Modern.az

El TV-nin rəhbəri: “Bölgələrdə insan resurslarının azlığından əziyyət çəkirik” - MÜSAHİBƏ

El TV-nin rəhbəri: “Bölgələrdə insan resurslarının azlığından əziyyət çəkirik” - MÜSAHİBƏ

Təhsil

1 Oktyabr 2014, 11:04

İqbal Məmmədəliyev: "Gərək auditoriya olsun ki,  marağını qazanmağa çalışasan”


Modern.az-
ın “Gözdəniraq media” rubrikasında müsahib  Yevlaxda fəaliyyət göstərən El televiziya kanalının baş direktoru İqbal Məmmədəliyevdir.

- El TV Mərkəzi Aran bölgəsinə yayımlanır. Televiziyanın əhatə dairəsinə Ağdaş, Ucar, Göyçay, Ağsu, Kürdəmir, İmişli, Zərdab, Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Beyləqan, Sabirabad rayonları, Şirvan, Mingəçevir və Yevlax şəhərləri daxildir. El TV sutkada 18 saat yayımlanan klassik üslubda proqram tərtibatı olan bir televiziyadır. Televiziyanın inzibati idarəetməsi şöbələr və onlara rəhbərlik edən baş direktor müavinləri ilə həyata keçirilir. 7 müavin və bir neçə məsul vəzifə daşıyan şəxslərdən ibarət şirkətin 100-ə yaxın əməkdaşı var. Kadr məsələləri və mühasibat, efir buraxılışı, informasiya məsələləri, texniki məsələlər, təsərrüfat məsələləri, təchizat və nəqliyyat üzrə müavinlər, baş operator, baş prodüser və baş redaktor televiziyanın əsas inzibati idarəetmə strukturunu təşkil edir.

- Proqram siyasətində hansı yöndə verilişlərə üstünlük verilir: xəbər-informasiya, maarifləndirici və ya əyləncə?

- El TV-nin proqram siyasəti hazırda Abşeron yarımadasında və peykdə yayımlanan, təsisçilərindən biri olduğumuz RegionTV-nin efirində də özünü əks etdirir. Belə ki mərkəzləşmiş, vahid proqram konsepsiyası ilə yayım aparırıq. Klassik, çoxşaxəli, janr müxtəlifliyi ilə seçilən verilişlərimiz əsasən ölkəmizin regionlarını tərənnüm edir. Proqramda həm informasiya, həm əyləncə, həm də maarifləndirici və idrak yönümlü verilişlərimiz var. Bu strategiya RTV, Kəpəz TV, Kanal S, CTV telekanallarına da şamil olunur. Çünki biz Cənubi Qafqazda Gürcüstandan sonra bu şəbəkəni yaradan ikinci KİV qurumuyuq.

- İnformasiya siyasətində üstünlük verdiyiniz dəyərlər hansılardır?

- Şəbəkə olaraq vahid informasiya siyasəti aparırıq. Əsas meyarlar xalqımızın ümumbəşəri dəyərlərinə, Konstitusiyanın müvafiq bəndlərinə, Azərbaycan Respublikasının Qanunlarına və eləcə də Milli Televiziya və Radio Şurasının qərar və tövsiyələrinə hörmət və ehtiramla yanaşaraq dürüst, qərəzsiz informasiya yayımlayırıq.

- Bölgə televiziyası yarandan gündən bu vaxta qədər hansı problemlər sizi izləyib?

- Əgər inkişaf varsa deməli,  problem də olacaq. Bircə onu deyim ki 5 il bundan əvvəlki problemlər demək olar ki yoxdur. Biz, öz əhatə dairəmizdə vətəndaş cəmiyyətini inkişaf etdirə bilmişik. Məmur-KİV münasibətlərini yüksək səviyyəyə çatdırmışıq ki bununla da qanun çərçivəsində (məxfilik və dövlət sirrinin qorunması daxil) istənilən məlumatı əldə edə və ötürə bilirik.

Vaxt var idi ictimai və sosial mövzuda verilişlər hazırlayarkən, sorğular keçirərkən tamaşaçı fikrini öyrənmək belə müşkül iş olurdu. Amma vətəndaşlarla etibarı qazandıqdan sonra bu da öz həllini tapdı.

- Bəs bu gün hansı problemlərlə üz üzəsiniz?

- Bölgələrdə insan resurslarının az olmasından əziyyət çəkirik. Bakıya kiçik bağlantısı olan (qohumluq, təhsil, biznes) qaçır paytaxta. Bu həm kadr potensialının artırılmasına, həm də ümumi fəaliyyətə təsir edir. Bölgələrdə nə qədər iş yerləri açılsa da bu demoqrafik duruma az təsir edir. İndiki gənclərin əksəriyyəti az işləyib çox qazanmaq mifi ilə yaşayır. Doğma yurdlarında, ata-baba elinə dönən təhsilli gənclərimiz olsa da bu demoqrafik balansı qorumur. Ataların bir misalı var: “Müharibələrdən yorulub gəlmiş əsgərlərlə xariqələr yaratmazlar.” Belə gənc KİV qurumlarında həm kadr kimi istedadlı gənclərə ehtiyac var, həm də yaxşı tamaşaçı kimi gənclərə tələbat var. Yaşı 50-ni ötən vətəndaşlar bu gün televizoru açanda hər hansı bir verilişə baxırsa da o yalnız öz düşüncə və şüuruna uyğununu seçib yalnız lokal səviyyədə xoş və yaxud xoş olmayan təəssüratlarını paylaşırlar. Çox istərdik ki dünyanı bir smartfona sığışdırıb cibinə qoyan 25-40 yaşlı genefond  daşıyıcıları bizim aktiv tamaşaçımız olsun. Çünki onların müzakirələri, fikir mübadilələri qlobal səviyyədə öz əksini tapır. Sosial şəbəkələr, açıq və ya qapalı forumlar çağdaş gəncliyin ən çox vaxt sərf etdiyi virtual aləmdir. Təkcə Gənclər Mərkəzləri, ali təhsil ocaqlarının tələbə gənclər təşkilatları ilə iş bitmir.

- Regionda auditoriyanın marağını hansı üsularla qazana bilirsiniz?

- Gərək auditoriya olsun ki,  marağını qazanmağa çalışasan... 90-cı illərdə Bakıda teatrların tənəzzül dövründə Rus Dram Teatrı çox ağıllı addım atmışdı. Teatr dünya klassiklərinin əsərlərini oynayan truppası uşaq tamaşalarında səhnəyə çıxdı. Şəhərin rusdilli əhalisi bunu olduqca rəğbətlə qarşılayaraq məmnunluqla teatrın tamaşalarına öz körpələrini aparmağa başladılar. Və beləliklə o biri teatrların yaşadığı tamaşaçı qıtlığını Rus Dram Teatrı yaşamadı. Bu gün teatrın tamaşaçıları o illərdə uşaq olmuş şəxslər və eləcə də onların uşaqlarıdır.

Biz də öz tamaşaçımızı özümüz yetişdirməyə çalışırıq. Əvvəlki təcrübələrin uğurlu nəticələrindən bəhrələnirik. Tamaşaçıları motivasiya yolu ilə də cəlb etməyə çalışırıq. 5-10 il bundan əvvəl demək olardı ki televizor qəbuledicisi hər evdə qoyulmuş, obrazlı desək bir “bombadır”. Zaman dəyişir, dünya inkişaf edir. Bu günə bu ifadəni şamil etmək yanlışlıqdır. Android, OS platformalı planşet və telefonların proqram yükləmə bazasında (pley market) televiziya və radio yayımı əlavələri (əplikeyşn), eləcə də sosial şəbəkə, informasiya portallarının mobil proqram əlavələri var. Axşam saatında evdə oturub ailəliklə televizora baxmaq ənənəsini yaşlı nəslin nümayəndələri yaşadırlar. Və beləliklə də televiziya tamaşaçısı “qocalır”. Görəsən onlar da haqq dünyasına qovuşandan sonra bizi kim seyr edəcək? Bütün bunlara rəğmən gələcəyə yenə də ümidlə baxıram. Əvvəldə sadaladıqlarımın yarısı proqnoz xarakteri daşıyır. Qalan yarısını da həll etməyə kifayət qədər gücümüz var.

- Regiona daxil olan başqa rayon və şəhərlərdə ayrı bürolarınız fəaliyyət göstərirmi? 

- El TV Qarabağ bölgəsinə ən yaxın olan televiziya kanalıdır. İlk gündən də Qarabağ büromuzu yaratmışıq. Əvvəllər telekanalı tanıtmaq üçün Ağcabədi və Bərdə şəhərlərində ofis də açmışdıq. Amma indi buna ehtiyac yoxdur. Əlaqələr qurulub, koordinasiya yüksək səviyyədədir. Operativliyi təmin etmək üçün qlobal şəbəkənin və yüksək texnologiyanın əlimiz çatan imkanlarından istifadə edirik. Daha doğrusu müxtəlif bölgələrdə yerləşən region telekanalları şəbəkəsini qurandan sonra xüsusi müxbir postlarına o qədər də ehtiyac duyulmur. Amma Qarabağ yaralı yerimiz olduğuna və bitməmiş müharibənin televiziya üçün prioritet çəkisi olduğundan Qarabağ büromuzu birmənalı şəkildə saxlayacağıq.

- Televiziya kanalına gənc kadrları cəlb etmək sizin üçün nə dərəcədə çətindir?

- Kollektivin demək olar ki 70%-ini gənclər təşkil edir. Əvvəldə sadaladığım kimi bu çətin olsa da öhdəsindən gəlməyə çalışırıq. 2009-cu ildə gənclərin arasından seçimlər edib onları işə cəlb etdik. Müxtəlif regional telekanallara, Bakıda keçirilən təlim kurslarına göndərib kadr hazırlıqlarına başladıq. Bu proses 2 il davam etdi. El TV öz bölgəsində kifayət qədər tanınana qədər biz insan resurslarımızı artırmaq üçün cidd-cəhdlə çalışdıq. Demək olar ki,  “0”dan hazırlığa başladıq. İndi də bu yöndə müvafiq addımlar atılır. Təkmilləşmə kurslarına bəzi əməkdaşları göndəririk. Amma əvvəlki kimi onlara çox enerji sərf edə bilmirik. Obrazlı desək 5 yaşı olan bir televiziya rels üzərində daim hərəkət edən nəhəng qatara, mavi sularda üzən bir gəmiyə bənzəyir. Onun hərəkətinə müdaxilə etmək olmaz, kursu, hərəkət trayektoriyasını nizamlamaq olar. Onu saxlamaq olmaz, hərəkətdə ikən təmir etmək lazımdır. Bütün bunları nəzərə alaraq yarımfabrikat kadr axtarışındayıq.

- Modern. az saytının timsalında hər hansı informasiya agentliyi ilə ortaq layihə həyata keçirmək fikriniz varmı?

- 3 ilə yaxındır ki Trend İnformasiya Agentliyi, Cihan Xəbər Agentliyi və Day.az qrupu saytları ilə, xüsusən də Milli.az portalı ilə geniş miqyaslı əməkdaşlıq edirik. Saytın “bölgə xəbərləri” bölümünü regional telekanalların emal etdiyi xəbərlər doldurur. Bu sırada El TV-də var.

Elmin NURİ
Ulduz İBRAHİMOVA

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir