Modern.az

Fazil Mustafadan Yaqub Mahmudova - “Bunun nəyi fakt oldu?”

Fazil Mustafadan Yaqub Mahmudova -  “Bunun nəyi fakt oldu?”

Aktual

15 Oktyabr 2014, 17:28

Bunun nəyi fakt oldu? Hörmətli millət vəkili Yaqub Mahmudovun şərhləri elə bir üslubda təqdim olunmuşdur ki, birbaşa o zamankı Osmanlı hökumətini və Azərbaycan Milli Şurasını ittiham altında saxlamaq məqsədi daşıyır. İstərdim ki, yazını oxuyandan sonra ziddiyyətlərə diqqət yetirəsiniz. O zaman Azərbaycanı bizdən bəlkə də qatqat-artıq sevən insanlar məgər düşünməmişdilər hansı qərarı qəbul edirlər? Real vəziyyəti təsəvvürə gətirsəniz, görərsiniz ki, başqa qəara qəbul edilməsi üçün böyük bir silahlı gücə malik olmaq lazım idi. Belə güc olsaydı elə 1918-ci ilin mart ayında Bakıda və bölgələrdə erməni qətliamının qarşısını alardılar da?

Yaqub müəllimin o fikri ilə razıyam ki, bu qərarı Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməməsinə görə ləğv etməliyik. Ancaq sətiraltı o vətənpərvər insanları ittiham altında buraxmaqla qətiyyən razılaşmaq olmaz.
Ziddiyyətləri təqdim edirəm:

1) Bir yandan yazır ki, Rusiya, İngiltərə, Fransa və ABŞ gələcək erməni dövlətinin Osmanlı Türkiyəsi ərazisində – Şərqi Anadoluda yaradılmasına tərəfdar idilər. Azərbaycanın arxalandığı və məğlubiyyət qarşısında olan Osmanlı Türkiyəsi isə “erməni təhlükəsi”ni özündən, yəni Şərqi Anadoludan uzaqlaşdırmaq üçün erməni dövlətinin Türkiyə sərhədləri xaricində – Osmanlı hərbi qüvvələri tərəfindən zəbt olunmuş Azərbaycan torpaqlarında yaradılmasına çalışırdı: “Azərbaycan tərəfinin, real olaraq, həm böyük dövlətlərin təzyiqlərinə, həm də ölkənin bütün ərazilərində soyqırımları həyata keçirən daşnak-erməni silahlı birləşmələrinə və onların arxasında duran dövlətlərə silahlı müqavimət göstərmək gücü yox idi. Buna görə də, Azərbaycan milli hərəkatının xadimləri ermənilərə dövlət yaratmaq məsələsində Osmanlı Türkiyəsinin diktəsi ilə hərəkət edirdilər, daha doğrusu buna məcbur idilər".
Demək ki, real olaraq müqavimət gücümüz yox idi və bu əsas faktor sayıla bilərdi. Biz Qarabağda da atəşkəs sazişinə keyfimizdən getməmişik ki? Demək real gücümüzü nəzərə alaraq günün tələbinə görə bəzi addımları atmaq məcburiyyətindəsən. O zaman əsas hədəf müstəqil dövlət yaratmaq idi, bunun da yolu Ermənilərin də dövlət qurma istəyinə güzəştə getməkdən keçirdi.

2) Batum danışıqlarının lap başlanğıcındaca məlum oldu ki, həqiqətən də, Osmanlı Türkiyəsi “erməni təhlükəsini” özündən uzaqlaşdırmaq üçün gələcək erməni dövlətinin Azərbaycan ərazisində yaradılması siyasətini yeridir. Sonra hörmətli
Y.Mahmudov deyir ki, Türkiyənin hakim siyasi dairələrində Cənubi Qafqazda erməni dövləti yaradılması məsələsində fikirayrılığı var idi. Sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövləti yaradılmasının əleyhinə idilər və bu məsələdə “çibanı kökündən təmizləmək” tərəfdarı idilər. O zaman bu necə Osmanlı siyasəti oldu ki, əsas hakim şəxslər burada belə bir dövlətin yaranmasının əleyhinə idilər? Bunlardan da böyük kimsə vardı ki, bizi məcbur etsin?

3) Yuxarıda bildirilir ki, "Azərbaycan milli hərəkatının xadimləri ermənilərə dövlət yaratmaq məsələsində Osmanlı Türkiyəsinin diktəsi ilə hərəkət edirdilər, daha doğrusu buna məcbur idilər." Yenə də yuxarıdakı tezislə üst-üstə düşmür, Osmanlıdan belə bir diqtə yox idisə, o zaman buna niyə məcbur olmalı idilər?

4) Yazılır ki, Azərbaycan tərəfi Tələt paşa və Ənvər paşanın “çibanı kökündən təmizləmək” siyasətinin əleyhinə idi və “kiçik bir erməni kantonunun” yaradılmasını təklif edirdi: “Azərbaycan tərəfi belə bir təkliflə çıxış edərkən inanırdı ki, bu güzəşt müqabilində, yəni ermənilərə Azərbaycan torpaqları hesabına “kiçik bir kanton” yaradılacağı halda ermənilərin Türkiyə ərazilərindən Azərbaycan torpaqlarına, o cümlədən Bakıya axınının qarşısı alınacaq, ermənilər Azərbaycan xalqına qarşı soyqırımlarını dayandıracaqlar və bir daha ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyəcəklər. Azərbaycan tərəfi güman edirdi ki, bu addım həm də böyük dövlətlər tərəfindən rəğbətlə qarşılanacaq”. Bu şərtlər altında müstəqil dövlətimizi qurmaq üçün güzəştə getməkdən başqa bir yol vardısa, buyurub onu təklif etsinlər? Erməni sonrakı gedişatda, öhdəliyinə əməl etməyibsə, bu yenə də bizim zəifliyimizdən doğan bir durumdur, burada kimisə ittiham etmək üçün ciddi bir əsas tapa bilmirəm.

5) "Beləliklə, Batum danışıqlarında yuxarıda göstərilən məsələlərlə bağlı ilkin razılaşma əldə olunduqdan dərhal sonra, hələ Batum müqavilələrinin bağlanmasına, yəni 1918-ci il iyunun 04-nə bir həftə qalmış, 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə qədim Azərbaycan şəhəri İrəvan onun ətrafındakı 9 min kv.km ərazini əhatə edən torpaqlarla birlikdə ermənilərə verilib."

Sonda: Əgər torpağı əldə saxlamaq belə rahat idisə, Dağlıq Qarabağ və onun ətrafını ki, qərarla verməmişik, onları niyə geri qaytara bilmirik? Demək ki, real tarixi şərtlərdə elə maneələr var ki, onu dəf etmək çətin olur. O halda, nə dünən, nə də bu gün özümüzü ittihamçı yerinə qoyub bizdən daha çox vətənpərvər olduqlarını sübuta yetirmiş insanları əsassız şübhə altında saxlamayaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır