Modern.az

“Əsrin müqaviləsi” səhiyyəmizi sağlamlaşdırıb

“Əsrin müqaviləsi” səhiyyəmizi sağlamlaşdırıb

İqtisadiyyat

20 Sentyabr 2014, 11:49


20 il bundan öncə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanda sosial yönümlü problemlərin də həlli üçün imkanlar yaradıb. Müqavilənin imzalanmasından sonra səhiyyə ilə də bağlı çox əhəmiyyətli qanunvericilik aktları, dövlət proqramları və digər mühüm sənədlər qəbul edilib.

Ötən illərdə səhiyyə sisteminin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyalarının tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilib. Səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 11 dəfədən çox artaraq hazırda təxminən 660 milyon manat təşkil edir.

Modern.az-ın məlumatına görə, son 10 il ərzində ümumilikdə 500-ə yaxın səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılıb ki, onların təxminən 70 faizi regionların payına düşür.

Bunların arasında Milli Onkologiya Mərkəzi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, Respublika Perinatal Mərkəzi, Akademik M.Cavadzadə adına Respublika Uroloji Xəstəxanası, Azərbaycan Tibb Universitetinin klinikaları, Kliniki Tibbi Mərkəz, Respublika Klinik Uşaq Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası və digər iri obyektlər də var.

Təkcə 2012-ci il ərzində 76 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb. Bunlardan 40-ı Bakı şəhərində, 36-ı isə regionlarda yerləşən səhiyyə müəssisəsidir. 24 tibb müəssisəsində (13-Bakı, 11-rayon) təmir işləri başa çatdırılıb və onlar istifadəyə verilib.

Yeni tibb müəssisələrinin tikintisi ilə bərabər onların şəbəkəsində və strukturunda da geniş islahatlar aparılıb.

Maliyyə vəsaitinin səmərəli istifadə edilməsi məqsədilə tam gücü ilə işləməyən, özünü doğrultmayan, binaları yararsız vəziyyətdə olan, əhaliyə tibbi yardımın göstərilməsində elə bir rolu olmayan tibb müəssisələrinin bir hissəsinin ixtisar edilməsi, çarpayı fondunun azaldılması və strukturunun optimallaşdırılması sahəsində islahatlar əsasən başa çatdırılıb.

Aparılan islahatlar nəticəsində respublika üzrə çarpayı fondu orta hesabla 50 faiz və ya 30 600 çarpayı ixtisar edilib (67400-dən 36200-dək) və 300-ə yaxın (40 faiz) stasionar müəssisə bağlanıb.

Tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, struktur islahatları ilə bərabər onların ərzaq, dərman preparatları, sarğı materialları və tibb ləvazimatları ilə davamlı təchizatı istiqamətində də köklü dəyişikliklər edilib.

Belə ki, 2005-ci ildən başlayaraq Səhiyyə Nazirliyinin müvafiq əmri ilə stasionar müəssisələrin, eləcə də ambulator xəstələrin dərman preparatları ilə təmin olunması üzrə zəmanətli paket hazırlanaraq təsdiq olunmuşdur. Sonrakı illərdə bu paketə daxil olan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısı genişləndirilərək, 60-dan 166-ya çatdırılıb.

Büdcə vəsaitlərinin daha səmərəli istifadə edilməsinə nəzarətin təmin edilməsi, eləcə də səhiyyə resurslarının kooperasiyası məqsədilə 2008-ci ildən Bakı şəhəri üzrə 17 mərkəzləşdirilmiş təchizat məntəqəsi yaradılıb ki, bunlar Bakının bütün xəstəxanaların dərman və ərzaqla təchizatını mərkəzləşdirilmiş qaydada həyata keçirirlər.

Aparılan tədbirlər, yəni tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibb avadanlığı, dərman, sarğı materialları və ərzaqla təminatının yaxşılaşdırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində xəstəxana çarpayılarının işinin səmərəsi artıb. Əgər 2003-ci ildə hər çarpayı il ərzində 82 gün işləyibsə, 2012-ci ildə bu rəqəm 244,3-ə bərabər olmuşdur. Beləliklə, bu illər ərzində çarpayıların məşğulluq göstəricisi təxminən 3 dəfə artıb.

Ambulator-poliklinika müəssisələrinə müraciətlər də 65 faiz çoxalıb.

Məlum olduğu kimi, əsaslı təmir və yenidənqurma işlərindən sonra Elmi Cərrahiyyə Mərkəzində 2011-ci ilin mart ayından açıq ürək əməliyyatlarının icrasına başlanılıb. Keçən dövr ərzində mərkəzdə böyüklər və uşaqlar üzərində 700-ə yaxın əməliyyat həyata keçirilib.

Fərəhləndirici haldır ki, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisədə böyrəkköçürmə əməliyyatlarına başlanılıb. Artıq 14 belə əməliyyat icra edilib.

Səhiyyənin inkişafında bu sahədə qəbul edilən dövlət proqramlarının xüsusi rolu olub.

2005-ci ildən başlayaraq səhiyyənin prioritet sahələri üzrə 11 proqram qəbul olunub və hazırda onların həyata keçirilməsi uğurla davam etdirilir. Ümumilikdə proqramların icrasına bu illər ərzində 387,7 milyon manat vəsait sərf olunub.

Proqramların əhatə etdiyi sahələr üzrə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlib, bu xəstəliklər üzrə müayinələrin həcmi artırılıb, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Nəticədə bu xidmət növlərinin keyfiyyətini xarakterizə edən göstəricilərdə nəzərəçarpacaq müsbət dinamikaya nail olunub.

Belə ki, şəkərli diabet proqramı çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanmış və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb.

Bununla əlaqədar olaraq şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artmış və 180 minə çatıb.

Görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib.

“Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” qəbul edildikdən sonra bədxassəli şişlərlə mübarizə işində nəzərəçarpacaq irəliləyiş əldə olunub.

Onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşıb. Milli Onkoloji Mərkəz ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilib. Bu mərkəzin yeni korpusunun tikintisi də başa çatdırılaraq istifadəyə verilib.

Dövlət Proqramının icrasına başlandıqdan sonra onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatında uzun illərdən bəri mövcud olan problem əsasən aradan qaldırılıb. Belə ki, 2006-2008-ci illərdə onkoloji xəstələr üçün müvafiq olaraq 14, 27, 37 adda kimya terapiyası dərmanları alınmışdısa, 2012-ci ildə bunların sayı 46-yə çatdırılıb.

Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşıb və bununla bərabər bu xəstəlikdən ölüm göstəricisi hər 100 min nəfərə 62,1-dən 59-a enib.

Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib.

Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla respublikada yeddi perinatal mərkəzin yaradılması, Respublika Uşaq Xəstəxanasının, Bakı şəhəri 2 və 3 nömrəli klinik uşaq xəstəxanalarının, Uşaq Nevroloji Xəstəxanasının əsaslı təmiri, bərpası və yeni avadanlıqlarla təchiz olunması, Uşaq Onkologiya və Uşaq Kardiocərrahiyyə mərkəzlərinin, Elmi-Tədqiqat Pediatriya İnstitutunun nəzdində Uşaq Konsultasiya Mərkəzinin, erkən yaşlı uşaqların cərrahiyyə şöbəsinin, uşaq hematologiya şöbəsinin yaradılması, bir çox rayonlarda yeni uşaq xəstəxanalarının tikilməsi və ya yenidən qurulması bu sahəyə göstərilən xüsusi qayğının nümunəsidir. Son bir neçə il ərzində Bakı şəhərində yerləşən bütün uşaq poliklinikaları əsaslı təmir edilərək müasir tibb avadanlığı ilə təmin olunub.

Respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.

Respublikada vərəmlə mübarizə sahəsində də əhəmiyyətli işlər görülür. Vərəmlə mübarizə üzrə dövlət proqramı və Milli Strategiya qəbul edilıb. Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə nazirlik tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib.

Səhiyyəmizin tərkib hissəsi olan özəl səhiyyə strukturlarının fəaliyyəti də nazirliyin diqqət mərkəzində olub.

Hazırda respublika üzrə 500-ə yaxın özəl tibb müəssisəsi və kabineti, eləcə də 900-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyi mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır.

Səhiyyə Nazirliyində özəl tibb müəssisələrinin rəhbərlərinin iştirakı ilə mütəmadi olaraq müşavirələr keçirilir və özəl fəaliyyətlə bağlı məsələlər geniş müzakirə edilir. Fəaliyyətini mövcud tələblərə uyğun qurmayan müəssisələrə qarşı əsaslı iradlar bildirilir və müvafiq tədbirlər görülür.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar