Modern.az

Nazir Avropa Şurasında idmandakı korrupsiya hallarından danışacaq

Nazir Avropa Şurasında idmandakı korrupsiya hallarından danışacaq

17 Sentyabr 2014, 12:22

Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 17-də İsveçrənin Makolin şəhərində işə başlayan Avropa Şurasının idmana məsul nazirlərinin 13-cü Konfransına qatılmaq üçün bu ölkəyə rəsmi səfərə yola düşüb. Bu barədə Modern.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Konfrans Azərbaycanın 31 oktyabr tarixinədək davam edəcək Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə baş tutur. Bu səbəblə tədbirin açılış sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində Azad Rəhimov çıxış edəcək.

Nazir çıxışı zamanı ölkəmizin bir sıra beynəlxalq yarışlara ev sahibliyi etməsi zamanı və 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında tamaşaçı zorakılığının qarşısının alınması, idmanda korrupsiya hallarına son qoyulmasının daim diqqət mərkəzində olmasının önəmini və bu səpkili konfransların keçirilməsinin vacibliyini diqqətə çatdıracaq.

Nazir idmanın inkişafı istiqamətində Avropa Şurası ilə əlaqələrin genişlənməsinin əsas istiqamətlərdən biri olduğunu da qeyd edəcək. Konfrans zamanı “İdmanın idarə olunmasında korrupsiya”, “Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq”, “2015-ci il Dünya Antidopinq Kodeksinin həyata keçirilməsində hökumətlərin rolu”, “Tamaşaçı zorakılığına dair 1985-ci il Avropa Konvensiyasının icmalı” adlı qətnamələrin qəbulu gözlənilir. Tədbir çərçivəsində, həmçinin “İdman yarışlarının manipulyasiyasına diar Avropa Konvensiya”sı imzaya açıq elan ediləcəkdir.

Qeyd edək ki, konfrans zamanı Azad Rəhimovun Avropa Şurasının baş katibi Torbörn Yaqlandla təkbətək görüşü də nəzərdə tutulur. Görüş zamanı Avropa Şurası ilə Azərbaycan arasında gənclər və idman sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə qurumla birgə həyata keçirdiyi Gənclər siyasəti üzrə I Qlobal Forum və “Nifrət nitqinə Yox hərəkatı” və s. layihələr ətrafında müzakirələr olacaq. Eyni zamanda, görüş əsnasında Bakı 2015 Avropa Oyunlarının təqdimatı da gerçəkləşəcək.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir