Modern.az

“Qərb sivilzasiyası”nın üç bəlası: millətçilik, dini irqçilik, maddiçilk

“Qərb sivilzasiyası”nın üç bəlası: millətçilik, dini irqçilik, maddiçilk

27 Sentyabr 2014, 23:36

Hazırda dünya çapında əsasən, belə bir müddəa mövcuddur ki, ən yüksək sivilizasiya Avropa mədəniyyəti, Qərb sivilizasiyasıdır. Qərb sivilizasiyasının yaranması və inkişafının başlıca amilləri kimi: 1) demokratiya-liberalizm (ideologiya); 2) sənayeləşmə-texnologiya göstərilir. Məncə də, Qərb sivilizasiyasının əsil mahiyyəti bu iki amildə gizlənmişdir. Amma bu amillər heç də Qərb alimlərinin ötən 2-3 əsrdə qeyri-qərblilərin, özəlliklə türk-müsəlmanların şüurlarına yeridilən ideoloji şərhlər əsasında baş verməmişdir. həmişə Qərb bir şeyi etmiş, ancaq bizə onu başqa formada təqdim etmişdir. Bu da çox təbiidir.

Zənnimizcə, Qərbin bir şeyi özü üçün edib, qeyri-qərblilərə fərqli şəkildə təqdim etdiyi ideoloji əsərlərdən biri Avropa alimi Paul Hazardın “Qərb düşüncəsindəki böyük dəyişmə” kitabıdır. Məsələn, Hazardın fikrincə, 16-17-ci əsrlərdən başlayaraq Qərb düşüncəsində  baş verən böyük dəyişmələrə səbəb, ümumilikdə Avropa alimlərinin adət-ənənələrə qarşı çıxması, tarixi yenidən dəyərləndirməsi, fəlsəfəyə münasibətinin dəyişməsi, möcüzələrə etirazı, Xristian dininin tənqidi, mədəniyyətə yeni baxışı  və s. olmuşdur. Əslində  Hazardın bu kitabda nəzərdə tutduğu dəyişmə faktorları çox sadədir. Belə ki, Qərb alimləri bütün sahələrdə etiraz edir, dönüş yaradır və yeni bir mərhələyə daxil olurlar.

Ümumiyyətlə, Hazardın bu əsərindən belə nəticə çıxarmaq olar ki, əgər yenilik və dəyişmə istəyiriksə özümüzdən başlamalıyıq. Yəni bütün sahələrdə (din, adət-ənənə, tarix, mədəniyyət və s.) içimizdəki problemləri görməli, dəyərləndirməli və yeni ideyalar irəli sürməliyik. Bir sözlə, ayaq üstə qalmaq və inkişaf yolunda olmaq üçün zaman-zaman milli-dini adət-ənənələri, tarixi, fəlsəfəni, hətta dinin özünü belə yenidən dəyərləndirməliyik. Əgər bunu etmək əvəzinə başqalarını tənqidlə və təqlidlə məşğul olacağıqısa heş bir şey əldə edə bilməyəcəyik. Əslində özümüzü daha çox tənqid etməli, müəyyən mənada da özümüzü təqlid etməliyik.  Hazardın əsasən, anlatmaq istədikləri budur,  zahirən də çox doğru təsbitlərdir.

Deməli, burada düşündürücü məqamlar Avropanın keçdiy yol, inanclar və nəticələrlə bağlıdır. Hər halda məlumdur ki, əsasən 16-17-ci əsrlərdən sonra Qərbin-Avropanın aparıcı millətlərinin (ingilis, fransız və b.) aydınları tarixlərini dini düşüncədən, özəlliklə xristian dini tarixindən uzaqlaşdırıb milli fəlsəfi düşüncə, milli təfəkkür üzərindən dəyər­lən­dirməyə başlamışlar. Buna səbəb odur ki, 16-17-ci əsrlərə qədər Avropa da yaşayan xalqlar müstəqil millət olma səviyyəsinə gəlib çıxmamışdılar. Bir tərəfdən onların sayca azlığı, digər tərəfdən isə ayrıca bir toplum kimi özlərini dərk edə bilməmələri buna əngəl olmuşdu. Məsələn, Asiya və Şimali Afrikada 3-4 min il öncə böyük şəhərlər (Babil, Uruk və b.), şəhər dövlətlər, hətta imperatorluqlar (Şumer, Babil, Misir, Assuriya, Midiya və b.) olduğu halda, Avropada şəhər döv­lət­lərin (Afina, Sparta, Roma) və imperiyaların (Ellin, Roma və b.) tarixi çox gəncdir. Bu baxımdan orta əsrlərdə də Avropada müstəqil milli dövlətlər deyil, yalnız şəhər dövlətlər və həmin şəhər dövlətlərə tabe müstəmləkələr var idi. Bu şəhər dövlətlər də isə yunanlar, italiyanlar, ingilislər, almanlar, franklar, hollandlar və b. demək olar ki, qarışıq şəkildə yaşayırdılar. Bu isə onların özlərini ayrıca bir Avropa milləti kimi (ingilis, fransız, alman və b.) ortaya çıxmalarına imkan vermirdi.

Avropa xalqları ən yaxşı halda xristian dini ətrafında birləşir, özlərini bir millətin deyil, hansısa etnosun, hətta tayfanın üzvləri sayırdılar. Bu mənada onlar ayrı-ayrı millətə çevrilə bilmirdilər. Ayrı-ayrı millətlərə çevrilə bilmədikləri üçün də, şüurlu deyil, kor-koranə Qərb cəmiyyətini təşkil edirdilər. Ancaq Avropa xalqlarının müstəqil millətə çevrilməsi prosesi ilə müasir Qərb cəmiyyətinin, Avropa sivilizasiyasının əsası qoyuldu. Bu da o zaman baş verdi ki, bir tərəfdən Avropa əhalisinin sayı sürətlə artdı, digər tərəfdən etnoslar arasında fərqliliklər özəlliklə, dini məzhəblər çoxaldı. Deməli, Avropada şüurlu Qərb cəmiyyətinin yaranmasında ilk növbədə, əhalinin sayının artması fonunda dini ziddiyyətlərin kəskinləşməsi və etnik fərqlərin artması, bir sözlə dini irqçilik (protestantlıq, lüterançılıq, kalvinizm, pravoslavlıq) və millətçilik (fransız, alman, ingilis vəb.)  səbəb oldu. Əslində dini radikalizm-irqçilik millətçiliyin təkanverici qüvvəsi oldu. Qərb millətçiliyi isə öz növbəsində milli imperiyaların yaranmasına gətirib çıxartmışdır.

Bu mənada, bir çox Avropa aydınlarının yazması ki, Qərb sivilizasiyanın yaranmasına səbəb kapitalizm-sənayeləşmə-texnologiya və demokratiya-liberalizm səbəb oldu, bu yanlışdır. Məncə, bu məsələdə həqiqətə nisbətən yaxınlaşan ingilis alimi A.C.Toynbidir. Belə ki, Toynbi Qərb cəmiyyətinin yaranmasında millətçiliyin demokratiya-mədəniyyətdən öncə gəldiyini yazır: “Sənayeləşmə və millətçilik (industrializm və demokratiyadan daha çox) elə iki qüvvədir ki, faktiki olaraq Qərb cəmiyyətində hökmranlıq etmişlər (təqribən 1875-ci ilə qədər). Sənaye inqilabı və millətçiliyin indiki forması birgə faəliyyət göstərmiş, öz-özlüyündə sanki kosmosa çevrilmiş, hər biri universal əhatə dairəsinə malik olmaq iddiasında olan “böyük imperiyalar” yaratmışlar”. Məncə, sənayeləşmə Qərb millətçiliyinin, Qərb irqçiliyinin yayılma arealını sadəcə sürətləndirdi. Yəni  sənayeləşmə Qərb sivilizasiyasında əsas deyil, köməkçi rol oynadı. Qərb sivilizasiyasının yaranmasının əsasını millətçilik və dini irqçilik tutdu. Çünki Toynbiyə görə irqçilik də dini mənada Avropa da yaranmışdır.

Bu onu göstərir ki, sonralar sənayeləşmənin gətirdiyi maddiçilik Qərb millətçiliyini (milli) və Qərb irqçiliyini (dini) pərdələsə də, o, yenə də mövcuddur. Bu baxımdan Qərb sivilizasiyası dedikdə, indi nə qədər “Qərb sənayeləşməsi” və “Qərb demokratiyası” başa düşülsə də, o, əslində görüntüdür. Çünki Qərb sənayeləşmə və demokratiya məsələlərin­də başqalarından fərqli yol tutduğunu iddia etməsinə baxmayaraq, onun da kökündə millətçilk və dini irqçilik dayanır.

Bunu, «sivilizasiyaların toqquşması» konsepsiyasının müəllifi, başqa bir Qərb alimi S.P. Hantinqtonun fikirləri də sübut edir. Öncə bildirək ki, Hantinqton bir gün dünyada mədəniyyətlərin, sivilizasiyaların toqquşmasının qaçılmaz olacağından bəhs etmişdir. O, 1993-cü ildə Amerikanın «Forin affers» adlı xarici siyasət jurnalında dərc olunan məqaləsində yazırdı: «Yeni dünyada toqquşmaların ana səbəbinin nə ilkin olaraq ideologiya, nə də ilkin olaraq iqtisadiyyat olacağı mənim hipotezimdir. İnsanlığın əsaslı şəkildə bölünməsi və toqquşmaların əsas yaranma səbəbi mədəniyyət olacaqdır. Milli dövlətlər bundan sonra da, əsas etibarilə dünya siyasətinin güclü aktorları olaraq qalacaqdır, yəqin ki, qlobal siyasətin prinsipial toqquşması fərqli sivilizasiyaların millət və qruplarının arasında baş verəcəkdir. Qlobal siyasətdə sivilizasiyaların toqquşması hakim olacaqdır. Sivilizasiyalar arasındakı sərhəd cızığı gələcəyin müharibə xətti olacaqdır».

Doğrudan da, bu gün dünyada ən ciddi problem mədəniyyətlə bağlıdır. Bu gün mədəniyyətlərararsı dialoqdan bəhs olumasına səbəb də, əslində dialoqun olmaması, yaxud da görüntü xarakter daşımasıdır. Qərb alimləri nə yazırlar yazsınlar, məncə, mədəniyyətlər arasında uçurumun yaranmasında əsas günahkar “Qərb sivilizasiyası”dır. “Qərb sivilizasiyası”nın kökündə dayanan millətçilik və dini irqçilik, üstəlik buna əlavə olunan maddiçilik onun özünə qarşı yönəlmişdir. Ancaq bunu bildikləri halda, Qərb alimlərinin əksəriyyəti mədəniyətlərarası kəskinləşməyə səbəb kimi qeyri-qərbliləri, digər sivilizasiyaları (İslam, konfutsiçilik, yapon sivilizasiyası, hinduizm, ortodoks-slavyan sivilizasiyası və latın amerikanizm) göstərirlər. Avropalıların iddasınca, yalnız “Qərb sivilizasiyası” mədəni, demokratik, azad və sairdir. Məsələn Hantinqton hesab edir ki, Qərb sivilizasiyası mədəni, demokratik sivilizasiya olub yerdə qalanları dini xarakter daşıyır: “Qərb sivilizasiyası fərdiyyətçilik, liberalizm, konstitusiyaçılıq, insan haqları, bərabərlik, müstəqillik, hüququn üstünlüyü, demokratiya, sərbəst bazar, kilsə və dövlətin bir-birindən ayrı olması kimi qərbli düşüncələrə əsaslanır”. Bu mənada, Hatinqton da “Qərb irqçiliyi”ndən çıxış edərək dünyanı iki qütbə ayırır: “Bütün yüksək dəyərlərə Qərb sahibdir, digərlərinin söykəndikləri köklər isə əsasən ailə, qan, inancdır…”.

Amma bütün bu üstünlüklərə baxmayaraq Hantinqton belə nəticəyə gəlir ki, “sivilizasiyaların toqquşması” zamanı “Qərb sivilizasiyası” məhv olacaqdır. Bu nə anlama gəlir? Əgər “Qərb sivilizasiyası” bütün cəhətlərinə görə “dini sivilizasiya”lardan üstündürsə, nədən məhv olmalıdır? Bu o deməkdir ki, “Qərb sivilizasiyası” heç də göründüyü kimi deyil. Deməli, onun özündə kifayət qədər problemlər vardır. Özü də bu o qədər ciddi problemlərdir ki, artıq onu önləmək mümkün deyildir. Bu problemlərin başında da millətçilik, dini irqçilik və maddiçilik gəlir. Hər halda, digər sivilizasiyalarda belə problemlər zahirən qabarıq görsənsələr də, əslində “Qərb sivilizasiyası”nda olduğu kimi təhlükəli deyildir. Ona görə də, Qərb bacardıqca bu problemləri özündən uzaqlaşıdrıb digər sivilizasiyalara, özəlliklə İslam dünyasına ixrac etməyə çalışır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir