Modern.az

Belə olmaz, cənab məmurlar! Babanız sizə “kor” deyibmi?

Belə olmaz, cənab məmurlar! Babanız sizə “kor” deyibmi?

7 Sentyabr 2014, 14:20


Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndindəki yas mərasimində baş verənlər Mixail Qorbaçov dövründə spirtli içkilərə qadağa qoyularkən bizimkilərin respublikanın rayonlarında on illərlə, min-bir zəhmət bahasına başa gətirilmiş yüzlərlə üzüm plantasiyasını tələm-tələsik məhv etmələrini xatırladır.

Yerlərdə bələdiyyə sədri və digər səlahiyyətli məmurlar hədlərini aşmamalı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yas mərasimləri ilə bağlı verdiyi tövsiyədən sui-istifadə etməməlidirlər. Tövsiyəni qanun kimi qəbul etmək düzgün deyil. Görünür, bunu Şəmkirdə və digər rayonlarımızda düzgün başa düşməyiblər, ya da başa düşmək istəmirlər, bu səbəbdən də “babam mənə kor deyib, gəlib-geçəni vur deyib” prinsipi ilə hərəkət edirlər. Bir çox ölkə qanunlarına əməl etməyən yalançı “qanunpərəstlər”, bilin və başa düşün:  ölkədə heç bir rəsmi orqan tərəfindən yas mərasimləri ilə bağlı hər hansı bir qanun qəbul edilməyib. Sadəcə olaraq tövsiyə xarakterli qərar qəbul edilib. Söhbət bu cür məclislərin təmtəraqlı keçirilməsindən, özü də bədbəxt kasıb zümrədən yox, varlı, pula pul deməyən milyonçulardan gedir. Gedin onların təmtəraqlı məclislərini dağıdın, kasıblarla nə işiniz var? Onsuz da kasıb-kusubun yas məclisləri də kasıb olur, süfrəyə qoymağa elə də çox şey tapmırlar. Bir də ki, məclisə uzaqlardan – qonşu kəndlərdən, Bakıdan, Şəkidən... gələnlər də olur. Yas düşmüş kəndin camaatını demirəm, uzaqlardan gələnlərə bir tikə çörək verilməməlidirmi? Onlar məclisdən çıxıb, aclıqlarını “öldürmək” üçün yeməkxana, restoran axtarmalıdırlarmı? Bəsdir yuxarılara operativliyinizi, “işgüzarlığınızı” göstərmək üçün “bukvoyedlik“ etdiyiniz!..

Tövsiyə olunub və kim stol üstünə çay (isti havalarda – adi sular), qənd, xurma, halva qoyarsa, lap yaxşı. Ancaq uzaqlardan gələn dost-tanışı, qohum-əqrəbanı ac yola salmaq da olmaz axı. Bir də ki, bu ehsandır, bir-iki ac-yalavaca pendir-çörək, bir-iki tikə ət və ya dolma veriləcəksə, bu, israfçılıqdırmı? Siz məclisə plov, müxtəlif cür subtropik mer-meyvə, portağal, mandarin, bahalı şokoladlar və s. düzdürənlərin israfçılıq etməsinə yol verməyin. O da polisi cəlb etməklə, onun gücü ilə yox, tövsiyənizlə, ağıllı-məntiqli məsləhətinizlə. Yoxsa, məclis sahibi öz əzizi üçün imkanı daxilində sadə bir ehsan süfrəsi düzəldirsə, buna sizlərin qarışmağa nə haqqınız var?

Axı, varlılar, vəzifəlilər üçün bunu etməyəcəksiniz və edə də bilməyəcəksiniz. Çünki onlar imkanlıdırlar, vəzifə, səlahiyyət sahibidirlər və ehsanı da özlərinin 3-4 metr hündürlükdə hasara alınmış 1-2 hektarlıq həyətlərində verəcəklər və süfrəyə hər cür təam da düzəcəklər. 


Təkrar etmək istərdim: tövsiyə qanun deyil, kor-koranə əməl ediləcək bir tapşırıq da deyil. Odur ki, bütün bunları nəzərə alıb, əzizini itirmiş ailələrin dərd-sərinin üstünə daha bir dərd-sər gətirməyin. Yas məclisini dağıtmaq üçün ora polislərin cəlb edilməsi də yolverilməz olmaqla yanaşı həm də cinayətdir, adamların din-məişət azadlığının, hüquqlarının tapdalanması deməkdir.

Tövsiyə nəzərə alınmaqla adamlarımıza bu məsələdə sərbəstlik vermək lazımdır, zor-güc tətbiq etmək yox. İndi hər kəs tövsiyədən xəbərdardır və bu məsələ tədricən öz qaydasına düşəcək. Heç kəs ilk dəfə varlıların kimlərəsə “görk” olaraq, nümunə üçün açmağa başladıqları israfçı süfrələri davam etdirmək niyyətində deyil və “aşıb-daşan” məclislərə tədricən son qoyulacaqdır. Ancaq buna mədəni, sivil şəkildə, heç kəsin mənəviyyatına zərbə vurmadan, heysiyyətinə toxunmadan, dünyadan köçənin ruhunu narahat etmədən, sivil bir yolla etmək lazımdır, polisin gücü ilə yox.

Mollalara qarşı cərimə tətbiq edilməsi, məzlisdən kənarlaşdırılması da düzgün deyil. Buna da son qoymaq gərəkdir. Heç olmasa əzizlərini itirmiş adamların, özgə olmayan, dini bir, məzhəbi bir qardaşlarımızın, həmvətənlərimizin xatirinə. Elə etmək lazımdır ki, yas məclisinə qarmaqarışıqlıq, daha bir yas düşməsin, qanqaraçılıq, daha bir bədbəxtçilik baş verməsin! 

Rəhman Orxan,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir