İyulun 31-də saat 16.45 radələrində Xalq Cəbhəsi və Müsavat partiyaları, eləcə də Demokratiya Uğrunda İttifaq Bakıda icazəsiz etiraz aksiyası keçirib. Modern.az-ın məlumatına görə, aksiyadan əvvəl polis xəbərdarlıq edib ki, Bakı şəhər İcra Hakimiyyəti təqdim olunan yerlərdə mitinq keçirməyə icazə verməyib, ona görə də mitinqin qarşısı alınacaq.
Xəbərdarlığa baxmayaraq müxalifət nümayəndələri Səbail rayonu, Fəvvarələr meydanında icazəsiz aksiya keçirməyə cəhd edib. Kiçik qruplar şəklində Fəvvarələr meydanına gələn müxalifət nümayəndələri “Azadlıq”, “Azad seçki”, “İstefa” şüarları səsləndiriblər. Polis aksiyanın qarşısını almaq üçün müxalifət nümayəndələrini saxlayaraq ərazidən uzaqlaşdırıb. Aksiyada Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn, həmçinin Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacılı da iştirak edib.