Modern.az

“Əsrin müqaviləsi” hesabına çəkilən su kəməri - “Azərsu”: "Əgər bu layihə olmasaydı..."

“Əsrin müqaviləsi” hesabına çəkilən su kəməri - “Azərsu”: "Əgər bu layihə olmasaydı..."

İqtisadiyyat

20 Sentyabr 2014, 10:40


“Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının dinamik inkişafının bazası hesab olunur. Bu inkişaf ölkənin su təsərrüfatı sektorundan, o cümlədən əhalinin içməli su təchizatından və kanalizasiya sisteminin yaxşılaşdırılması layihələrindən də yan keçməyib.

“Azərbaycanın daxili infrastruktur layihələri çərçivəsində reallaşdırılan ən böyük layihə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi olub. Bu layihə tamamilə Dövlət Neft Fondundan maliyyələşdirilib. Layihənin reallaşmasının əhalinin içməli su təchizatına böyük təsiri olub”.
Bunu Modern.az-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, bu kəmərin çəkilişindən sonra Bakıda qrafiklə su alan böyük ərazilər artıq 24 saatlıq rejimə keçiblər:
“Əgər bu layihə olmasaydı, bu gün Yasamal rayonunun 80 faizdən çox hissəsi fasiləsiz su ala bilməyəcəkdi”.

A.Cəbrayıllı bu kəmərin çəkilməsi hesabına artan imkanlarından da danışıb:

“Kəmərin çəkilməsi və suyun artması imkan verdi ki, Kür çayından götürdüyümüz suyun bir hissəsini rayonların su təchizatına yönəldək. Bu gün Bakıda kifayət qədər su ehtiyatı yaranıb və Kürdən Bakıya ötürülən xəttin birini cənub istiqamətinə yönəltmişik. Bu gün Şirvan şəhərinin bir hissəsi, Biləsuvar şəhəri tamamilə, Hacıqabul şəhəri bütünlüklə Kür su təmizləyici qurğularından Bakıya ötürülən su ilə qidalanır”.

“Azərsu” rəsmisinin sözlərinə görə, əlavə su ehtiyatlarının yaranması yeni layihələrin gerçəkləşməsinə də imkan verir.

“Hazırda layihənin tikintisi davam edir. Bakı şəhərində su təchizatının aparılması üçün nəzərdə tutulmuş Kür-Su təmizləyici kompleksindən artıq Saatlı və Sabirabad istiqamətində yeni magistral su xətti tikilir və su xəttinin inşası yekunlaşmaq ərəfəsindədir. Tikilən su xətti Sabirabad və Saatlı, həmçinin 40-a yaxın kəndinin həmin bu təmiz sudan istifadə edə bilməsinə kömək edəcək”.

A.Cəbrayıllı vurğulayıb ki, qazanılan digər böyük uğur isə  regionlara Kürdə təmizlənmiş suyun ötürülməsidir.

“Bu gün Bakıda və Abşeron yarımadasında və 38 rayon mərkəzində 350 layihələr həyata keçirilib və gələcəkdə bu layihələrin sayı artacaq. Bunların əksəriyyəti dövlət büdcəsi hesabına maliyyələşir. Azərbaycanda əsrin müqaviləsi və yeni neft strategiyası olmasa idi, yəqin ki bu layihələrin həyata  keçirilməsində çətinlik çəkərdik. Bu gün Azərbaycanda Neft Fondundan büdcəyə müəyyən qədər gəlir transfer olunur. Bu vəsaitlərin bir hissəsi elə su-kanalizasiya sisteminə yatırılır. Yayın quraq keçməsinə baxmayaraq bu il Bakını su ilə tam  təmin edə bildik”.

Məltəm Talıbzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?