Modern.az

Dağlıq Qarabağ separatçılarının sponsorları - Xankəndində yeyilən milyonlar...

Dağlıq Qarabağ separatçılarının sponsorları - Xankəndində yeyilən milyonlar...

13 Sentyabr 2014, 09:36

Sentyabrın 2-də Azərbaycanın işğal olunmuş torpaqlarında ermənilərin yaratdığı qondarma “Dağlıq Qarabağ Respublikası”nın 23 illiyi qeyd olundu. Bu separatçı rejimin 23 il ərzində nail olduqlarına nəzər salıdqda, əslində heç bir nailiyyətin olmadığını görə bilərik. Məsələn, Ermənistan hər il Dağlıq Qarabağa “dövlətlərarası kredit” adı ilə 150-190 milyon dollar arasında dəyişən illik maliyyə yardıımı ayırır. Bu isə Qarabağ separatçılarının “dövlət büdcəsi”nin 50 faizə qədərini təşkil edir. Yəni Ermənistan öz satellitinin ayaqda dura bilməsi üçün hər il öz büdcəsindən yardımlar ayırmalı olur. Dünyanın heç bir dövlətinin tanımadığı, iqtisadi perspektivləri sıfırın altında olan, ictimai-siyasi və mədəni-sosial həyatı hərbi xuntanın nəzarətində olan “Dağlıq Qarabağ”ın maliyyə asılılığı altında çabalaması da qanunauyğundur. Yerli ermənilər Ermənistandan yardım almaqla bərabər, Azərbaycanın işğal altındakı bölgələrində mis-molibden və qızl yataqlarını istismar etməklə də mövcudluqlarını saxlaya bilirlər. Təsadüfi deyil ki, Ağdərənin Drambon kəndi yaxınlığındakı mis yatağı uzun illər separatçıların əsas büdcə gəlirlərini formalaşdırırdı.

Amma Dağlıq Qarabağın maliyyələşdirilməsində 3-cü və ən önəmli kanallardan biri erməni diasporudur. Söhbət sadə diaspor ermənilərtindən deyil, yaşadığı ölkədə böyük kapital toplayan ermənilərdən gedir. Məhz onların illik çoxmilyonlu yardımları “Dağlıq Qarabağ Respublikası”nın mövcudluğuna yardımçı olur. Modern.az saytı “Dağlıq Qarabağ separatçılarının sponsorları” adlı 2 hissəli yazını təqdim edir.


Artur Varjapetyan və Armen Şahəzizyan
Rusiyanın “Ludinq” şirkətinin həmtəsisçiləri. Qarabağın sosial-iqtisadi kollaps burulğanında batmaması üçün bölgəyə sponsorluq edən erməni biznesmenlərdir.  Onlar hər il Dağlıq Qarabağa müxtəlif təyinatlı yardımlar edirlər. Məsələn, separtçı qurumun 23 illiyi münasibətilə Artur Varjapetyan xüsusi hədiyyə ilə gəlib. O, Rusiyadan  aldığı 17 maşını – 5 “UAZ Hunter”, 5 “Chevrolet Niva” və 7 tibb “UAZ”ını yerli sakinlərə hədiyyə edib. Ümumiyyətlə, 2008-ci ildən bəri erməni biznesmen qarabağlı separatçılara 20 xarici maşın hədiyyə edib.


Artur Varjapetyanın həmkarı Armen Şahəzizyan da separatçıların aktiv sponsorlarından sayılır. O, 2011-ci ildə Şuşa şəhərinin su sisteminin qurulması üçün 300 min dollar vəsait ayırıb. Yenə onun ayırdığı ianələr hesabına 2012-ci il sentyabrın 24-də Xankəndidə qocalar üçün internat evi tikilib istifadəyə verilib.


Eduardo Ernekyan
2013-cü ilin məlumatına görə 1,8 milyard dollar sərvətlə Argentinanın 2-ci ən zəngin adamıdır. Eduardo Ernekyan da Dağlıq Qarabağa sponsorluq edən diaspor ermənilərdindən biri sayılır. Onun 2011-ci ildə Dağlıq Qarabağa 11 milyon dollar dəyərində mülki təyyarə ayırması, yaxud 1-4-cü sininf şagirdlərinin kompüterlərlə təmin olunmasını nümunə göstərmək olar.


Albert Boyacyan
Dağlıq Qarabağa aktiv yarım edən digər diaspor nümayəndəsidir. Suriyada doğulan, ABŞ-da sahibkarlıqla məşğul olan Boyacyan 1996-cı ildə Gorus-Xankəndi avtomobil magistralının tikintisi üçün 1 milyon dollar vəsait ayırıb. Bundan başqa, o, hər il Ermənistan və Dağlıq Qarabağla bağlı fondlara 500 min – 1 milyon dollar arasında maliyyə vəsaiti köçürür.


Nikolay və Sergey Sarkisov qardaşları
Rusiyanın sığorta bazarında ən böyük şirkətlərdən olan “Rosqosstrax”ın sahibləridir. “Forbes” jurnalının məlumatına görə, qardaşlar ayrı-ayrılıqda 1,35 milyard dollar sərvətə malikdirlər. Onlar Dağlıq Qarabağın Xocavənd istiqamətindəki Zardanaşen mis-molibden yatağına külli miqdarda vəsait yatırıblar. Bundan başqa, onlar Xankəndidəki 2 məktəbin tikintisinə ümumilikdə 5 milyon dollar vəsait ayırıblar. Hazırda separatçı bölgədə heyvandarlıq kompleksinin tikintisinə də Sarkisov qardaşlarının 1 milyon dollara yaxın vəsait ayırdıqları bildirilir.

Qeyd etmək lazmdır ki, sadalananlar Dağlıq Qarabağa ayrılan vəsaitlərin cüzi hissəsidir. Bu, bir daha sübut edir ki,  “Dağlıq Qarabağ Respublikası” əslində Ermənistan və diaspor ermənilərinin ayırdıqları pullar, ianələr hesabına ömrü uzadılan süni bir qurumdur.

Ardı var

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı