Modern.az

Türkiyə Kobanini xilas edəcəkmi? - TƏHLİL

Türkiyə Kobanini xilas edəcəkmi? - TƏHLİL

20 Oktyabr 2014, 18:30


Suriyanın Hələb vilayətinin inzibati vahidi olan Ayn-əl-Ərəb (Kobani) şəhəri 60 min sakinə malik orta şəhərlərdən biridir. Türkiyəyə maksimum yaxınlıqda yerləşən Ayn-əl-Ərəb şəhərinin əsas əhalisini kürdlər təşkil edir. Şəhər qeyri-rəsmi olaraq Suriya Kürdüstanının əsas mərkəzlərindən sayılır. Kürd dilində Kobani adlanır və məhz bu adla şəhər son 2 ayda dünyanın əsas gündəmlərindən birinə çevrilib.

Sentyabrın 16-dan bəri Kobanidə Suriya Kürdüstanı Demokratik İttifaqının hərbiləşdirilmiş üzvləri, PKK terror təşkilatı ilə artıq dünyanın əsas qlobal problemlərindən birinə çevrilən “İslam dövləti” terror təşkilatı arasında qanlı küçə döyüşləri gedir. Həm Suriya, həm də İraqda geniş əraziləri zəbt edən terrorçuların Kobanini də ələ keçirəcəkləri halda Suriya-Türkiyə sərhədini tam nəzarətə götürəcəkləri və bununla da Şimali Suriyada özlərinə etibarlı cəbhə yaradacaqlar. Digər tərəfdən, nəzarət altında aldıqları ərazilərdə xristianlara, yezidilərə, şiələrə və kürdlərə qarşı repressiyalar təşkil edən “İslam dövləti” üzvlərinin Kobanini ələ keçirəcəkləri halda “soyqırımı” törədəcəkləri də heç kəsdə şübhə yaratmır.

BMT ekspertləri ən pis halda 15 minə qədər sakinin bu zaman edam olunacağını hesab edir. Qərb dövlətləri - ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İsveç, Danimarka, Çexiya və digər dövlətlər yaranmış situasiyada Şimali İraqdakı kürd muxtariyyətinə maddi-texniki yardım, o cümlədən silah-sursatın göndərilməsinə başlayıb. Həm İraq, həm də Suriyadakı “İslam dövləti” mövqeləri sərt bombardmana məruz qalıb. Quruda isə kürd peşmərgələrinin NATO ilə kordinə olunmuş hücumları başlayıb. Lakin bütün bu addımlar “İslam dövləti”nin törətdiyi təhlükəni sovuşdura bilməib. Böyük kürd icmasının yaşadığı Qərbi Avropada kütləvi iğtişaşlar baş verib. Bu etirazların kulminasiya nöqtəsi olaraq Avropa parlamentinin binasının kürd fəalları tərəfindən zəbt olunmasını və Türkiyədə 30-dan artıq insanın həyatını itirdiyi küçə etirazlarını xatırlamaq olar. Yaranmış situasiyada ən çox tənqid hədəfinə çevrilən Türkiyə dövləti olub. Qərb dövlətləri birbaşa sərhədləri olmasa da, İraq və Suriya kürdlərinə yardım etmək üçün aviasiya hücumlarından istifadə etdilər, bundan başqa, kürd peşmərgələrinə loqistik yardım, hava yolu ilə silah-sursat və ərzaq da göndərildi. Xatırlamaq lazımdır ki, məhz ABŞ aviasiyasının oktyabrın 16-da “İslam dövləti”nin mövqelərinə endirdiyi dəqiq hava zərbələri Kobaninin 40 faizini ələ keçirən terrorçuların şəhər hüdudlarından kənara çəkilməsi ilə nəticələnib. Lakin sentyabrdan bəri sərhədlərində davam edən gərginlik türk rəhbərliyi tərəfindən laqeydliklə qarşılanıb.



Üç tərəfdən “İslam dövləti”nin mühasirəsində olan Kobani şəhəri ilə yeganə həmsərhəd dövlət – Türkiyə konfliktə tək qoşulmayacağını və müəyyən şərtlərinin olduğu açıqlayıb. Ərdoğan hökumətini narahat edən əsas məqamlardan biri – Kobaninin müdafiəsində iştirak edən PKK terrorçularının “İslam dövləti”nə qarşı vuruşması faktı idi. Qərbin kürd peşmərgələri üçün ötürdüyü silahları Kobanini müdafiəçilərinə verməli olan türklər silahların PKK-nın əlinə keçməsindən və gələcəkdə rəsmi Ankaraya qarşı istifadə olunmasından narahatdır. Digər səbəb isə Rəcəb Tayyib Ərdoğanın artıq şəxsi düşməni halına gəlmiş Suriya prezidenti Bəşər Əsədin devrilməsi ilə bağlı idi. Türkiyə Bəşər Əsədin devrliməsi ilə nəticələnəcək beynəlxalq əməliyyatın keçiriləcəyi təqdirdə öz quru sərhədlərindən Suriyaya müdaxilə etməyə və “İslam dövləti”nə qarşı müharibəyə başlaya biləcəyini açıqlamışdı. Kobanidəki vəziyyət nə qədər gərgin olsa da, rəsmi Ankara heç zaman Suriya münaqişəsinə tək başına cəlb olunmayacağını bildirmişdi. PKK-nı silahlandırmaqda davam edən ABŞ Türkiyənin qətiyyətli mövqeyi ilə üzləşdiyindən “İslam dövləti” təhlükəsini neytrallaşdırmaq üçün alternativ yollardan istifadə etməyə çalışacaq. Ölkəsinin heç zaman Suriyaya əsgər göndərməyəcəyini deyən Barak Obama Türkiyədən sonda regionun digər ölkələrinin hərbi qüvvələrindən istifadə etməyi düşünür. Lakin bu riskə gedəcək ölkələrin sayı hər gün daha da azalır.

Nəticə olaraq isə Kobani və bütövlükdə İraq-Suriya cəbhəsində gərgin situasiyanın hələ qarşıdakı bir neçə ayda öz mövcudluğunu saxlayacağını proqnozlaşdırmaq olar. Yerli kürd qüvvələrinin və Qərb aviasiyasının gücsüz qaldığı “İslam dövləti” təhlükəsi yalnız Türkiyə dövlətinin məsələyə müdaxilə etməsi ilə öz həllini tapa bilər. Bunun üçün isə Qərb və region kürdləri Türkiyənin dövlət maraqlarını nəzərə almağa məcbur olacaqlar.

Vüqar İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir