Modern.az

Rəqiblər hakimiyyətin hörmətini artırır

Rəqiblər hakimiyyətin hörmətini  artırır

13 Oktyabr 2014, 12:51

Öz tələblərinin, hökmlü istəklərinin, yazılı bəyannamələrinin hakimiyyət masasına gedib çıxması üçün, ya gərək güclü beynəlxalq himayəyə malik olasan, ya da daxildə səni iri meydanlar tutmayan geniş sosial təbəqə dəstəkləsin. Elçibəyin Kələkidən qayıdışından sonrakı siyasi mübarizədə xarici maraq sıfır səviyyəsində idi, amma ictimai arxanı, kütlə fədakarlığını sistemli keçirilən kütləvi aksiyalar mübahisəsiz isbatlayırdı. Ona görə də hakimiyyətlə müxalifətin arasında dolayısı bir çalışma yaranırdı. Müxalifətin maraqları seçki qanunvericiliyində, insan haqları məsələlərində nəzərə alınırdı.

Məhbus aksiyası, yoxsa, hərəkətlənmə fürsəti?  

Böyük izdiham seli ilə müşayiət olunan əski aksiyaların müəllifliyindən  normal bir konfrans iştirakçılarının sayı səviyyəsinə düşən müxalifət, əgər həbsdə olan siyasi insanların azadlıq davasını mitinq modelində bir neçə yüz insanın etirazı kimi sərgiləyəcəkdisə, bunun üçün ən yaxşı format böyük zallardan birinin kirayələnməsi  və konfrans çərçivəsində  hakimiyyətin davranışları ətrafında saatlarla müzakirə açmaq, sonda iqtidar tərəfə yazılı bir ultimatum, yaxud, siyasi mədəniyyətə zidd rəftarı bir kənara buraxıb, nitq etiketləri ilə onu mərhəmətə gətirəcək  üslub seçilə bilərdi.

Hər bir məsələ üçün, həm də hazırlıqsız şəkildə Konstitusiya imkanlarına əl atmaq kütləvi tədbirləri maraqsız, zövqsüz bir əyləncəyə çevirir, eyni zamanda, rəqibləri qərəzli, xaosa meylli bir qüvvə kimi təqdim edir.   Çünki predmet məhbus məsələsi kimi qoyulsa da, aksiyaya çağırış “kim bu hakimiyyəti dəyişmək istəyirsə, mitinqə gəlsin!” şüarının emosiyasına bərkidildi. Halbuki bir ovuc insanın qəzəbi ilə hakimiyyəti yarım metr belə geri oturtmaq mümkün deyil, illərdir belə yekə danışmalar, tərəfdar  statistikası  müxalifəti komik duruma düşürür.


Mitinq formatı, nə iştirakçı sayı ilə, nə də  şüarlardakı emosiya ilə hakimiyyəti düşünməyə vadar edə biləcək təsir gücünə sahib ola bildi. Daha çox  müxalifətin durumu və siyasi personaların kütlə tədbirində emosional əlaqə həvəsinə, zəifləmiş beynəlxalq diqqəti səfirlərin simasında təkrar qazanma-çünki avrointeqrasiya şüarları buna hesablanmışdı-, başqa sözlə, passivliyi hərəkətliliyə dəyişmə marağı üzərinə  diqqət çəkdi.

Qərargahdaxili fəallıq siyasi partiyanın potensialını ört-basdır edirsə, mitinqlər artıq neçə ildir, cəmiyyətə müxalifət haqqında obyektiv arayış verir. Bu arayış ondan ibarətdir ki, müxalifət  sosial batalyonlarının çox cüzi hissəsini əlində saxlaya bilib. Sıralar daha da seyrəlib, halbuki rəqiblərin iddia etdiyi kimi, hakimiyyət sosial  təbəqələri öz əleyhidarına çeviribsə, bu əleyhidarlar müxalifətin cərgəsini sıxlaşdırmalıydı. Amma əksinə, müxalifət vətəndaş  güvənini itirdiyindən, hakimiyyət mübarizəsində fərasətli ola bilməməsindən sosial dəstəyin heç nəyə yaramayan az bir hissəsinə  sahibliyini saxlayıb. Bu mənada mitinqlər formasında təkrar özünüreklamın, başqa sözlə, hansı səviyyəyə gəlib düşməni hamıya sərgiləməyin  mənasını anlamaq çətindir.        

 Digər tərəfdən, ortaya çıxan İŞİD bayraqları. Mitinqin təşkilatçıları belə bir  tələni iqtidarın quraması saysa da, kim inkar edə bilər ki,  bu, partiyalararası rəqabətin bir elementi ola bilməz! Çünki dəfələlərlə siyasi partiyalar arasında konfrantasiyalar baş verib, bu münaqişənin nəticəsində hamı bir-birinin sandığını açıb, pambığını töküb. Üstəlik, indi müxalifətin güclüsü olmaq yarışı başlayıb və hardasa bu mitinqin təşkilini də Müsavat partiyasında baş verənlər fonunda müttəfiqlərin  bir qələbə, müvəffəqiyyət cəhdi kimi də qiymətləndirmək olar. Üstəlik,  məhbus məsələsini bir masada çözə bilməyənlər mitinq taktikasında necə birləşirlər-bunun özü də müxalifətin xarakterinin bir nüansı kimi qabarır. Beləliklə, mitinqlər müstəvisində müxalifətin imkanları haqqında formalaşan obyektiv rəy, əslində hakimiyyətin hörmətini artırır. Yəni, cəmiyyətdə kimin tərəfdarı çoxluq təşkil edir və kim ortaya nəticə qoyur.   

Axırıncı siyasi qala təslim olursa, günahkar kim?

Hakimiyyətin hörmətini, həm də, son günlər Müsavat partiyasında baş verən demokratiya davası, daxili ziddiyyətlər, sosial şəbəkələr vasitəsilə bir-birini çirkin metodla və epitetlərlə aşağılamaq məsələləri artırır.

Müsavat partiyasında uğurlu siyasi varisliyin İsa Qəmbərlə sona çatacağı qabaqcadan bəlli idi. Lakin o  bəlli deyildi ki, son illərdə az qala sıravi müsavatçı statusuna düşmüş, daxildə reytinqi zəifləmiş Qubad İbadoğlunun səsi birdən-birə bu qədər yüksək çıxacaq, dövlət və partiya simvolları ilə fraksiya toplantısı müstəvisində Müsavatla bağlı iddialarını dərinləşdirəcək, möhürü təhvil vermiş liderə üstüörtülü meydan oxuyacaq, İsa Qəmbəri bir qrup ətrafının hafizəsindən lider kimi siləcək, həmin yerə öz ismini gətirəcək, nəhayət, qurultayın prezident seçkiləri ilə bağlı qərarını bir heç sayıb, ən layiqli namizədin özü olacağını çevrəsinin düşüncəsində yerləşdirə biləcək.

O, Müsavatin Əli Kərimlisi obrazında artıq ictimai rəyə təqdim olunmağa başlayıb. Müxalifətin son qalasının da Qubad İbadoğlu tərəfindən təslim ediləcəyi düşüncəsi hər gün bir az da artır.  Bir azdan hakimiyyətin bu proseslərdə iştirakı ittihamları daha da qüvvətlənəcək, suçu iqtidarın üzərinə salmaqla cəhbələşən tərəfləri bu toqquşmadan  ləkəsiz  çıxarmağa çalışacaqlar. Halbuki Əli Kərimli AXCP-ni çökdürəndə, Q.İbadoğlu da eyni niyyətlə Müsavatı bitirmək ssenarisində iştirak edirsə, istənilən hakimiyyətin opponentinin zəifləməsinə marağı, hətta bu prosesdə rol müəyyənləşdirməsi mümkün ola bilər , burada isə  əsas təqsir hakim qüvvənin deyil, öz təşkilatını, dayandığı ideoloji müstəvini xırda məsələləri böyük problemə çevirib, bunu daxili müzakirələrdə yox,   ictimai müzakirə səviyyəsinə qaldırmaq, kəskin leksikon seçməklə, darmadağın etmək istəyənlərindir.  Müsavat müqəddəs dəyərlər və prinsiplər mirasına sahiblik etsə də, son proseslər sübut edir ki,  partiyanın sıralarında və rəhbər eşalonunda ətəyində namaz qılınası adamlar heç də çox deyilmiş.  

Demokratik seçkinin olmaması ittihamları həqiqətdirsə, daxili ziddiyyətlər təşkilatı didib dağıdırsa, komanda içərisində parçalanma dərinləşirsə, İsa Qəmbər bu alovu söndürməyi bacarmırsa, yaxud, istəmirsə, bu siyasi qüvvələri hakimiyyət zirvəsində təsəvvür etmək heç də çətin deyil. Odur ki, əslində bu proseslər hakimiyyətin hörmətinin qalxmasına xidmət edir.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi