Modern.az

Bakıda keçiriləcək bal yarmarkasının yeri və vaxtı açıqlandı

Bakıda keçiriləcək bal yarmarkasının yeri və vaxtı açıqlandı

10 Sentyabr 2014, 12:22

“Oktyabr ayının 1-dən 30-dək Bakıda  arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək”. Bunu Modern.az saytına Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Məlumatda qeyd edilib ki, "Arıçılıq haqqında"  qanuna uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi 2014-cü il oktyabr ayının 1-dən 30-dək Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanda (metronun "28 may" stansiyasının yaxınlığında, keçmiş "Ayaqqabı fabriki"nin binası) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası təşkil edəcək.

Qeyd edək ki,  sərgi-satış yarmarkasının açılışı həmin gün saat 12:00-da olacaq.

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabr ayının 10-dan 25-dək aşağıda göstərilmiş sənədlərlə birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.

Onlar  şəxsiyyət vəsiqəsi, Arıxananın baytarlıq pasportu (şəhadətnaməsi), rayon Baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə, yarmarkaya gətirilmiş arıçılıq məhsullarının zona Baytarlıq Laboratoriyasında müayinəsi haqqında ekspertiza sənədi təqdim etməlidirlər.

Nazirlikdən bildirilib ki, ancaq qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaqdır.
Həmçinin, sentyabr 29-da arıçılığa həsr edilmiş seminarın keçirilməsi nəzərdə tutulur və seminarın sonunda şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin püşkatması keçiriləcək.

Məltəm Talıbzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq