Modern.az

AMEA-nın vitse-prezidenti: “Adını alim qoyanlar xarici internet resurslardan köçürmə edirsə..” - MÜSAHİBƏ

AMEA-nın vitse-prezidenti: “Adını alim qoyanlar xarici internet resurslardan köçürmə edirsə..” - MÜSAHİBƏ

1 Oktyabr 2014, 12:21

Modern.az saytının müsahibi Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

 - Hazırda Akademiyada kadr islahatları nə yerdədir?

- Kadr  islahatları daha çox struktur islahatları ilə bağlıdır. Yeni institutlar, elmi qurumlar yaradılıb, yaxud əvvəlcədən var olan institutlar yenilənib. Bu qurumlara seçilən yeni rəhbərlərin elmi qabiliyyətləri,  mənəvi tərəfləri əsas götürülür. Aparılan kadr islahatları ancaq akademiyanın elmi baxımdan inkişafına yönəlib və bu islahatlar gələcəkdə də davam edəcək.

- Bu günədək Akademiyadan nə qədər əməkdaş xaric edilib? Elə adamlar var ki, onlar Akademiya ilə yanaşı, başqa yerlərdə də çalışır. Bu barədə hər hansı tədbirlər həyata keçiriləcəkmi?

- Akademiyada kampaniya şəklində əməkdaşların azad edilməsi yoxdur. Hazırda Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin qəbul etdiyi proqram əsasında əməkdaşların qeydiyyatdan keçmə prosesi aparılır. Kim ki, iki, üç yerdə çalışırsa, həmin sistem onu qəbul etmir. Əməkdaşın bir əsas iş yeri olmalıdır. İkinci iş yeri isə ancaq yarımştat ola bilər. Bu, Əmək Məcəlləsinə də uyğundur. Burada örtülü məqamlar da var. Tətbiq olunan sistemin bu məsələləri aşkarlamaq bacarığı var. Əgər bir adam üç-dörd yerdə işləyirsə, bu o deməkdir ki, o, bu yerlərin heç birinə fayda vermir.

- Plagiat elmi  işlərlə bağlı Akademiyada ciddi islahatlar başlayıb. Bu davam etdiriləcəkmi?

- Bu məsələ ilə bağlı həm Milli Elmlər Akademiyasında, həm də Ali Attestasiya Komissiyasında geniş işlər aparılır. Bunlar da şübhəsiz ki, elmin mənafeyinə xidmət edəcək. Adını alim qoyan adamlar xarici ölkələrin internet resurslarından köçürmə edirlərsə, bu zaman qazanılan elmi adlar da, ortaya çıxan ideyalar da Azərbaycan xalqının elmi maraqlarına, elm siyasətinə tamamilə ziddir. Buna qarşı mübarizə yeni başlayıb. Akademiya buna qarşı hər zaman barışmaz mövqedə olacaq.

- Milli Məclisdə “Elm siyasəti haqqında” qanun layihəsi uzun müddətdir ki, öz təsdiqini gözləyir. Qanun layihəsi növəbti dəfə nə zaman müzakirə olunacaq?

- “Elm siyasəti haqqında” qanun layihəsi Akademiyada müzakirə üçün uyğun mütəxəssislərə təqdim olunub. Həmin mütəxəssislər layihə haqqında öz rəylərini bildiriblər. Yeni təkliflər və mülahizələr də hazırlanaraq Milli Məclisin Elm və təhsil komitəsinə təqdim olunub.

- Qanun layihəsinə görə, alimlər elmi dərəcələrinə uyğun olaraq əlavə maaş alacaqmı? Ümumiyyətlə, qanunda əmək haqları ilə bağlı bənd var?

- Bütün qanun layihələrində olduğu kimi, burada da elm adamlarının sosial şəraitlərinin yaxşılaşdırılması ilə bağlı bəndlər var. Amma heç bir qanun layihəsində bu barədə konkret rəqəm,  faiz göstərilmir. Çünki bu zamana görə inkişaf edən məsələdir. Amma bu məsələni nəzərdə tutan bənd qanun layihəsində var. Elə bilirəm ki, sonrakı dövrdə Azərbaycanın iqtisadi durumuna uyğun olaraq elm xadimlərinin əmək haqlarının  artırılmasına şərait yaradılacaq.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?