Modern.az

Akif Əli: “Mətbuatda satira və felyeton yazmaq istedad tələb edir”

Akif Əli: “Mətbuatda satira və felyeton yazmaq istedad tələb edir”

Müsahibə

5 Oktyabr 2009, 15:14

“CAVANLAR YENİLİK GƏTİRMƏK İSTƏYİRSƏ, ONLARA ŞƏRAİT YARATMAQ LAZIMDIR” Akif  Əli 1952-ci il fevralın 22-də Şuşada doğulub. Orta məktəbi Bakıda bitirib, M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun məzunudur. 1974-1978-ci illərdə bir neçə bədii filmə çəkilib. «Uzun müharibədə qısa görüşlər»də («Tacikfilm») Rüstəm, «Tütək səsi»ndə Tapdıq, «Arxadan vurulan zərbə»də Fazil müəllim , «Əgər biz bir yerdəyiksə...» bədii televiziya filmində Məmməd obrazlarını canlandırıb. 1978-1987-ci illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə, radionun «Satira və yumor» şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri işləyib. Bir sıra radio verilişlərin («Sabahınız xeyir», «Molla Nəsrəddin», «Gülüş axşamı»), Televiziyanın Gənclər üçün proqramlar baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışarkən isə müxtəlif teleproqramların («Zəriflik», «Aygün», «7 sual, 7 cavab» televiktorinası, «İdrak», «Tələbə dünyası», «Teleteatrda gənclər gecəsi», «Çay, çay, çay!», «Mənəvi dünyamız») yaradıcısı olub.1991-93-cü illərdə «Vətən səsi» qəzetinin baş redaktoru, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və mədəniyyətşünaslıq kafedrasının müdiri işləyib. 1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. - Akif müəllim necə hesab edirsiniz, özünüzü bütün bu sahələrdə göstərə bilmisiniz? - Mən həmişə çox mütaliə etmişəm. Elmi-nəzəri bazam olub. Potensialım nə qədərdisə, o qədər də özümü çalışdığım sahələrdə göstərə bilmişəm. Təkcə mətbuat xidmətinin rəhbəri potensialımın 25-30 faizidir. - Qazandığınız nailiyyətlərə görə kimə borclusunuz? - Mənim yaradıcılığımdakı bütün uğurlarda atamın təsiri böyük olub. Atam ixtisasca hüquqşünas idi. Mən 10 yaşımda olanda, atam mənə kitab hədiyyə edib demişdi ki, həyatda bundan qiymətli heç bir şey yoxdur. Atamın adı Əli idi. Onun adını əbədiləşdirmək üçün soyad kimi özümə götürdüm. - Mətbuat xidmətinin rəhbəri kimi hansı KİV-ləri izləyirsiz? - Çalışıram imkan daxilində əsas mətbuat orqanlarını izləyim. Gündə ən azı 20-30 qəzet oxuyuram. - Azərbaycanda çap mətbuatının bu günkü səviyyəsi sizi qane edirmi? - Media sahəsində səviyyəsi çox aşağı olan, “reketçiliyə” meyl göstərən qəzetlər var və bu təəssüf doğurur.  Əlbəttə, onlara qarşı mübarizə aparılır. Amma hələ ki fəaliyyətdə olanları az deyil. Bununla yanaşı, normal qəzetlər də var. İstərdim çap mətbuatının  səviyyəsi indikindən də yaxşı olsun. - Bəzi orta və yaşlı nəslin nümayəndələri ötən günlərin nostaljisi ilə yaşayırlar. Siz necə, olubmu ki, sovet dövrünün mətbuatı üçün darıxasınız? - Qətiyyən yox. Mənim ötən günlərim mənim qazancımdır. O günləri mən çox şərəflə yaşamışam. Gələcək keçmişdən hər mənada yaxşıdır. - Sovet dövrünün mətbuatı ilə müstəqillik dövrünün mətbuatı arasındakı əsas fərqlər nə ilə bağlıdır? - İndi demokratik, azad mətbuat var. Sovet mətbuatında azadlıq adında bir şey yox idi. Materiallar saxta, qurama  sovet ideologiyasının diktələri altında yazılırdı. Bu səbəbən də mən daha çox satira yazırdım. Radio və jurnalda çalışanda da bu xətti tutmuşdum. - Müasir Azərbaycan mətbuatı və ədəbiyyatı satira və felyeton sarıdan korluq çəkir. Səbəbi nədir? - Satira və felyeton yazmaq istedad tələb edir. Bu ən çətin janrlardan biridir. Hər adam onu yaza bilməz. - Sizcə Azərbaycanda mətbuat xidməti institutu tam formalaşıbmı? - Mətbuat xidməti postsovet məkanında yeni institutdu. Bu da demokratiyanın göstəricisi deməkdi. 10-15 ildir yaranmasına baxmayaraq, dövlət mənafeyini qorumaq baxımından mətbuat xidmətləri qəzetlərdən daha yaxşı işləyir. - Jurnalistlərin mətbuat xidmətləri ilə əlaqə qurmaq sahəsindəki problemləri inkar olunmazdır... - Mənim fikrimcə, jurnalistlər mətbuat xidmətləti ilə qarşılıqlı hörmət, diqqət, mədəniyyət səviyyəsində əlaqə qursalar daha yaxşıdır. - Mətbuat xidmətinin rəhbəri kimi indiyədək KİV-lə aranızda hansısa anlaşılmazlıq yaranıb? - Heç vaxt problemim olmayıb. - Siz həm də ədəbiyyat adamısınız. Azərbaycan ədəbiyyatının bugünkü vəziyyəti barədə nə deyə bilərsiniz? - Yeni əsərlər meydana çıxır. Ancaq ədəbiyyata maraq çox azdır. Buna səbəb televiziyaların ictimaiyyətin şüuruna mənfi təsir göstərməsidir. - Yaşlı nəsillə gənc nəsil arasındakı münaqişəni necə qiymətləndirirsiz? Doğrdanmı ədəbiyyatda “atalarla oğullar” üz-üzə gəlir? - Burada söhbət yaş söhbəti deyil, əqidə məsələsidir. Yaşlılar əgər köhnəni saxlayırsa, mən onlarla razı deyiləm. Mübahisə sovet dövründə yazmağa başlayan qocaman yazıçılarla, onlar Yazıçılar Birliyində otururlar, istedadı olan gənclər arasında gedir. Gənclər onları bəyənmir. Bu qarşıdurma 2004-cü ildə pik nöqtəsinə çatdı. Mən də o vaxt cavanların tərəfini tutdum. Baxmayaraq ki, bu cavan yazarlar da hələ şedevr yaratmayıblar. Onların tərəfində durmağıma səbəb yaşlı nəslin sonradan yetişənləri bəyənməmələri olub. Qocalar deyirlər “bizdən başqa yazar yoxdur və olmayacaq da”.  Onların sözlərindən belə çıxır ki, Azərbaycan xalqı inkişaf etmir, etməyəcək də. Bu həm də o deməkdir ki, xalqın içindən yazıçı çıxmayacaq.  Təbii ki, absurd fikirdir. Imkan verin, bu gənclərin də müstəqillik dövründə ədəbiyyata yolu açılsın. Cavanlar yenilik gətirmək istəyirsə, onlara şərait yaratmaq lazımdır. - Yeni ədəbiyyatın Azərbaycan Yazıçılar Birliyindən kənarda yarandığı ilə bağlı iddiaları bölüşürsünüzmü? - Yazıçılar Birliyini mən gərəksiz qurum hesab edirəm. Bu təşkilatı 1934-cü ildə Stalin yaradıb. Birlik də onun mövqeyini əks etdirirdi. Yazıçılar Birliyi kimlərinsə yubileyini həm 50-60 yaşında, həm də 100 yaşında qeyd edir. Bunun mahiyyətinə varan yoxdur. Vaxtilə mən də bu birliyin üzvü idim. Onun mövqeyini bəyənmədib qurumu tərk etdim. - Siz həm də tərcüməçilik fəaliyyəti ilə məşğul olursunuz. Yazmaq çətindir, yoxsa tərcümə etmək? - Yazmaq çətindir. Mən tərcümədə problem görmürəm. - Azərbaycanda ədəbi tərcümənin bugünkü vəziyyəti barədə fikirləriniz necədir? - Maraqlı tərcümələr var. Deyərdim ki, ədəbi tərcümə orijinal əsərdən daha yaxşıdır. - Sonuncu dəfə hansı əsəri tərcümə etmisiniz? - “Kəpənək mövsümü” əsərini. Çox maraqlıdır. - Akif müəllim vaxtilə özünüzü həm də kino sahəsində sınamısız? Əgər bu gün rejissorlardan təklif alsanız, cavabınız necə olar?  - Yox. Çünki bu, mənimçün artıq keçilmiş etapdır. - Yaradıcılığa vaxt ayıra bilirsiniz? - Son vaxtlar çox yazıram, amma az çapa verirəm. Çünki ədəbiyyatın mühiti sağlam deyil. Ədəbiyyata maraq azalıb. Ancaq çap olunan əsərlərim də var. “Öncə vətəndir”, “Böyük ömrün anları”, “İdrak” və s. - Dövlət qulluğu ilə elmi-yaradıcı fəaliyyəti paralel aparmaq çətin deyil ki?  - Çətin deyil. Dövlət qulluğunda yeganə icazə verilən sahə elə elmi-pedaqoji işlə məşğul ola bilməkdir.

Günay MUSAYEVA

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!