Modern.az

Baş redaktor: “Müxbirmizi nazirin adamları döyüblər”

Baş redaktor: “Müxbirmizi nazirin adamları döyüblər”

29 İyul 2010, 14:15

Ötən gün “Yeni Müsavat” qəzetinin müxbiri Elmin Bədəlov  iş başında döyülüb, redaksiyaya məxsus fotoaparat isə sındırılıb. Hadisə reportyor Mərdəkanda varlılar məhəlləsindən reportaj hazırlayarkən baş verib. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arif oğlu Modern.az saytına açıqlamasında bildirib ki, Elmin Bədəlovu nəqliyyat naziri Ziya Məmmədovun villasından çıxan mühafizəçilər döyüb. Rauf Arifoğlu Daxili İşlər Nazirliyinə, Mətbuat Şurasına müraciət hazırlandığını söyləyib: “Dünən axşam isə Mərdəkan qəsəbəsinin Polis Bölməsindən telefon açmışdılar. Sadəcə Elmin həmin vaxt çox  pis vəziyyətdə idi. Həkim müayinəsində idi. Polis tələb edirdi ki, o gəlsin və hadisə yerinin müayinəsi üçün onu aparsınlar. Sadəcə bunu etmək mümkün olmadı. Çünki Elmin həmin vaxt müayinə altında idi. Yəqin ki, o proses bu gün baş verər”. Elmin Bədəlovu döyənlər ona ağır bədən xəsarəti yetiriblər, jurnalistin başı yarılıb, bədənin müxtəlif yerləri əzilib. «Ərazidə dəbdəbəli imarətlərin şəklini çəkirdim. Birdən yanımda qara JEEP dayandı. Maşından idmançı görkəmli şəxslər düşdü. Başladılar məni vurmağa. Sonra başqa maşınlar da gəldi. Oradan düşənlər də döyməyə başladı. Məni bir neçə dəfə götürüb başı üstə yerə çırpdılar. Üz-gözüm qanamışdı. Sonra bizi şəklini çəkdiyim villanın digər tərəfinə apardılar. Bütün fotoları sildilər. Fotoaparatımın yaddaş kartını sındırdılar. Orada 3 saatdan çox saxlanıldıq. Bizə dedilər ki, 6 ay izlənəcəksiz» - deyə döyülən jurnalist bildirib.

Təhminə Paşayeva

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır