Modern.az

Milli mətbuatın qlobal problemləri

Milli mətbuatın qlobal problemləri

28 İyul 2010, 10:19

Azərbaycanda söz və mətbuat azadlığı nəyə gətirib çıxarır?

 

Milli mətbuatımızın 135 illik yubileyinin qeyd olunduğu günlərdə mətbuatın inkişafı və əldə edilən uğurlar geniş müzakirə olundu. Lakin etiraf edilməlidir ki, bu sahədə bir sıra həllini gözləyən problemləri də var və onlar haqda da danışmalıyıq. Söhbət jurnalistlərin sosial problemlərindən, mətbuatın iqtisadi çətinliklərindən getmir. Söhbət o problemlərdən gedir ki, bu məsələrin həlli onların həllindən sonra mümkün olacaq.

 

Mətbuat azadlığının yaratdığı durum

 

Bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da söz və mətbuat azadlığı təmin olunub. Lakin Azərbaycanda yaradılmış söz və mətbuat azadlığından aşırı istifadə halları son vaxtlar getdikcə artır. Bu faktlar media qanunvericiliyi və ictimai qınaq kontekstindən nəzərdən keçirildikdə belə bir mənzərə ortaya çıxır- ifrat mətbuat azadlığı axarxiyaya və özbaşınalığa, insan hüquqlarının və qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib çıxarır. Bu hallar isə öz növbəsində cəmiyyətdə digər problemlərin əsasını qoyur. Onlar hansılardır? Gəlin nəzərdən keçirək.

Tam nəzarətsiz, cəzasızlıq şəraitində, mətbuat vasitəsinin dövlət orqanından icazə alınmadan fəaliyyətə başlaya bilməsi, istədiyini yazması kimi ultra-azadlıq mühitində yaşayan bir cəmiyyətdə və ölkədə aşağıdakılar baş verir:

1.Mətbuat vasitələrinin sayı ifrat dərəcədə artır, böyük bir jurnalist ordusunun ölkədə dolaşması ilə medianın və jurnalistlərin nüfuzu aşağı düşür.

2.Cəzasızlıq sindromu böhtan, təhqir, şantaj kimi halların çoxalmasına gətirib çıxarır ki, bu da cəmiyyətdə narazılıq yaradır.

3.Oxucu auditoriyasının parçalanması nəticəsində tirajlar aşağı düşür, gəlirlər azalır, peşəkar jurnalistlər bu sahədən uzaqlaşmağa və onların yerini diletantlar tutmağa başlayır.

4.Hətta təhlükəli siyasi, dini və digər təşkilatlar belə mətbu orqanlar təsis etməklə cəmiyyətdə zərərli ideyaları təbliğ edir, antimilli, anti-dövlət təbliğatı aparırlar.

5.Bir çox qəzetlər yaranmış münbit şəraitdən maksumum yararlanaraq reketçiliklə məşğul olmağa başlayır və jurnalistikanı gözdən salırlar.

 

Söz azadlığı nəyə deyilir?

 

Son vaxtlar müxalifət mətbuatında ölkədə söz azadlığının olmaması və jurnalistlərin həbs olunması ilə bağlı yazıların sayı artıb. Bu cür yazıların müəllifi dövləti, hakimiyyəti və xalqı təhqir edir və yazının sonunda da şikayətlənirlər ki, jurnalistlərə azad fikir səsləndirməyə imkan verilmir, mətbuata təzyiqlər var-filan. Mövzuya keçməmiş elə bəri başdan deyim ki, bu yazıların özü də ölkədə mətbuat və söz azadlığının olduğunu göstərir.

Sadəcə, bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda mətbuat azadlığını bəziləri özbaşınalıq, şantaj, hədə-qorxu və böhtan üsularından istifadə edib rüşvət almaq, xoşu gəlmədiyi şəxsin şərəf-ləyaqətinin tapdalamaq və ya insanları təhqir etmək azadlığı kimi qavrayırlar. Azad söz və mətbuat azadlığı ölkəmizdə olmasaydı, “media-reket”lər hökumətin yaratdığı azad şəraitdən istifadə edib əziyyətsiz-filansız qəfildən varlanmaq həvəsinə düşməzdilər.

Belələri cinayət əməllərinə görə ifşa edilərək həbs ediləndə, bütün dünyaya həşir çəkirlər ki, vay qoymayın, məni jurnalist olduğuma görə həbs ediblər. Görün durum, yəni mətbuat azadlığı nə yerə gəlib çatıb ki, cibində jurnalist vəsiqəsi olan adam ağır cinayət edəndə də, qəzetlər yazır ki, bəs filankəs jurnalist olduğuna görə buraxılmalıdır.

İri məbləğdə rüşvət aldığı yerdə yaxalanan jurnalistin həmkarları tərəfindən müdafiəsi isə lap təəccüblüdür. Deməli, həmin yazarlar da onun tayıdır və onun prinsipləri ilə işləyirlər.

Deyək ki, jurnalist öz imkanlarından istifadə edib qısa zamanda varlanmaq üçün kimdənsə rüşvət alır. Bəs vətəndaş və ya məmur? Onlar niyə belə quldur “jurnalist”ə rüşvət verməyə məcbur olmalıdır? Çünki verməsən, belə mətbuat quldurları gedib qəzetdə ağzına və ağlına gələn yalanları yazıb döşəyəcək sənin qabırğana və olacaqsan el içində xar. İndi 9 milyonluq ölkəni qapı-qapı düşüb hər vətəndaşa əlli iki min şahid, sübut fakt və dəlil göstərəsi deyilsən ki, bunun ağ yalan olduğunu isbatlayasan və özünü təmizə çıxarasan.

 

Reket “mətbuat”ın dilənçi “jurnalist”ləri

 

Məlum olduğu kimi, Azərbaycanda 4000-ə yaxın media vasitəsi qeydiyyatdan keçdiyi halda ortalıqda normal fəaliyyət göstərən və dövrü çap olunan maksimum 50 ciddi mətbuat vasitəsi var. Bəs qalanları nə işlə məşğuldur? Təbii ki, cinayətlə! Minlərlə qəzet-jurnal var ki, qeydiyyatdan keçirilib, ildə bir dəfə 4 səhifə həcmində bir neçə tirajla çap olunur, redaksiya otağı, avadanlığı belə yoxdur, amma bu qəzetin “işçilərinin” sayı “Nyu-York Times”-in əməkdaşlarından çoxdur.

Bu çoxsaylı “dilənçi” ordusu ölkənin bölgələrinə daraşıb, pul toplamağa çalışırlar. Bunun üçün müxtəlif üsullardan istifadə edirlər. Bu üsulları təxminən belə təsnifatlaşdırmaq olar:

1. Şantaj və ya hədə qorxu yolu ilə;

2. Yalvar-yapışla çaypulu və yolpulu istəməklə;

3. “Diplom” və “Fəxri Fərmanlar” verməklə;

4. Tərifli yazı hazırlamaq vədi ilə;

5. Özlərini dövlət orqanının əməkdaşı kimi təqdim etməklə.

Jurnalistikadan, mətbuatdan və ictimai-siyasi proseslərdən xəbəri olmayan adamlar indi olublar baş redaktor və sağa-sola vəsiqə paylamaqla məşğuldurlar. Adını yaza bilməyən gözəgəlimli qız uşaqlarının cibinə vəsiqə qoyub rayonlara dilənməyə göndərən bu “baş redaktorları” ciddi cəzalandırmaq lazımdır. Bu mətbuatın ən böyük problemidir. Qalan problemlər bundan sonra öz-özünə həll olunacaq.

Xoruz səsi eşitməmiş adlar qoyulan “qəzetlər” mətbuatın və jurnalistlərin adını batırmaqla, onlara cəmiyyətin nifrətini qazandırmaqla məşğul olmaqda davam edirlər. Ölkədə kimi dindirirsən deyir jurnalistəm. Adam artıq peşəsini təqdim etməyə də utanır. Yüz and-aman elə ki, vallah mən ciddi jurnalistika ilə məşğulam, mənim belə-belə alçaq əməllərlə işim yoxdur, kimdi sənə inanan?

 

Qəzetlərə inam niyə azalır?

 

Mətbuatın problemi təkcə səviyyəsiz və qeyri-peşəkar reket qəzetlərdən ibarət deyil. Əsas problemlərdən biri də adını müstəqil qoyaraq başqa dəyirmanlara su tökən qəzetlərdir ki, bunları xalqın dərdi-səri, güzaranı qətiyyən maraqlandırmır. Bunlar böyük maarifçilərin 135 il ərzində yaratdıqları “qəzetlər yalnız həqiqəti yazır” düşüncəsini və insanlarda formalaşmış analoji ənənəvi stereotipləri cəmi 13.5 il ərzində darmadağın ediblər.

İndi oxucu qəzetdə yazılanlara bir o qədər də inanmır, çünki başa düşür ki, hər qəzet öz məzhəbinə ağlına gələni yazır və öz məqsədinə çatmaq üçün ağa qara, qaraya ağ demək belə qəzetlər üçün problem deyil. Bu səbəbdən həmsöhbətinə “filan yerdə filan şey olub” deyəndə soruşur ki hardan bilirsən? Desən ki qəzetdə yazıblar, səni kinayəli baxışla tərs-tərs süzüb deyəcək ki, qəzetlərdə doğru heç-zad yazılmır.

Bax milli mətbuatı bu günə salanlar indi durub millilikdən dəm vururlar və deyirlər ki, hökümət bizi sıxışdırır. Yəni, qoymur ki, bala-bala rüşvətdən-zaddan alıb ötürək cibimizə və axşan restoranda bu pulla dünya nemətlərini həzm-rabedən keçirək. Adama deyərlər ki, ay vətəndaş, 9 milyon əhalisi olan ölkədə 4 minə yaxın kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib, kim necə istəyir qəzet-jurnal buraxır, kimin ağlına nə gəldi yazır, bəs bunlar mətbuat azadlığı deyil nədir?

Bəzi qəzetləri bircə dəfə nəzərdən keçirmək kifayətdir ki, onların qərəz və böhtan sindromundan əziyyət çəkdiklərinin başa düşəsən. Bu qəzetlərin səhifələrində yalnız hansısa problemin dəhşətli dərəcədə şişirdilməsi, dövlət məmurlarının və ya ictimai xadimlərin təhqir və tənqidi, kriminal xəbərlər yer alır.

Bu tip mətbuat vasitələrinin manşetləri bir qayda olaraq ancaq qan, ölüm, qırğın, ittiham, təhqir və söyüş dolu başlıqlardan ibarətdir. Oxucu bu murdarlıqdan bezib. Buna görə get-gedə belə qəzetlərin tirajı azalır. Oxucuların istədikləri qəzetləri almasına ki qadağa qoyulmayıb?

 

Azərbaycanda mətbuat azadlığı: varmı yoxmu?

 

Ölkə mətbuatını izləyəndə görməmək mümkün deyil ki, Azərbaycanda tam bir mətbuat azadlığı var. Əgər olmasaydı, bu qədər qərəzli jurnalist, bu qədər müxalifət qəzetləri, bu qədər təhqir, böhtan və şantaj xarakterli yazılar maneəsiz tirajlanmazdı.

Sadəcə, bəziləri istəyir ki, media sahəsində tam anarxiya yaransın və nəticədə rüşvətalma, təhqir və şantaja görə cəzasız qalsınlar. Belə bir analogiya dünyanın heç bir ölkəsində yoxdur. Örnək kimi gördüyünüz Avropa və Amerikada hər ay onlarla jurnalist qanunsuz əməlinə görə qanuni olaraq cəzalandırılır, onlarla jurnalist qətlə yetirilir, onlarla media qurumu haqda sərt cəza tədbirləri görülür. İnanmırsız açın baxın xarici mətbuatı və müqayisə edin- hansı ölkədə jurnalistlər təzyiqə məruz qalmırlar, Azərbaycanda yoxsa, dediyiniz ölkələrdə.

Bu gün sözügedən print-media vasitələri cəmiyyətin üzərinə fasiləsiz olaraq mənfi enerji yükləməklə məşğuldurlar. Cəmiyyət isə bu çürki üzərindən atmağa məcburdur.

Mətbuat nümayəndələri cəmiyyətdə gedən prosesləri dolğun və düzgün təqdim etməlidirlər. Şəxsi mövqedən, təhqiramiz ifadələrdən, təzyiqlərdən, yersiz iddialardan və şantajdan əl çəkilməlidir. Əslində, insanların öz hüquqlarını, şərəf və ləyaqətlərini qorumaları təbii sayılmalıdır. Ona görə də, belə hallarda məhkəmə qanuna əsaslanan cəzalanma qərarı verməyə bilməz.

Ümumiyyətlə, ölkə mətbuatını nəzərdən kçeirdikdə məlum olur ki, Azərbaycanda mətbuat azadlığı var, azad mətbuat isə yoxdur (bunlar fərqli anlayışlardır). Azad mətbuatın olması üçün azad insanlar lazımdır. Belə insanların bir araya gəldiyi zaman gerçək azad mətbuat ortaya çıxacaq.

Dünya şöhrətli jurnalist Pol Stenlinin medianın təyinatı haqda bir tərifi var- “Media cəmiyyətlə hadisələr arasında elə qoyulmuş güzgüdür ki, insanlar bu güzgüyə baxaraq bütün hadisələri olduğu kimi görür”. Azərbaycana məhz belə media lazımdır.

  

  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi