Modern.az

Təhsil Nazirliyi: Əksər layihələr “Əsrin müqaviləsi” sayəsində gerçək oldu

Təhsil Nazirliyi: Əksər layihələr “Əsrin müqaviləsi”  sayəsində gerçək oldu

20 Sentyabr 2014, 13:14



Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki,  son 10 il ərzində Azərbaycanda 2900 məktəb tikilib və təmir edilib. Bundan başqa, son 30 ildə ilk dəfə olaraq ilk peşə-ixtisas təhsili müəssisələrinə 11 təlim avtomobili, 30 adda 37 ədəd müasir kənd təsərrüfatı texnikası, əyani və texniki təlim vasitələri verilib.

Bu günədək Dövlət Proqramı çərçivəsində 2902 nəfər xaricdə təhsil almaq üçün göndərilib. Ötən il əvvəlki illərlə müqayisədə sayca ən çox tələbə - 787 nəfər xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almaq hüququ qazanıb.

“Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb.

Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda  – 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar artıq bütün məktəblərə çatdırılıb.

Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişikliklər edilib.

“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq regional kolleclərin yaradılmasına başlanılıb. Prezident İlham Əliyevin “2014-2015-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olan tələbələrə prezident təqaüdünün verilməsi haqqında” sərəncamına uyğun olaraq 102 nəfər ən yüksək nəticə göstərən tələbəyə prezident təqaüdü verilib.

Bu ildən  ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayıb. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini yeni qruplarda davam etdirəcək.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” və buna müvafiq Təhsil Nazirliyinin əmrinə uyğun olaraq 2014-2015-ci tədris ilindən tələbələr kredit sistemi əsasında təhsil alacaqlar. Bununla bağlı bütün zəruri hazırlıq işləri aparılıb, 115 ixtisas üzrə kredit sisteminə əsaslanmış təhsil proqramları hazırlanaraq tətbiq edilib.

Bu tədris ilində təhsil müəssisələrində linqafon kabinetlərinin yaradılması və xüsusi avadanlıqlarla təchiz edilməsi, ilkin hərbi hazırlıq otaqlarının təmiri və müvafiq olaraq tam komplektləşdirilmiş hərbi avadanlıqlarla maddi-texniki bazanın gücləndirilməsi istiqamətində iş aparılacaq. Təhsil müəssisələrindəki laboratoriya və idman zallarının xüsusi avadanlıqlar ilə təchiz olunması, müasir trenajor inventarlarının quraşdırılması da müvafiq sahədə görüləcək işlərdəndir. Qeyd edək ki, bu tədris ilində bir çox məktəblərdə yanğından mühafizənin gücləndirilməsi, ilk peşə-ixtisas təhsili müəssisələrinin ixtisasa uyğun trenajorlarla təmin edilməsi də gözlənilir.

Bu ildən elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsinə başlanılacaq. Belə ki, “Labdisc” laboratoriya avadanlıqlarının milli tədris sistemində tətbiq edilməsi, Azərbaycan dilində açıq təlim resurslarının, təhsil müəssisələrində istifadə üçün müxtəlif fənlər üzrə elektron dərsliklərin yaradılması və “Bulud” sistemi üzərindən yayılması, habelə müxtəlif fənlər üçün elektron resursların hazırlanması da vacib məsələlərdəndir.

“Elektron məktəb” layihəsi çərçivəsində ümumilikdə 43 məktəb elektron jurnallardan istifadə edir. Cari ildə bunlardan 11-i kağız jurnal əvəzinə tam olaraq elektron jurnaldan istifadəyə keçəcək. Bununla da yalnız elektron jurnallardan istifadə edən məktəblərin sayı 31 olacaq.

Növbəti tədris ili üzrə həmçinin IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək çap ediləcək, ümumtəhsil məktəblərinin IX sinifləri üçün bir il əvvəlcədən dərsliklərin hazırlanması üzrə tender elan ediləcək. Həmin dərsliklər 2016-2017–ci dərs ilində tətbiq olunacaq.

"Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" sərəncama əsasən regional təhsil idarələri  gələn il yanvarın 1-dən fəaliyyətə başlayacaq.

Yeni tədris ilində Bakı və digər şəhər və rayonlarda yerləşən 20 təhsil müəssisəsinin fiber-optik rabitə kanalları ilə Azərbaycan Təhsil Şəbəkəsinə və internetə çıxışının təmin edilməsi nəzərdə tutulur. Rayonlarda yerləşən 200 təhsil müəssisəsinin ADSL rabitə kanalları ilə Azərbaycan Təhsil Şəbəkəsinə və internetə çıxışı təmin olunacaq.

Məltəm Talıbazdə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu