, taleyin işidir, bunu o dərəcədə də problemə çevirmək lazım deyil. Mənim fikrimcə, hər bir istedadlı, qabiliyyətli adam üçün özünü təsdiq eləməyə imkan var.

- Sizin gənc jurnalistlərə tövsiyəniz nədir, jurnalistikada prespektiv yoxdur, çıxıb getsinlər, yoxsa?

- Jurnalistika elə bir sahədir ki, içərində bir yazmaq yanğısı varsa, istəyin varsa, mütləq bu sahədə olacaqsan. Hətta maddi sıxıntılara baxmayaraq. Kim jurnalistikaya ancaq qazanc əldə eləmək, ancaq populyar olmaq üçün gəlirsə, onlar bir də düşünsünlər.

 

 

 

 

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir