Modern.az

Xocavəndi ermənilərdən təmizləmək planının iflası - uğursuz əməliyyat…

Xocavəndi ermənilərdən təmizləmək planının iflası - uğursuz əməliyyat…

1 Oktyabr 2014, 14:56

1992- ci oktyabrın 2-də Xocavənd rayonu yalnız Əmirallar, Muğanlı və Kuropatkin kəndlərindən ibarət idi


Oktyabrın 2-si Xocavənd rayonunun işğal tarixi kimi qeyd olunur. Təəssüf ki, hətta bu gün də çoxlarının Xocavənd rayonu haqqında doğru təsəvvürü yoxdur. Azərbaycanın Xocavənd rayonu 1991- ci il 26 noyabrda keçmiş DQMV-nin Martuni və Hadrut rayonlarının  bazası əsasında yaradılıb. Rayonun icra strukturları isə 1992- ci ilin iyul ayından etibarən təşkil olunub. Həmin dövr üçün Hadrut  rayonunda  azərbaycanlıların yaşadığı Tuğ, Salakətin və Axullu kəndlərində 2700 nəfər, Martuni rayonundakı Qaradağlı, Xocavənd, Əmirallar, Muğanlı və Kuropatkin kəndlərində isə 6100 nəfər azərbaycanlı yaşayırdı. Yəni həmin dövr ücün Xocavənd rayonunun  39 000 nəfər  əhalisindən yalnız  8800 nəfərə yaxını azərbaycanlılar idi.
1992 ci ilin oktyabr  ayında  rayonun işğal olunmamış yalnız üç yaşayış məntqəsi mövcud idi - Əmirallar, Muğanlı və Kuropatkin.

1991- ci ilin  oktyabr ayının 31- də Tuğ və Salakətin, noyabr ayının 19 -da Xocavənd, 1992- ci il yanvar ayının 10-da Axullu, fevral ayının 17-də isə Qaradağlı kəndləri erməni silahlı qüvvələri tərəfindən tamamilə dağıdılmış, əhali isə soyqırıma məruz qalmışdı.  Digər işğal olunmuş rayonlarımızdan fərqli olaraq,  Xocavəndin ərazisi və rayon mərkəzi Xocavənd ( keçmiş Martuni) şəhəri elə əvvəlcədən ermənilərin nəzarəti altında idi.
2 oktyabrda işğal gününü qeyd etdiyimiz  Xocavənd rayonu 1992-ci ildə yalnız Əmirallar, Muğanlı və Kuropatkin kəndlərindən ibarət idi. 1988- ci ildən işğal gününə kimi bütün münaqişə və müharibə dövründə ən çox yaddan çıxan, unudulmuş, köməksiz və arxasız, baş vermiş hadisə və döyüşləri mətbuat vasitələrində ən az işıqlandırılan məhz  bura olub.
Yalnız münaqişənin ilk günlərindən 1992- ci ilin əvvələrinə kimi ən çətin anlarda, ən ağır günlərdə hər an yanımızda olan, köməyimizə çatan, bizə arxa duran ağdamlıları və Ağdam könüllülərini və digər regionlardan olan azsaylı qəhrəman qardaşlarımızı  həmişə ehtiramla yad edirik və minnətdarlığımızı bildiririk .

Xəritəyə baxan hər kəs görər ki, bu üç kənd - Əmirallar, Muğanlı və Kuropatkin  sanki Azərbaycandan təcrid olunub, öndə düşmən, arxa isə boş. Bu kəndlər Ağdam rayonunun Mərzili kəndindən 18 km, Ağcabədi rayonunun Salmanbəyli kəndindən  30 km, Beyləqan rayonundan 50 km, Füzuli rayonunun Aşağı Veysəlli kəndindən 20 km məsafədə yerləşirdi və bu radiusda heç bir yaşayış  məntəqəsi yox idi.

Əmirallar və Muğanlı kəndləri keçmiş Martuni şəhəri ilə üzbəüz yerləşirdi və qarşıda torpaqlarımızın işgalında mühüm rol oynamış Monte Melkonyanın rəhbərlik etdiyi erməni qüvvələri yerləşirdi, o dövr üçün onun sərəncamında azı 35 ədəd tank var idi. Melkonyanın qarşısında isə əsasən Muğanlı özünümüdafiə dəstəsi və ölkənin müxtəlif  rayonlarından, əsasən də  Ağcabədi, Ağdaş və Salyan könüllülərindən  təşkil olunmuş  təxminən 350 nəfər canlı qüvvəsi olan  831 saylı özünümüdafiə batalyonu dayanırdı. Bu batalyonun sərəncamında 2 ədəd T-72 tankı, 3 ədəd 100 mm-lik doludağıdan top, 1 ədəd BRDM, 2 ədəd minamyot var idi. Batalyon Agdam-Füzuli magistral yolu boyu yerləşən keçmiş Martuni şəhərinin 300 m-də yerləşən Əmirallar, daha sonra Muganlı kəndləri, “Elçidaşı”,”Təkqəbir” və “Pirəbulağ-Çeyildag”  yüksəkliklərinə  qədər böyük ərazidə müdafiə döyüşləri aparırdı. Əmirallar kəndindən solda  yerləşən Qaraçux dağından  Aşağı Veysəlli istiqamətində isə sərəncamında təxminən 200 nəfər döyüşçü və  bir ədəd BMP-1-i olan 849 saylı Beyləqan batalyonu yerləşirdi.

1992 -ci ilin  oktyabrına kimi bu istiqamətdə xeyli döyuş əməliyyatları həyata keçirilmişdi, təbii ki, bunlardan uğurlu və ya uğursuz nəticələnənləri də olmuşdu. Tam əminliklə bildirirəm ki, bütün düşmən postları dəfələrlə xüsusi hazırlıq  keçmiş döyuşçülərimiz  tərəfindən darmadağın edilmiş, əsgərləri məhv olunaraq silahlari gətirilmişdi.

1992-ci ilin avqust ayından başlayaraq Xocavənd istiqamətində bir neçə uğursuz əməliyyatlar həyata keçirildi. Bu əməliyytlar ağır itkilərlərlə bərabər, əsgərlərə mənəvi-psixoloji cəhətdən ciddi təsir etdi və ruh düşgünlüyü yaratmaqla qüvvələri zəiflətdi. Eyni zamanda  sanki bu istiqamətdən düşmən ciddi təhlükəni hiss etdi və onları önləyici addım atmağa vadar etdi.

15 və 17 avqustda Xocavənd  istiqamətində həyata keçirilən uğursuz və yanlış planlaşdırılmıs döyüş əməliyyatı qüvvələrimizə ciddi təsir etdi. Əməliyyat  keçmiş Martuni şəhəri ətrafındakı Şişqaya, Gülmətəpə və Plototəpə yüksəkliklərini ələ keçirməklə Martuni şəhərinə nəzarəti təmin etməkdən ibarət idi. Əməliyyatda 831, 849 saylı batalyonlar, 771 saylı reyd dəstəsi və əlahiddə kəşfiyyat bölüyü  iştirak edird. Döyüş tapşırığı yalnız 831 saylı batalyonun döyüşçüləri tərəfindən yerinə yetirildi, “Plotəpə” yüksəkliyi ələ keçirilərək bir gün müdafiə olundu.

1992- ci ilin 18 sentyabrında Qarabağ müharibəsinin gedişatını tamamilə dəyişəcək və qısa müddətdə qələbəni təmin edəcək  döyüş əməliyyatının qarşısı alındı. 1992- ci il  16 sentyabr tarixində Beyləqan rayonundakı Daşburun dəmir yolu stansiyasına gətirilən 820 saylı Göytəpə (Prişip)  alayı həmin gün gecə saatlarında tam tərkibdə  Xocavənd  rayonu ərazisindəki Qaraçuğ dağının cənub – şərqindəki “Bəhrəmli” adlanan ərazidə yerləşdi. 1500 nəfərlik şəxsi heyəti olan alayın sərəncamında müxtəlif növ zirehli texnikalar, o cümlədən T-72 tankları, BMP-1, BMP- 2, BTR-lər və s. olmaqla ümumilikdə 72 ədəd texnika var idi. Bununla  yanaşı, digər  iri  çaplı  atıcı silahlarla 12 ədəd özüyeriyən artileriya qurğuları da alayın silah arsenalına daxil idi.
Sentyabr ayının 17- si səhər saatlarında polka məxsus iki T- 72 tankı və bir BMP-2-nin iştirakı  ilə Xocavənd rayonunun  Əmirallar kəndi üzərindəki “Şişqaya” yüksəkliyi istiqamətində kəşfiyyat xarakterli döyüş həyata keçirildi. Düşmənin möhkəmləndirdiyi əsas blindaja qədər irəliləyən BMP-2 onun üzərində dövrə vuraraq geriyə qayıdarkən erməni snayperinin atəşi nəticəsində ekipajın komandiri  Əliyev Vaqif  Babaxan oğlu həlak oldu və  şəhid  döyüşçü  həmin gün doğulduğu Lənkəran şəhərindəki Şəhidlər Xiyabanında dəfn olundu.

Martuni səhərində olan panika və ermənilərin başıpozuq və qorxu içərisində oranı tərk etmələri aydınca görünürdü. Sentyabr ayının 17-də  831 və 849 saylı batalyonlarla sentyabr ayının 18- nə səhər saatlarına keçmiş Martuni şəhərinin azad olunması planı hazırlandı. Lakin  sentyabr ayının 18-də elə səhər saatlarında Füzuli şəhərində yerləşən 702 saylı briqadadan  bildirildi ki, əməliyyat olmayacaq və alay Füzulu istiqamətində əməliyyat həyata keçirəcək. Bir azdan briqada komandiri  özü alayın Bəhrəmlidəki  “Əlinəzərli” bulağı adlanan ərazidəki  qərargahına gələrək, bu qüvvələrin Füzuli rayonunun Yağlıvənd kəndinə gedərək erməni qüvvələrinin möhkəmləndiyi Maçqalaşen kəndi istiqamətində hücuma keçməli olduğunu bildirdi. Alayın və yerli batalyonların rəhbərləri isə buna qəti etiraz etdilər. Briqada komandirinin nəzərinə bir daha çatdırıldı ki, Martuni (Xocavənd) şəhərini azad etmək üçün döyüş planı hazırlanıb, kəşfiyyat döyüşü aparılıb və bunun üçün çox az bir vaxt lazımdır.

702 saylı briqadanın komandirindən  müdafiə nazirinin əmri tələb olundu. Bir neçə saat sonra Füzulidəki qərargahdan müdafiə nazirinin müvafiq əmri ilə geri qayıdan  briqada komandiri alayın Yağlıvənd kəndi istiqamətində hərəkət etməsi barədə göstəriş verdi. Alayin şəxsi heyəti və hərbi texnikalar günün günorta çağı, demək olarki ermənilərin gözu qarsısında 20 km-dən cox məsafə qət edərək, deyilən əraziyə çatanda, hələ döyüş başlanmamış ermənilər Yağlıvənd kəndi yaxınlığında  tanklardan 2-ni vurmuş və Maçkalaşen istiqamətində  döyuş başlamışdı. 3-4 saat çəkən döyüşdə alayın zirehli texnikasının böyük hissəsi ermənilər tərəfindən  yararsız hala salındı, təxminən 17 ədədə qədər zirehli texnika sıradan çıxarılmış,  ermənilər tərəfindən ələ keçirilmış və canlı qüvvə sarıdan da  ciddi  itkilər verilmişdi.

Bəlkə də Qarabağ müharibəsində bu qədər ağılsız və yanlış planlaşdırılmış  əməliyyat həyata kecirilməmişdi.

Cəmisi 5 gün sonra, sentyabr ayının 23-də 702 saylı briqadanın komandanlıgı məhz Füzuli rayonunda, həmin istiqamətdə yerləşən 839 və 848 saylı batalyonlara keçmiş Martuni səhərinin azad olunması əmrini verdi. Bu tamamilə xəyanətkarcasına verilmiş bir əmr idi. Çunki cəmi bir necə gün öncə Martuni şəhərini azad etməyə qadir olan qüvvə məhz bu batalyonların yerləşdiyi əraziyə aparılaraq dagıdılmişdı. İndi - bir necə gün sonra həmin batalyonlar Martuni səhərini  azad etməyə gəlirdilər, bu da tamamilə agılsız, hec bir məntiqə sığmayan planlaşdırma idi. Xocavənd batalyonu bu əməliyyata tamamilə etiraz edərək,  döyüşdə istirak etməyəcəyini bildirdi və son anda bir bölük döyüşdə istirak etdi.

Sentyabr ayının 23-də səhər saat təxminən 10-da qeyd olunan batalyonlar Kuropakin istiqamətindən Muğanlı kəndinə gəlməyə başladılar, yüksəkliklərdə olan ermənilər batalyonların gəlişini hətta 15 km-dən görürdülər. Hətta  adı çəkilən batalyonların özləri də  əməliyyatın yanlış oldugunu bilsələr belə,  əmri yerinə yetirmək məcburiyyətində idilər. Beləliklə, növbəti  uğursuz bir əməliyyat, 70 nəfərdən çox yaralı və şəhidlər.

Qəhrəman oğullarımızın Laçın koridorunu bağlamaq istiqamətində apardıqları gərgin döyüşlər öz bəhrəsini verdiyi zaman, yəni koridor bağlandığı  an  sentyabr  ayının 18-də  Soçi şəhərində Rusiya və Gürcüstan tərəflərinin iştirakı  ilə Azərbaycan və Ermənistan müdafiə nazirləri səviyyəsində  sentyabr ayının 25-dən etibarən iki ay ərzində  atəşkəs elan olundu. Qısa atəşkəs müddətində tamamilə gücləri tükənən ermənilər öz qüvvələrini bərpa etdilər.
Ermənistandan yeni qüvvələr, silah- sursat və texnika cəlb edərək, 2 oktyabrda atəşkəsi pozub Lacın koridorunun sağ və sol  istiqamətində qüvvələrimizə ciddi zərbə endirdilər. Eyni zamanda  uzun  müddət  fədakarcasına  müdafiə  olunan  Dağlıq Qarabağın sonuncu  Əmirallar, Muğanlı və Kuropatkin kəndlərini isğal etdilər. Bu kəndlər olduqca böyük  strateji əhəmiyyət daşıyırdı. Belə ki, buranın qorunub saxlanması Ağdam və Füzuli rayonlarının da müdafiə olunması üçün olduqca əhəmiyyətli idi.

Qeyd olunduğu kimi mövcud qüvvələrimiz çox böyük ərazidə müdafiə döyüşləri aparırdı. Sağ və sol cinahlar tamamilə müdafiəsiz idi, hətta adi postlar demək olarki yox idi, mövcud postlar arasinda məsafələr isə bəzən bir kilometrə çatırdı. Son bir ayda  aparılan ağılsız və uğursuz əməliyyatlar, ciddi itkilər, mənəvi-psixoloji  sıxıntılar  qüvvələri  tamamilə zəiflətmişdi. Ehtiyat qüvvənin olmaması, texnika və artileriya vasitələrinin çatışmamazlığı bu istiqamətdə müdafiəni etibarlı yaratmaga imkan vermirdi.

Paytaxta ünvanlanan bütun müraciətlər isə həmişə olduğu kimi nəticəsiz idi.

2 oktyabrda  səhər saat  5 radələrində erməni qüvvələri atəşkəsi pozaraq, çox böyük ərazidə, çox böyük qüvvə ilə Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, eyni zamanda sağ və sol cinahlardakı mövqelərimizə hücuma keçdilər. Əməliyyatda düşmənin xeyli canlı quvvəsi, 15 ədəd tank, bir necə BMP istirak edirdi. Eyni zamanda düşmən tərəfdən Qrad və digər artileriya vasitələrindən də  istifadə edilirdi. Əmirallar və Muğanlı kəndində tamamilə mühasirəyə düşən döyüşçülərimiz saat 15-ə kimi düşmənə mərdliklə müqavimət göstərmiş, onun xeyli canlı qüvvəsini, iki ədəd tankını məhv etmişidi. Həmin vaxt sərəncamda olan iki ədəd T-72 tankından biri elə əvvəlcədən tamamilə yararsız vəziyyətdə idi, digər tank isə düşmənin bir tankını sıradan çıxarmış, özü isə Muganlı kəndinin aşağısında erməni tankları tərəfindən vurulmuşdu.
Həmin gün Əmirallar, Muğanlı və Kuropatkin kəndlərinin işğalı ilə eyni zamanda “Qaraçuğ” dağ silsiləsinin çox böyük strateji əhəmiyyəti olan Böyük Oxlu- 631m yüksəklik də düşmən tərəfindən ələ keçirildi. Bu yüksəklikdən isə düşmən Füzuli, Beyləqan, Ağcabədi və Ağdam rayonlarının ərazilərini müşahidə altında saxlamaq imkanı əldə etmiş oldu. Bu döyüşdə 831 saylı batalyonun komandiri mayor Abdürrəhman Əsgərov və 43 nəfər döyüşçü qəhrəmancasına şəhid oldu.

Allah bütün  Şəhidlərimizə  rəhmət etsin!

Ayxan Sadiq,
Xocavənd batalyonun döyüşçüsü

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər