Modern.az

Ulu babalar, sehirli bulaq və “müfəssəl dəftər”…

Ulu babalar, sehirli bulaq və “müfəssəl dəftər”…

30 Sentyabr 2014, 21:45


CƏLALƏDDİN (QASIMOV)      
DGTYB GƏNƏŞinin üzvü,
 “San Yarlığı” Ödül komissiyasının başqan müavini

1988-ci il idi... günlərin bir günündə qohumum Zirəddin Usubov dedi ki, “Sabah bir yaxşı maşın götür, səni ulu babalarının yurduna aparacağam”. “Ora haradır?” deyə maraq etdikdə, “Ceyrançöldə, Kür qırağında sehrli bir bulaq var, Cəlal. Gecə yuxuma girib. O bulağı ziyarətə gedəcəyik” dedi.

Biz danışıb sabahısı gün görüşdük. “Niva”mız da hazır vəziyyətdə bizi gözləyirdi. Zirəddin ehtiyatlı tərpənib, özüylə yemək-içmək də götürmüşdü. Hə, onu da deyim ki, Zirəddin mənim ata nənəmin qardaşı Ələkbərin oğluydu. Yola düşdük, hardasa saat 12-də Kürün o biri tayına keçdik. Hava çox istiydi. Necə deyərlər, ilanlar mələyirdi, isti də bir tərəfdən nəfəsimizi kəsirdi. Buna baxmayaraq, körpüdən Qazax tərəfə dörd dəfə keçib qayıtmışdıq... di gəl, axtardığımız bulağı tapa bilmirdik ki, bilmirdik...

Yolumuzun üstündə bir ağaclıq vardı, onu özümüzə nişangah seçib, hər dəfə gedib-gələndə orda soluğumuzu dərib dincəlirdik. Beşinci dəfə ora oturanda artıq saat beş olardı. Mən çox yorulmuşdum amma o bulaq məni özünə çəkirdi. Zirəddin də bir yandan bulağın sehrindən danışırdı və mən daha çox həvəslənirdim:

-Cəlal, deyirlər, o bulağın suyuyla nə qədər qab-qaşıq yusalar da, qablar təmizlənməzmiş, yağlı qalarmış. Suyu qaynadıb isti su kimi istifadə eləyəndə belə, işə yaramırmış. Bir gün sənin ulu baban Qasım deyib ki, bu suda bir sehr var, görürsünüz qab-qaşığı belə, yumaq olmur. Daha onunla qab-qaşıq yumayın. Ancaq ağacları sulayın, heyvanlara istifadə eləyin. Baban bunları oğlanları – mənim atamın babası Namaza və o biri qardaşları Əhmədlə Kərimə deyib”.

Dediyinə görə Zirəddin də o bulağı uşaq vaxtı görübmüş. Hardasa 60 ildən çox vaxt keçib üstündən... Mən hövsələsizlik eləyib Zirəddindən soruşdum:

- Bəs biz necə tapaq o bulağı?

Zirəddin:

- Orda yeddi yataq, bir də, bir ev olub. Yataqların yeri kalafa kimi qalıb. Evin də yeri qalmalıdır. Bir də ki, bulaq çıxan yerdə ağac da var. – Diqqət etdizsə, burdan başqa bizim qabağımıza heç yerdə ağaclıq çıxmadı. Ağaclar Kürün qırağındadır. – Nə bilirik, bəlkə də buradadır?

O ətrafa göz gəzdirdi. Araya ani sükut çökdü. Birdən o xoş ovqatla dilləndi:

- Vallah, deyəsən tapmışam axı..! Bax budur yeddi yatağın yeri. Ora da evin yeridir.

Evin yerində bir dənə də daş yoxuydu. Amma yataqla evin yeri torpaqda çökək kimi qalmışdı.

- Bəs sehrli bulaq hanı? – Elə bunu demişdim ki, ikimiz də eyni anda arxaya döndük. – Tüklərimiz biz-biz oldu. Zirəddinin dediyi yerdə, bulağın yerindən neft fışqırırdı. Mən təəccübdən yerimdə donmuşdum:

- Zirəddin, bu bulaq doğrudan sehrliymiş.

Zirəddinin gözləri doldu:

- Deməli, o vaxt qabları yuyanda yağlı olmasının səbəbi buymuş. Suda neft varmış.

O elə ayaqüstəcə mənə babalarımın tarixindən danışmağa başladı. O ərazini göstərərək, dedi ki, bura bizim babaların ərazisi olub, Sovet hökuməti dövründə də, onlar buralarda heyvan­darlıqları ilə məşğul olublar.

Daha sonra Kürün Tovuz tərəfinə adladıq. O məni Tovuz çayının Kürə qarışan tərəfinə gətirib, dedi:

-Yaxşı bax, Cəlal, bu çayın sağ tərəfində Bozalqanlı kəndi olub. Sol tərəfində də köhnə Çilovdarlı kəndi.

O mənə Çilovdarlı kəndini göstərəndə, mən təəccübləndim. Zirəddin barmağını yüz il bundan öncənin qazma evlərinə tuşladı. Sonra da qədim Çilovdarlı qəbiristanlığını göstərdi:

- Mənim atamın babası Qasım hey onların adlarını çəkərdi. Atamın əmisi Əhməd, Kərim bu qəbiristanlıqda uyuyur. Sizin nəslə də Qaralar deyirlər, ulu babanın adı Qara olub. Onun oğlu da Qasım. Qasımın yeddi oğlu varmış. Yeddisi də Həcc ziyarətinə gedib. Yeddi qardasdan sən Hacı Paşanın yadıcasısan. Hacı Paşa, Hacı Məhərrəm, Hacı Bağır, Hacı Rza, Hacı Kərim, Hacı Yusifi, Hacı Sadiq. Onların yeddisi də bu qəbiristanlıqda yatır. Paşanın oğlu Qasımdır. Qasımın oğlu Namaz, Namazın oğlu Göycədir.

Göycənin oğlu Qəzənfər Qasımov isə mənim atamdır. Hər ilin yay məzuniyyətimi onunla birlikdə keçirirəm. O keçmişdən, tarixdən çox danişır, sovet hökuməti onların var-dövlətini, torpaqlarını əllərindən alıbmış... Atamın əmisi Paşa Azərbaycanda ilk oxumuşlardan biri idi –Qori Seminariyasını bitirmisdi. Sovet hökuməti qurulanda, o dövrdə Nazirlər Sovetinin sədri olan Həmid Sultanov Paşa kisiylə görüsür. Belə bir razılaşma olur ki, ya qaç İrana, Türkiyəyə  keç, ya da, mal-mülkünlə kolxoz quruculuğuna qatıl ki, biz səni qoruya bilək. – Onlar bir yerdə oxumuşdular. Beləliklə, Paşa Qasımov 15 qoyun sürüsünü aparıb, Tiflisdə, Soğanlıq deyilən kənddə satır, iki sürüsünü isə kolxoza bağışlayır. Babam Goycə kişini də, Çilovdarlı kəndinin kolxoz sədri qoydurmuşdu. Qalan var-dövlətini isə qohumlar arsında paylamışdı.

...Zirəddinin də ulu babası yeddi qardaşdan Yusifin kötükcəsiydi. Zirəddin bir çinar ağacına yönəldi:

- Bax o çinarı görürsənmi? - Oralar Göycə kişinin ərazisi olub. Mən Nizami kolxozunda işləyəndə bu ərazi “Göycə kişinin çinarı” adlanırdı. Həmin ili bizim Niyazi (Niyazi Zirəddin oğlu Usubov) kolxozun sədri işləyirdi...

Zirəddinin beş oğlu vardı, beşi də vəzifədəydi. Biri Baləkənin polis rəisiydi. O tarixini, keçmişini yaxşı bilirdi. O mənə dedi ki, “Topdağıdan” deyilən bu ərazi də sizin ulu babaların yurdu olub. Siz əslən bu torpaqdansınız. Sənin ata-babanın bir ərazisi də “Ermənistan”da, Şorca gölünün kənarında, Orcanikidze kolxozu olan yerdədir. Sovet hakimiyyəti qurulanda o ərazidə kolxoz qurdular, oranı da sizinkilərdən qopardılar.

Mənim yadıma Dürrü bulağı düşdü... Biz uşaq olanda atam hər il bizi o bulağın başına aparardı. Rəhmətlik Məleykə nənəm Dürrü bulağında, örük daşları olan yerdə qəbirləri gəzərdi. Atama ordakı qəbirləri bir-bir adıyla sadalayardı:

-Bax bu, sənin baban Namazın qəbridir. Bu da dayın Mikayılın...

Nənəm əliylə qəbirlərin üstünü təmizləyərdi və can hövlüylə deyərdi ki, “bu torpaqlar var ha, bunlar bizim olub, bala. Dədə-baba torpağımız olub. Bura Azərbaycan ərazisi, Azərbaycan torpağı olub... Heç bilmirəm, necə oldu, bu erməni dığaları torpağımızı yiyələndilər.!? Bura heç vaxt Ermənistanın olmayıb. Heç Ermənistan olmayıb!..

Mən sonralar tarixlə yaxından maraqlananda gördüm ki, Səfəvi dövlətinin süqutundan sonra bu ərazilər, bir müddət Osmanlı dövlətinin nəzarətinə keçibmiş. Osmanlı dövləti əhalidən vergilərin yığılması üçün o vaxt kəndbəkənd siyahıyaalma aparmışdı (siyahıda 1727 nəfərin adı keçir). “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”nin 246-247 səhifəsində mənim ulu babam Qasımın, başqa babalarımın adlarını tapdım. – Təsəvvür edin, əlinə bir kitab keçir... və sən düz 1727-ci illərə qiyabi səyahətə çıxır, babalarınla vərəq-vərəq, ruh-ruh görüşürsən...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi