Modern.az

Azərbaycan Rus İcması Kəlbəcər girovları ilə bağlı Putinə müraciət edib

Azərbaycan Rus İcması Kəlbəcər girovları ilə bağlı Putinə müraciət edib

1 Oktyabr 2014, 10:23

Azərbaycanın Rus İcması bu ilin iyul ayında Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərovla Şahbaz Quliyevin bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

Modern.az saytının əldə etdiyi məlumata görə icma Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun erməni girovluğundan azad olunması xahişi ilə Rusiya dövlət başçısı Vladimir Putinə məktub yollayıb. Dilqəm Əsgərovla yanaşı, Şahbaz Quliyevin də girovluqdan buraxılması müraciətdə öz əksini tapıb.

Azərbaycanın Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin Modern.az saytına məlumatı təsdiqləyib. Onun sözlərinə görə bu yaxınlarda Kəlbəcər girovlarının rəsmi Moskvanın təşəbbüsü ilə azad edilməsi üçün Azərbaycan Rus İcması Rusiya prezidentinə məktubla müraciət edib. Mixail Zabelin bildirib ki, hələlik müraciətə cavab verilməyib.

Deputat qeyd edib ki, yaxın zamanlarda müraciətə cavab verilməsi gözlənilir.

Qeyd edək ki, bu ilin iyul ayında Dilqəm Əsgərov, Şahbaz Quliyev Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Onlarla birlikdə Kəlbəcərə gedən Cəbrayıl sakini Həsən Həsənovu isə Ermənistan silahlıları öldürüb. Ermənistan tərəfinin yaydığı məlumata görə Həsən Həsənov Dağlıq Qarabağda basdırılıb. Hazırda onun Azərbaycana təhvil verilməsi istiqamətində işlər gedir.

Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində isə Dağlıq Qarabağdakı separatçı, quldur rejim qondarma maddələrlə cinayət işi açıb.

Onların işi Ermənistan Milli Təhlükəsizlik Nazirliyinə verilib.

Aqşin Kərimov


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir