Modern.az

Tarixi roman yazarı: “Çingiz xanı türk sərkərdəsi kimi göstərməklə öz tariximizi monqollaşdırırıq” - MÜSAHİBƏ

Tarixi roman yazarı: “Çingiz xanı türk sərkərdəsi kimi göstərməklə öz tariximizi monqollaşdırırıq” - MÜSAHİBƏ

13 Oktyabr 2014, 14:30

“Azərbaycanın hər bir yerində sirlə dolu tarixi gizlinlər var”  


Modern.az
tarixi roman yazarı Cəlaləddin Qasımovla müsahibəni təqdim edir. 

- Yazılarınızda ən çox qaranlıq qalmış tarixin işıqlandırmağa çalışırsınız...

- Tariximizin ən qaranlıq,  ən zəif işlənmiş dövrü Albaniyadır. Albaniya tarixini az qala bütün dünya tarixçiləri araşdırıblar. Sonradan belə fərziyyə irəli sürüblər ki, albanlar guya daha sonra türkləşiblər. Amma tarixdən də hamıya məlumdur ki, Albaniyada 26 türk tayfası olub. Ən böyük qəbilələrdən biri də Abdallar olub. Abdalların Albaniya tarixində çox böyük rolu var: istər dövlətin qurulmasında, istər daha sonradan onun inkişaf etdirilməsində abdalların xüsusi rolu olub. Şah İsmayıl Xətainin bir çox gəraylılarında da sufilərlə bərabər abdalların adı çəkilir, sufi-abdal ifadəsi işlənilir.

- Maraqlıdır, Xətai də, sufilər də orta əsr tariximizə aiddirlər. Bu iki termin arasında hansı qarşılıqlı əlaqə var?

- Qədim dövrlərdə, İslam və xristian dinlərinin yayılmasından qabaq Azərbaycanda ay məbədləri olub. “Abdal” sözü də həmin ay məbədləri ilə bağlıdır. Universitetdə oxuyan zaman eşitmişdim ki, abdallar ən çox Qarabağ zonasındadır. Amma Azərbaycanın bir çox rayonlarında “abdal” sözü olan kəndlər var. Abdallarla bağlı son tapıntı sübut edir ki, ərazimizdə ən qədim türk tayfaları yaşayıb. Hətta eradan əvvəl V əsrdə Roma tarixçiləri də bu faktı qeyd edir. “Kitabi Dədə Qorqud” dastanının Drezden nüsxəsində abdallardan yazılıb. Bizim zəif cəhətimiz albanlar, abdallar haqqında çox yazmamağımızdır. Biz bu sahədə daha çox araşdırmalıar aparmalıyıq. Bu çox işləniləsi bir mövzudur!

- Azərbaycanın hansı əraziləri bu gün özündə daha çox tarixi sirləri gizlədir?

- Ən çox Dağlıq Qarabağ əraziləri. Sosial şəbəkələrdə də bəzən görürük ki, ermənilər bizim ərazilərdə qazıntı işləri aparırlar. Mən ötənlərdə bir sirli dağ haqqında yazı yazdım. Elə sizin saytda ilk olaraq işıqlandı. O dağın barəsində yazılan yazı təsadüfi deyildi. Adını “İlahi varlıq” qoydum. Üzərində indinin özündə də 20-yə yaxın insan başı şəkilləri var.

Azərbaycanın hər yerində, hər bölgəsində sirlə dolu tarix yatır. Bunun üçün gəzib və o yerləri araşdırmaq lazımdır. Tariximizdə işlənməyən məqamlar bu gün də çoxdur.

- Modern.az-dakı yazılarınızda bir çox tarixçilərə məlum olmayan faktlardan bəhs etmisiniz. Bizə maraqlıdır ki, o tarixi faktları necə əldə etmisiz, onların üstünə necə gedib çıxmısız?

- İlk ixtisasım tarixçidir. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Yay  fəslində Azərbaycanın bir çox bölgələrini gəzirəm, oranın tarixi ilə maraqlanıram. Tovuzun Qalaboyun ərazisində o dağa rast gələndə hiss elədim ki, bunun çox böyük sehirli gücü var. O dağ barəsində bu gün də mənə sosial şəbəkələrdə suallar verilir. Ən qədim tarixi mənbələrdə deyilir ki, o dağlarda müqəddəs ibadət yerləri olub. Həmin yer də bayaq dediyimiz abdallara mənsub olub. Mən yazıda onun 3 min yaşı olduğunu göstərmişdim. Amma son araşdırmalarda tarixçilər oranın 9 min ilə qədər yaşı olduğunu deyirlər.

- Həmin bu müəmmaları bədii əsərə gətirmək, tarixi hadisələri bədii və publisistik üslubda  əks etdirmək bir tarixi romançı kimi sizə çətin olmur ki?

- Yazdığım tarixi mövzunu dəqiq bildiyimə, haqında kifayət qədər məlumatlı olduğuma görə onları bədiiləşdirmək,  yazıya almaq o qədər də çətin  olmur. Publisistik yazılarda da bu belədir. Məsələn, elə sizin saytda gedən  “Atilla yurdunun varisləri” haqqındakı yazıda dəqiq bildiyim faktları bu üslübda qələmə aldım. Tarixçi alimlər tərəfindən də çox yaxşı qarşılandı.

- Atilla ilə yanaşı, Çingiz xan haqqında yazdıqlarınız da başqa yazılardan fərqlənirdi. Çingiz xan haqqında hansı müəmmaları bilməliyik?

- Azərbaycanda Çingiz xan haqqında ilk romanı mən yazmışam. O romadan başqa Çüngiz xan haqqında 6-7 iri həcimli tarixi məqaləm də çıxıb. O yazılarda və romanda Çingiz xanın qəhrəmanlıqları ilə yanaşı onun Azərbaycanda törətdiyi qətilləri də qeyd etmişəm. Bəziləri Çingiz xanın türk olduğunu bildirərək yazılarıma irad tutublar. Çingiz xan böyük sərkərdədir, o öz yerində. Amma mən onun babası, atası,  anası və özü haqqında tarixi mənbələri araşdırmışam. Hətta 1226-cı ildə Fransa səfirinin yazdığı tarixi qeydlərlə də tanış olmuşam. Onu da demək lazımdır ki, 1200-cü illərdə Azərbaycana necə əzab verilib. Çingiz xanın nəvəsi Qızıl Orda  xanı Toğrul Azərbaycandan 200 minə yaxın əsir aparıb. Çingiz xanı türk sərkərdəsi hesab edib yazılarımı tənqid edənlərə burdan da demək istəyirəm: Çingiz xanı böyük türk sərkərdəsi kimi göstərməklə öz tariximizi monqollaşdırırıq. Çingiz xalq yalnız öz xalqının tarixi qəhrəmanıdır. Ulu babalarımız bizi bağışlamazlar ki,  xalqımıza, millətimizə divan tutan bir adamı qəhrəman kimi qəbul edək. Gəncədə 1231-cı ildə insanlar öz övladlarını diri-diri yandırırdılar ki, Çingiz xan ordusuna əsir düşməsinlər. O istiladan sonra 5 il Gəncə şəhəri xarabalığa çevrildi. Çingiz xan istilaları olmasa idi, dünyada bu gün 7 yox, 17 milyard insan yaşayardı. Mənimlə razı olmayanlar qeyd edirdilər ki, necə yəni, belə çıxır ki, Çingiz xan 10 milyard insan öldürüb? Cavab verirəm ki, o dövrdə Xarəzm xanlığında 1 milyon 600 min insan yaşayanda İngiltərədə, Fransada 60-70 min insan yaşayırdı. İndi baxın Xarəzmdə nə qədər insan yaşayır, İngiltərədə, Fransada nə qədər?! Xarici ölkə səfirləri qeyd edirdi ki, qala divarları arasından insan yağı axırdı. Yəni insanları diri diri qala divarlarına hörmüşdülər. Bu monqolların psixologiyası idi. Onlarda güclü olan insan sağ qalırdı və hökm verirdi. Bu prinsip həm insanlar, həm də qəbilələr arasında özünü göstərirdi.

- Hazırda yazdığınız əsərdə hansı tarixi hadisələrdən bəhs edəcəksiniz?

- Son yazacağım əsərdə Atilla nəvələrinin Azərbaycanla əlaqələri, hunların başqa türk xalqları ilə qarşılıqlı münasibətləri və onların səbəbləri barəsində danışılacaq. Onların bərabər yaşadığı ərazilər bu gün üçün çox maraqlı olar. Bu günlərdə də o ərazilərdə dövlət tərəfindən qazıntı işləri aparılır. İnşallah uğurla başa çatar. Ümumiyyətlə, o, tariximizdə çox böyük bir mərhələdir. Tovuzda Göytəpədə tapılan qazıntıların yaşı 9 min ilə gedib çıxır. Bu nəinki Azərbaycan, eləcə də dünya tarixi üçün yeni bir mərhələdir.

– Özünüz polis işçisisiniz. Amma tarixi mövzuda yazdığınız əsərlər kifayət qədər araşdırma tələb edir. Siz buna lazımı vaxt tapa bilirsizmi?

– Çingiz xanla bağlı yazdığım romanın müzakirəsində də bu söz mənə deyilmişdi. Deyirdilər ki, Monqolustana getməmiş, arxivlərdə işləməmiş, onun haqqında necə əsər yazmaq olar? Amma əsər də yazıldı, yaxşı da qarşılandı. Mənə elə gəlir ki,  əgər öz işini sevirsənsə, istənilən halda onunla məşğul olmağa vaxt tapacaqsan. Düzdür, bəzən vaxt olmur. Hər gün 30 səhifə yazıram.

– Ən yeni tarix, Qarabağla bağlı faktlar də sizdə az deyil. Bunları daha əətraflı bir roman çərçiivəsinə salmaq fikriniz varmı?

– Tarixə baxanda görürük ki, nə zaman ki,  bizdə dövlətçilik faktı zəif olub o zaman ermənilər baş qaldırıb. Odur ki, özümüz öz dövlətimizi qorumalıyıq. Onu da deyim ki, Qarabağın qayıtması get-gedə reallaşır. Artıq onlarda kütləvi köçlər baş alıb gedir. Mən ən son tarixlə bağlı “27 ildən sonra” əsərimdə məlumat vermişəm. Qarabağ döyüşlərinin birində Çingiz xanın döyüş  taktikasından  istifadə olunaraq bir kənd geri qaytarılıb. Bununla bərabər başqa maraqlı faktlar da o kitabda var.

- Niyə Azərbaycan tarixi uzun illər qara pərdə arxasında qaldı?

- BDU-nun tarix fakültəsində oxuyanda bizə tariximizi tamam başqa formada keçirdilər. Müstəqillik qazandıqdan sonra isə tariximiz yenidən yazıldı və araşdırılmağa başlanıldı. Təbii ki, bu gün də tarixin tapılmayan sirləri daha çoxdur. Get- gedə onlar da aşkarlanmalıdır. Abdal şəhərinin tapılması göstərdi ki, tariximiz düşündüyümüzdən də qədimdir!

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!