Modern.az

Hansı jurnalistlərə mənzil verilməlidir? (sorğu)

Hansı jurnalistlərə mənzil verilməlidir? (sorğu)

29 İyul 2010, 12:17

Prezident İlham Əliyev milli mətbuatın 135 illik yubileyi ilə bağlı media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini nəzərdə tutan sərəncam imzalayıb. Sərəncamla mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb. İndi müzakirələr gedir: tikiləcək evlər hansı jurnalistlərə verilməlidir?

Burada əsas meyar nə olmalıdır? Modern.az da müzakirəlrə qoşularaq tanınmış media nümayəndələrinin fikirlərini öyrənib.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli jurnalistlərə məzillərin verilmə prosesində şəffaflığın təmin olunacağına əmin olunduğunu bildirib. O hesab edir ki, ilk növbədə mənzillər evsiz jurnalistlərə verilməlidir: “Bununla yanaşı, o şəxslərə də verilməlidir ki, onlar ciddi mətbuatda çalışır. Veteran jurnalistlərimiz də unudulmamalıdır. Ümumiyətlə, ev verilməsində iki əsas şərt olmalıdı. İstedad, göstərdiyi xidmət və mənzil şəraiti”. Elçin Mirzəbəylinin sözlərinə görə bütün jurnalist qurumlarının bu işdə böyük xidmətləri olub: “Parlament Jurnalistlər Birliyini də xüsusilə vurğulamaq lazımdır. Mən də bu prosesin içində olmuşam. Azərbaycan Mətbuat Şurasının böyük rolu olub.  Evsizlik jurnaslistlərin ağrılı yeridir. Ona görə də müntəzəm olaraq bu məsələnin gündəmə gətirilməsində bütün jurnalist qurumlarının xidmətləri olub”. 

APA-nın baş direktoru Vüsalə Mahirqızı isə evlərin yalnız jurnalistlərə deyil, pərdəarxasında qalan texniki işçilərə də verilməlisinin tərəfdarıdır: “Bu bölgüdə texniki işçilər də nəzərə alınmalıdır. Ancaq hesab edirəm ki, ilk növbədə ehtiyacı olanlara, əmək stajı yüksək olanlara verilməlidir. Elə jurnalist var ki, neçə illərdi ki, bu sahədədir, ailəlidir, ancaq yataqxanalarda, kirayədə qalır. Bunlar nəzərə alınmalıdı. Mən hesab edirəm ki, bu işin ərsəyə gəlməsində ictimaiyyətin, jurnalist təşkilatların, millət vəkillərin, baş redaktorların böyük xidməti olub. Təbii ki, Parlament Jurnalistlər Birliyinin rolu danılmazdı. İlk təşəbbüs bu jurnalist qurumundan gəlib. Onlar bu işə bir çox millət vəkillərini cəlb edib. Mətbuat Şurasının rolu da böyükdür. Mətbuat Şurası bununla bağlı layihə hazırlayıb, Prezident Administrasiyasına təqdim edib. Burada  yalnız jurnalistlərin sağlıq, sığorta məsələsi deyil, həm də ev məsələsi də öz əksini tapıb. Bu sənədi anoloqu olmayan sənəd kimi qiymətləndirirəm”. Vüsalə Mahirqızının sözlərinə görə jurnalistlərə mənzil verilməsi dövlətin öhdəliyində olmayan bir məsələdir: “Bu sadəcə dövlətimizin jurnalistlərə olan hörməti və qayğısıdır”.

 

"Ayna-Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı jurnalistlərə məzil verilməsi barədə danışmağın hələ tez olduğunu söyləyib: “Ev hazırlasın, ondan sonra kimə verilib, verilməyəcəyi barədə danışmaq olar. Mən qətiyyən ev bölgüsündə iştirak etməyəcəm. Burada fərdi yanaşma olmalıdı. Ev bölgüsü zamanı müəyyən kriteriylar var ki, onlar nəzərə alınmalıdı. Məncə, istedadlı, ehtiyacı olan gənclərə verilsə, daha yaxşı olar”. Elçin Şıxlı hesab edir ki, bu məsələnin reallaşmasında ümumiyyətlə ictimaiyyətin, toplumun, jurnalist qurumlarının böyük rolu olub.

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “O tip jurnalistlərə verilməlidir ki, həqiqətən də onların buna ehtiyacı olsun. Mətbuatda, ciddi qəzetdə çalışanlara, peşəkar fəaliyyət göstərən, gənclərə, subay olan, qələmi ilə kifayət qədər tanınan jurnalistlərə verilməlidir. Orada ictimai komissiyanın yaradılması ilə də bağlı təklif də var. O komissiya bir monitorinq qrupu kimi fəaliyyət göstərəcək”. Akif  Aşırlı qeyd edib ki, əgər belə bir komissiya yaradılacaqsa, o zaman şəffaflıqdan söz gedə bilər: “Jurnalistika elə bir peşədir ki, hər şeyin ədalətli və obyektiv olmasını istəyir. Konkret ad çəkə bilmərəm ki, bu məsələnin gündəmə gəlməsində hansı qurumun rolu böyük olub. Ümumiyyətlə, jurnalistlər fəal olmalıdırlar. Beş milyon manat heç də az vəsait deyil”.

 

Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli hesab edir ki, hələ bu barədə danışmaq tezdir: “Sərəncam imzalanıb. Ancaq onun maddi- texniki tərəfləri də var. Hələlik kimlərə mənzil verilməsindən dahışmaq tezdir. Çünki heç torpaq sahəsi müəyyənləşdirilməyib. Özüm yaxın vaxtlarda bu barədə açıqlama verəcəm”. 

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının sözlərinə görə burada meyarların olması vacib şərtlərdən biridir: “Əks hlada ciddi jurnalistika ilə məşğul olmayan, ancaq “jurnalistəm” deyən şəxslər da ev istəyəcəklər. Konkret meyarlara gəldikdə isə deyə bilərəm ki, bununla bağlı Paralament Jurnalistlər Birliyinin təklifləri var. Bir neçə il öncə həmin təklifləri səsləndirmişik. Hesab edirik ki, mənzil o jurnalistlərə verilməlidir ki, onların ən azı 10 illik jurnalistlik təcrübəsi olsun. Ancaq elə şəxslər də var ki, onlar 30-40 ildir ki, jurnalistika ilə məşğuldurlar, lakin onların jurnalistikaya heç bir aidiyyatı yoxdur. Demək istədiyim odur ki, 10 il ciddi mətbuatda çalışanlara mənzil verilməlidir. Bundan başqa insanların ailə vəziyyəti də nəzərə alınmalıdır”. Elşad Eyvazlı hesab edir ki, ən başlıcası proses şəffaf şəkildə, ölkə mediasının müzakirəsi və gəldiyi qənaətə əsasən reallaşmalıdı: “Onu da qeyd edim ki, bu məsələ ilə bağlı Parlament Jurnalistlər Birliyi 6 ilə yaxındır ki, müxtəlif isrtiqamətlərdə işlər görüb. Nəticə etibarilə biz bütövlükdə həm mediamızın, həm ictimaiyyətin, həm parlamentin, həm də ölkə rəhbərliyinin diqqətini bu məsələyə cəlb edə bilmişik. Bu istiqamətdə Mətbuat Şurası ilə birgə işləmişik. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başcısından tutmuş, bir sıra mühim şəxslərlə görüşlər keçirmişik. Qeyd edə bilərəm ki, təşkilatımız bütövlükdə ciddi jurnlaistika ilə məşğul olan həmkarlarımızın əksəriyyətinin sosial durumu ilə bağlı müəyyən araşdırmlar da aparıb. Odur ki, biz kimlərin mənzilə ehtiyac olduğunu dəqiqləşdirmişik. Təbii ki, bu məsələnin bir tərəfidir. İstənilən halda əgər bizim qaldırdığımız məsələ həllini tapırsa, bundan şox məmnun olacağıq. Çünki mənzil alacaq jurnalistlərin yaşayacaqları sevincdə müəyyən qədər bizim də payımız olacaq. Mən bəribaşdan jurnalistlərimizin mənzil məsələsinin həlli ilə bağlı atdığı ciddi addımlara görə ölkə başcısına minnətdaram. Bu jurnalistika tariximizə düşəcək məqamlardandı. Sonda isə mənzili olan həmkarlarındam çox-çox xahiş edərdim ki, müəyyən yollarla adlarını evsiz jurnalistlərin siyahısına yazdırmasınlar”.

  

Təhminə PAŞAYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir