Bu gün “Açıq qapı” günü çərçivəsində mətbuat nümayəndələrinin yerli şirkət olan “Ulduz” şokolad fabrikinə səfəri təşkil olunub. Jurnalistlər səfər zamanı fabrikdə istehsalat prosesi ilə də tanış olublar.
“Azərbaycanda yerli məhsullar istehlakçılar tərəfindən inamsızlıqla qarşılanır. Ona görə də biz istehlakçıları inandırmalıyıq ki, yerli məhsul hamısından keyfiyyətlidir”.
Modern.az-n məlumatına görə, bu sözləri “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-nin “Ulduz” şokolad fabrikinin direktoru Vüsal Şərifov bu gün “Açıq qapı” günü çərçivəsində baş tutan tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın aqrar sahədə qazandığı uğurlar Rusiyada və digər MDB ölkələrində qəbul edilir: “Azərbaycan şokolad ölkəsi deyil, amma aqrar sahədə xeyli inkişaf etmiş potensiala malik ölkələrdəndir. Biz də çalışırıq ki, Azərbaycanın “Ulduz” şokolad markasını formalaşdıraq və yüksək texnologiya ilə istehsal olunan bir məhsulu ortaya qoyaq. Belçika ilə Azərbaycanın əhalisinin sayı təxminən eynidir. Amma onlar dünyanın hər yerinə şokolad istehsal edirlər. Biz də bunu bacara bilərik. Bizim də məqsədimiz buna nail olmaqdır”.
V.Şərifov qeyd edib ki, “Ulduz” fabrikinin əsas məqsədi yerli və xarici bazarlarda beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və geniş çeşidli məhsullar təqdim edərək öz nüfuzunu qorumaq və artırmaq, istehlakçıya tam təhlükəsiz, etibar etdiyi qidanı təqdim etməkdir: “Hazırda fabrikdə müxtəlif sahələrdə 600-ə yaxın işçi çalışmaqdadır. Yaxın illərdə fabrikdə yeni məhsulların istehsalı ilə istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur. İstehsal həcminin artması işçilərin də saylarının bir neçə dəfə artmasına şərait yaradacaq”.
Direktor onu da qeyd edib ki, fabrik inkişaf edərək ölkə hüdudlarından kənarda da daha çox tanınmağa və istehlakçı auditoriyasını genişləndirməyə nail olub: “Fabrikin ixrac potensialı daha da artırılaraq Rusiyanın Moskva, Sankt-Peterburq, Ufa, Mahaçqala, Kazan, Krasnodar, Rostov, Çelyabinsk, Yekaterinburq, Kalininqrad, Nijnı Novqorod, Nazran, Qroznı kimi iri şəhərlərinə, eyni zamanda Ukrayna, Belarus, Gürcüstan, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Monqolustan, İsrail, İraq, Fələstin, Yəmən, Əfqanıstan, BƏƏ və digər ölkələrə məhsul ixracına başlanılıb. Fabrikin müasir anbar infrastrukturuna malik olması onu öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirib. Bazar iqtisadiyyatının təşəkkül tapdığı bir dövrdə, müasir texnologiyaların istehsalata tətbiqi, eləcə də müştəri məmnuniyyəti “Ulduz”un əsas fəaliyyət hədəflərindəndir”.
V.Şərifovun sözlərinə görə, Azərbaycanın milli brendinə çevrilən “Ulduz” şokoladları hər bir ailənin, süfrələrimizin, xonçalarımızın bəzəyinə çevrilib.
Qeyd edək ki, 2009-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində “Prodekspo-2009” sərgisində iştirak edən 57 ölkənin 1850 şirkəti arasında “Ulduz” fabrikinin şokoladları yüksək qiymətləndirilərək innovasiya məhsulu müsabiqəsinin qızıl medalına layiq görülüb. Sərgi zamanı xarici ekspertlər, marketoloqlar və təchizatçılar “Ulduz” fabrikinin şokoladlarından razılıq edərək, yüksək qiymətləndiriblər.
Fabrikin əməkdaşları 2012-2014-cü illərdə bir sıra beynəlxalq sərgilərdə, konfranslarda da iştirak ediblər. Ötən dövr ərzində “Ulduz” şokolad fabriki Rusiya, Türkiyə, Almaniya, Hollandiya və BƏƏ-də keçirilən beynəlxalq sərgilərdə uğurla təmsil olunaraq, müxtəlif ölkələrin müvafiq qurumları ilə tərəfdaşlıq müqavilələri imzalayıb.
2014-cü il sentyabrın 15-18-də “Ulduz” şokolad və karamel fabriki daha iki beynəlxalq qida sərgisində iştirak edib. Bunlardan biri Moskvada keçirilən “World Food Moscow 2014” və Tehran şəhərində baş tutan “13th İran İnternational Confectionery Fair” sərgiləri idi. Burada “Ulduz” şokolad və karamel fabriki ölkəmizi keyfiyyətli və müxtəlif çeşidli məhsulları ilə təmsil ediblər.
Hər iki sərgi qida ticarəti sahəsində milli brendlərin yayılması və qarşılıqlı biznes əlaqələrinin qurulmasında mühüm rol oynayan əsas beynəlxalq sərgilərdəndir. 2013-cü ilin noyabrında fabrik daha bir uğura imza ataraq “Qida təhlükəsizlik platin” fərqlənmə nişanı ilə təltif edilib. Bu, Azad İstehlakçılar Birliyi tərəfindən təsis edilən Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi adlı keyfiyyət nişanıdır.








