Olimpiya oyunlarında avarçəkmə yarışları üzrə gümüş və bürünc medal qazanmış ukraynalı İnna Osipenko-Radomskaya bundan sonra Azərbaycanı təmsil edəcək. Modern.az saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, idmançı xanım bunun səbəbini Ukrayna Avarçəkmə Federasiyasının ona maliyyə ayırmaması ilə izah edib:
“Yanvarın 1-dən biz ərzağa görə bir qəpik belə, pul almamışıq. Bütün məşqlər və toplanışları öz hesabımıza keçirmişik. Mən idmançı, ərim isə məşqçidir. Əgər ərim bizmesmen olsaydı və məni maliyyələşdirsəydi, məsələni heç qaldırmazdım”.
Rusiya, Azərbaycan və Slovakiyadan təkliflər alan İnna Osipenko-Radomskaya 2016-cı il Rio-de-Janeyro Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcəyini bildirib:
“Ukraynanı sevirəm, amma vəziyyət həyatımı dəyişməyə vadar edib. “Rio-2016” yarışlarında çıxış etmək istəyirəm. Orada Azərbaycanı təmsil edəcəyəm. Rusiyaya gəldikdə, mən ukraynalı vətənpərvərəm və bu ölkəni təmsil etmək ağlımdan belə, keçməyib. Onların təklifindən imtina etdim”.
Vüqar İsmayılov