Modern.az

“Jeep”də əyləşən dilənçilər - FOTOLAR

“Jeep”də əyləşən dilənçilər - FOTOLAR

Aktual

20 Oktyabr 2014, 14:57

Paytaxt Bakının günbəgün inkişaf göz önündədir. Amma onun illərdən bəri simasının “qüsuru” olan diləçilər azalmaq bilmir. Əksinə, gözəlləşən Bakının timsalında onlar da öz əhatə dairələrini daha da genişləndirirlər.

Hər gün “Neftçilər” metrostansiyasının yanından ötüb keçənlər sanki sıraya düzülmüş dilənçiləri görməmiş deyillər. İkisi qadın olmaqla  üç ahıl insan havanın isti, soyuq olmasından asılı olmayaraq, günün istənilən saatı “iş başındadır”.

Bu gün səhər saatlarında qulaqlarımla eşitdiklərim yarı ciddi, yarı zarafat məni güldürdü. Yaşlı qadın o birinin yanına gələrək “səhərdən qara qəpyin də sahibi olmamışam” dedi. Bu onu göstərir ki, həmin insanlar bu fəaliyyətə əsl iş yeri kimi baxırlar.

“Allahın adına”, “Allah yolunda”, “Bir çörəkpulu“ deyib insanlara yalvaran bu dilənçilərin maraqlı xüsusiyyəti ondan ibarətdir ki, onlar oradan keçənlərə yaxınlaşmır, “yapışqanlıq” etmirlər. Öz “toçkalarında” dayanmaqla əməli fəaliyyətlərini davam etdirirlər.
 
Sözügedən metrostansiyanın girişində, “Mc Donalds”ın qarşısında dayanan, ayağındakı yaranı açıq şəkildə nümayiş etdirməklə pul qazanan orta yaşlı kişi və ən əsası heç də pis geyimdə olmayan, yanında 10-12 yaşlarında oğlan uşağı olan 35 yaşında bir qadın daha var. Qəribəsi də budur ki, əlində bir topa həkim reseptləri, müayinə kağızları tutan bu qadının yanındakı uşaq günün əksər saatlarında yatmış olur: ayaq üstə, anasına söykənmiş vəziyyətdə, oturmuş halda. Uşaq olmasına baxmayaraq, az hallarda onu əlində nəsə yeyən görərsiniz. Bəzi insanlar sakit dayansın deyə, uşaqlara yuxugətirən həblər verildiyini iddia edərək axşam saatlarında həmin ana-balanın “Jeep” markalı avtomobilə əyləşərək üzü “Qara Qarayev” metrostansiyasına doğru getdiyinin şahidi olublar. “Jeep”də əyləşmək və dilənçilik. Qəribə təzaddır...

Bir müddət əvvəl dilənçiliklə məşğul olanlar sırasında qaraçılar daha çox nəzərə çarpsa da, bu dəfəkilər onlardan deyil. Xalis “bizimkilər”dir. Əvvəllər daha çox metrodakı qatarlarda pul qazanan qaraçılar demək olar yoxa çıxıb. Çox az hallarda onları görə bilirik. Budəfəkilər daha çox əlini, qolunu itimiş əlil insanlardır.

Daha çox isə “Xalqlar Dostluğu”, “20 Yanvar” stansiyaları ətrafı, magistral yollarda dayanan əlil dilənçilərin sayı-hesabı yoxdur.

Daxili İşlər Nazirliyi məsələylə bağlı hər dəfə verdiyi açıqlamalarda “bu məxluqlar”la mübarizədə aciz olduğunu, onları məsuliyyətə cəlb etmək üçün xüsusi bir maddə olmadığından yalnız əməliyyatlar keçirərək gəldikləri yerə yolladıqlarını bildirir.

Maraqlısı isə onların polis əməkdaşları ilə yaxınlığıdır. 2-3 metr aralıda dayanan polis əməkdaşları bu rüsvayçılığa “nəyə görə”, “hansı haqla susur” sualları isə uzun illərdən bəri cavabsız qalıb. Bəlkə də heç cavab verilməsini gözləmək də əbəsdir. Atalar demiş: “Görünən kəndə nə bələdçi?”










Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu