Modern.az

“Əsrin müqaviləsi”nin 20 yaşı tamam oldu

“Əsrin müqaviləsi”nin 20 yaşı tamam oldu

20 Sentyabr 2014, 09:37


Bu gün “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında sazişin imzalanmasının 20-ci ildönümü tamam olur.

Məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirib.

Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb.

“Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Bununla da müstəqil dövlətimizin neft strategiyası və doktrinası uğurla həyata keçirilməyə başladı.

“Əsrin müqaviləsi”nin ilk günlərindən Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu, dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlərlə birlikdə hasil olunan neftin və qazın nəqlini və xarici bazarlara ixracını təmin edən çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Neft strategiyasının həyata keçirilməsinin ilk illərində əvvəlcə Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədi ilə Heydər Əliyev adına Bakı-Tiflis-Ceyhan əsas neft ixrac və Bakı-Tiflis-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək, istismara verildi. Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi və bu kəmərlərlə neftin və qazın nəqlinin ildən-ilə genişlənməsi neft strategiyasının mühüm qələbəsi idi.
 Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlverişli imkan yarandı, eyni zamanda ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi Azərbaycan, Gürcüstan, Türkiyə ilə Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verildi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır