"Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra)".
Modern.az-ın mlumatına görə, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamda bildirlib.
Prezidentin digər sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsi əbədiləşdiriləcək. Bu sərəncamla Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etməlidir. Biləsuvar Rayon İcra Hakimiyyəti isə Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etməlidir.
Mübariz İbrahimov 2006-cı ildə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Ötən il daxili qoşun hissələrində xidmətini başa vurduqdan sonra o, gizir kimi orduda hərbi xidmətini davam etdirirdi. O, iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olub. Şəhidin meyiti hələ də düşmənin əlindədir və ermənilər onu verməkdən imtina edirlər.
Modern.az