Modern.az

Hansı deputatlar Qarabağla bağlı məsələdə fəaldırlar? - Parlament jurnalistləri ilə SORĞU

Hansı deputatlar Qarabağla bağlı məsələdə fəaldırlar? - Parlament jurnalistləri ilə SORĞU

Parlament

17 Sentyabr 2014, 11:50


Ermənilər 20 ildən artıqdır Azərbaycan torpaqlarını işğal edib. İşğaldan bu qədər müddət keçməsinə baxmayaraq,  Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi etməsi hələ də mümkün olmayıb.

1994-cü ildə işğalçı dövlətlə atəşkəsə dair Bişkek protokolunun imzalanmasından sonra problemin sülh yolu ilə həlli məqsədilə saysız-hesabsız müzakirələr aparılıb, amma işğalçı tərəf geri çəkilmək istəmir. ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi, digər beynəlxalq təşkilatların Qarabağ  məsələsində laqeyd mövqe sərgiləməsi də münaqişənin sülh yolu ilə həllində irəliləyişə gətirib çıxarmır.

Milli Məclisdə təmsil olunan bir çox deputatlar dəfələrlə AŞPA-nın, ATƏT-in tribunasından  azərbaycanlıların erməni vandalizminin qurbanı olduğunu,  ermənilərin Xocalı qətliamını törətməklə bəşəriyyətə ağır zərbə vurduqlarını və günahsız azərbaycanlıların  öz doğma yurd-yuvalarından zorla qovularaq qaçqın və köçkün vəziyyətə düşdüyünü vurğulayıblar.

Maraqlıdır, Milli Məclisdə təmsil olunan deputatlardan kimlər daha çox Dağlıq Qarabağ məsələsində aktivdir? Qarabağ regionunu Milli Məclisdə təmsil edən deputatlar haqq səslərini beynəlxalq ictimaiyyətə hansı formada çatdıra bilirlər? Modern.az saytı parlament jurnalistlərinin  mövzu ilə bağlı mövqelərini öyrənib.

“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy deputatların  Milli Məclisin iclaslarında Qarabağ məsələsinə azdiqqət ayırmalarından narazıdır. “Təbii ki, Qarabağ məsələsi təkcə bu regiondan olan deputatların, yaxud qarabağlıların problemi deyil. Nə qədər ki, Qarabağ azad olunmayıb hər bir azərbaycanlı həm də qarabağlı olaraq fəaliyyət göstərməlidir. Çünki vətənin böyük bir parçası tapdaq altındadırsa digər məsələlər ikinci dərəcəlidir. Ancaq Qarabağdan olan deputatlar o ağrı-acını daha yaxından duyduqları, yaşadıqları üçün onların bu məsələ ilə bağlı istənilən tribunadan söz demək haqqı daha çoxdur. Bu mənada deputatlardan daha çox fəallıq tələb olunur. Lakin hərdən biz onların bəzilərinin fəaliyyətsizliyini müşahidə edirik, hətta Azərbaycan daxilində, Milli Məclisin iclaslarında da onlar susurlar. Ötən sessiyada bu fəaliyyətsizliyə görə onlar öz həmkarlarının tənqidinə də məruz qalmışdılar. Əgər 2001-ci ilin fevralından Azərbaycan parlamentində Qarabağ məsələsi müzakirə olunmayıbsa, bu, normal hal deyil. Ermənistan ilhaq etdiyi Qarabağla bağlı az qala hər il parlament səviyyəsində dinləmələr keçirir. Bizim bir neçə deputat istisna olmaqla, əksər parlamentarlar Qarabağ müzakirələrinə ehtiyac görmürsə, bu, normal yanaşma deyil. Burada sözsüz ki, qarabağlı deputatların da məsuliyyəti var. Məsələn, Milli Məclisin daxili nizamnaməsinə uyğun olaraq deputatlar imza toplayıb yaz sessiyasının uzadılmasına nail olurlar, lakin Qarabağı müzakirə etmək üçün imza toplanılması, rəhbərlik qarşısında məsələ qaldırılması riskli sayılır? Başa düşürəm, sessiyanın vaxtı rəhbərliyin iradəsinə uyğun olaraq uzadılır. Ancaq 50-60 deputat parlament rəhbərliyinə Qarabağdan danışmağın, məsələni heç olmasa qapalı iclasda, güc strukturlarının iştirakı ilə müzakirə etməyin gərəkliyinə inandıra bilməzmi? Məncə, bu, çətin deyil”.

“Mediaforum” saytının parlament müxbiri İmdad Əlizadə Qarabağ məsələsində xüsusi canfəşanlıq göstərən deputatların adlarını çəkib: “Deputatlardan Rövşən Rzayev, Azay Quliyev, Fuad Muradov, Qənirə Paşayeva, Qüdrət Həsənquliyevin Qarabağla bağlı fəaliyyəti qənaətbəxşdir. Bu deputatlar Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edirlər və iclaslarda daim Qarabağ münaqişəsini gündəmə gətirirlər. Qarabağdan seçilən deputatların hamısının fəaliyyətinə  eyni qiymət vermək mümkün deyil. Onlardan bəziləri Dağlıq Qarabağ münaqişəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqda fəallıq edirlər. Təəssüf ki,  bunu hamısına şamil etmək mümkün deyil”.

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı da Qarabağ məsələsində aktivlik nümayiş etdirən deputatlardan danışıb: “Qarabağ bölgəsindən seçilən deputatlar Qarabağla bağlı əlahiddə təkliflər irəli sürməyiblər. Əslində, bu onunla bağlıdır ki, Qarabağ məsələsi bütün azərbaycanlıların problemidir. Bu, normal haldır. Amma Qarabağ bölgəsindən seçilən deputatların bu məsələ barədə mütəmadi danışmaması normal deyil. Qarabağla bağlı Bahar Muradovanın, Rövşən Rzayevin, Fuad Muradovun, Elman Məmmədovun, Zahid Orucun, Qənirə Paşayevanın, Azay Quliyevin, Məlahət İbrahimqızının, Musa Quliyevin təkliflər səsləndirdiklərinin şahidi olmuşam. Ümumilikdə, deputatların Qarabağla bağlı fəallığı qaneedicidir”.

“Üç nöqtə” qəzetinin parlament müxbiri Elməddin Muradlı Qarabağla bağlı Milli Məclisdə koalisiyanın yaradılmasını məqsədəuyğun hesab edir: “Qarabağdan olan deputatlar arasında xanımlar da var. Çox sevinirəm ki, bəzən elə Qarabağdan olan xanım deputatlar Qarabağ haqqında daha çox danışırlar. Məsələn,  Bahar Muradovanı misal çəkə bilərəm.  Zaman-zaman Flora Qasımova da bu barədə  açıqlamalar verir. Onun Xankəndi ilə bağlı  təklifləri mənim ürəyimcədir.  Aqil Abbas bir neçə dəfə  Ağdərə  rayonunun  bərpası ilə bağlı  təkliflər verib və bu da yaxşı haldır. Ümumilikdə,  çox istərdim ki, Qarabağdan, işğal olunmuş rayonlardan olan deputatlarımız  parlamentdə “Qarabağ koalisiyası” yaradaydılar”.

Gün.az saytının parlament müxbiri Kamil Həmidov bəzi deputatların Qarabağla bağlı fəallıqlarını daha da artırmasını məqsədəuyğun hesab edir. “Qarabağ məsələsi ilə bağlı deputatların əksəriyyətinin fəaliyyətini qənaətbəxş saymaq olar. Onlar bu məsələdə öz üzərlərinə düşən vəzifənin öhdəsindən gəlməyə səy göstərirlər, çalışırlar. Çalışırlar ki, nəsə etsinlər. Ancaq bu məsələdə məni daha çox Qənirə Paşayevanın, Zahid Orucun, Aydın Mirzəzadənin, Bahar Muradovanın, Rəbiyyət Aslanovanın, Azay Quliyevin, Fuad Muradovun, Rövşən Rzayevin, Rafael Hüseynovun, Eldar İbrahimovun, Qüdrət Həsənquliyevin, Fazil Mustafanın, Asim Mollazadənin, İqbal Ağazadənin, Sabir Rüstəmxanlının, Gövhər Baxşəliyevanın, Siyavuş Novruzovun, Əli Məsimlinin, Vahid Əhmədovun, Azərbaycanın AŞPA, ATƏT PA və NATO PA-dakı nümayəndə heyətlərinin əksər üzvlərinin fəaliyyəti daha çox qane edir. Bu məsələ demək olar ki, onların gündəmindən düşmür. Qarabağdan seçilən deputatlara gəldikdə, onların içərisində daha çox Aqil Abbasın, Tahir Rzayevin fəallığını önə çəkmək olar. Demək istəmirəm ki, Qarabağdan olan digər deputatlar Qarabağ məsələsinə laqeyd yanaşırlar. Bunu söyləmək insafsızlıq olardı. Amma hər halda, yaxşı olardı ki, onlar da bu məsələdə daha fəal olsunlar”.

“Trend” informasiya agentliyinin parlament müxbiri İlkin İzzət bu məsələdə təəssüf doğuracaq məqamların olduğunu söyləyib:  “Bahar Muradova, Qənirə Paşayeva, Aydın Mirzəzadənin işi haqqında nisbətən məlumatlı olduğumdan onları aktiv hesab edirəm.  Ümumiyyətlə, təəssüf ki, Qarabağ mövzusu yalnız müəyyən hallarda yada düşür. İstərdim ki, bu daim ən prioritet məsələ olsun. Digər deputatların haqqına girmək istəmirəm. Ola bilər ki, həmin bölgədən olan digər digər deputatlar da fəal iş görürlər, amma məlumatlı deyiləm”.

Namidə BİNGÖL 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!