Modern.az

Nazirlik arxayın edir: “Arı ailələrində yetərincə bal “bəslənir” - Arıçılar isə “bu il təmiz bal azdır” deyir

Nazirlik arxayın edir: “Arı ailələrində yetərincə bal “bəslənir” - Arıçılar isə “bu il təmiz bal azdır” deyir

İqtisadiyyat

17 Sentyabr 2014, 12:24

“Azərbaycanda 238 min 358 arı ailəsi var. Hər arı ailəsindən orta hesabla 10-15 kq bal alınır”. Bunu Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin  mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Bu il havaların həddindən artıq quraqlıq keçməsinin arıçılığa da müəyyən dərəcədə mənfi təsir göstərdiyini deyən M. Hacıyev bu il 1600 ton bal istehsalının gözlənildiyini bildirib.

“Hesablamalar göstərir ki, Azərbaycanda arı ailəsinin sayı 3-4 dəfə, onun məhsuldarlığını 2 dəfə artırmaq mümkündür. Son 5 ildə arı ailələrin sayı 74 min 367 ədəd artıb. Xüsusilə, Zaqatala, Şəmkir, Lerik, Astara, Quba, Qusar, Şamaxı, Şəki, İsmayıllı rayonlarında arıçılıq intensiv inkişaf edib. Lakin bu il quraqlıq arıçılığa müəyyən dərəcədə təsir göstərib”.

M. Hacıyev müasir texnologiyalardan istifadə nəticəsində arıçılıqda müşahidə olunan inkişafdan danışıb.
“Son illərdə  arıçılıqda müasir texnologiyaların tətbiqi ilə arıçılığın əsas istiqamətləri , yəni arı ailələrinin sayının artırılması, arıçılıqda maddi texniki bazanın təkmilləşdirilməsi, damazlıq və arı yetişdirilməsinin təşkili, köçəri arıçılığın inkişafı, xəstəliklərlə mübarizə, arıçılıq məhsullarının istehsalı, tədarükü, emalı, qablaşdırılması, marketinqi üzrə ciddi uğurlar qazanılıb və nəticədə arıçılıq kənd təsərrüfatının ən gəlirli və daha perspektivli bir sahəsinə çevrilib”.

Onun sözlərinə görə, arıçılıqda ən vacib mənbələrdən biri də mövcud 31 damazlıq təsərrüfatında işin düzgün təşkil edilməsidir. “Arıçılar müəyyən cəmiyyətlərdə toplaşıblar. “Azərbaycan Arıçılar İttifaqı”, “Arıçılar Cəmiyyəti”, “Qızıl pətək cəmiyyəti”, “Çiçək Arıçılar” birlikləri fəaliyyət göstərir. Arıçılıqla məşğul olan şəxslər bu birliklər ətrafında sıx birləşib. Müəyyən ortaq problemlərin həlli istiqamətində fikir mübadiləsi aparırlar.  Qabaqcıl texnologiyanı təcrübəni tətbiq etmək baxımından müəyyən dəyirmi masalar keçirilir. Bu baxımdan Mingəçevirdə yerləşən Arıçılıq Birliyini misal göstərmək olar. Birlik  ətrafında 40 arıçını birləşdirib.

Nazirlik rəsmisi vurğulayıb ki, bu il ənənəvi bal yarmarkasında 400-dən artıq arıçının iştirakı gözlənilir. “Sentyabrın 10-dan anbara bal məhsulunun verilməsinə başlanılıb. Bu proses ayın 25-nə qədər davam edəcək. Yarmarkaya ancaq anbara təhvil verilmiş bal çıxarılacaq.  Çünki anbara daxil olan bal müalicə olunur və sonra onlardan problar nümunələr götürülərək laboratoriyasında yoxlanılır”.

Müşahidələrimiz isə göstərir ki, arıçılığın ən çox inkişaf etdiyi Göygöl, İsmayıllı, Lerik, Zaqatala, Quba, Şamaxı kimi bölgələrdə təmiz balın istehsalında azalma var. Arıçıların özləri deyirlər ki, əvvəlki dövrlərlə müqayisədə hazırda bu bölgələrdə balın istehsalı aşağı düşüb. Onlar bildirir ki, arıçılıq təsərrüfatında geriləmə var. Və nəticədə bəzən insanlara təmiz bal əvəzinə, süni bal satılır.

Xatırladaq ki, oktyabrın 1-dən 30-dək Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası təşkil ediləcək.

Məltəm Talıbzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi