Modern.az

Kolumbiyanın Bakıdakı müvəqqəti işlər vəkili: “Bu qeyri-adiliyə ancaq Azərbaycanda rast gəldim” - MÜSAHİBƏ

Kolumbiyanın Bakıdakı müvəqqəti işlər vəkili: “Bu qeyri-adiliyə ancaq Azərbaycanda rast gəldim” - MÜSAHİBƏ

22 Oktyabr 2014, 12:44

Assad Xose Xater Penya: “Mübarizə apara bilsəniz, onda futbol məktəbiniz yaranacaq”


Kolumbiya narkotikdən daha çox  ziyan çəkən ölkələrdən olub” 

Kolumbiya bizə uzaq ölkə olsa da, həmişə maraqlı görünüb,  müxtəlif məzmunlu teleserialları, Markesi, futbol oyunçuları, qəhvəsi, gözəl model xanımlarıyla.  Bununla yanaşı, kolumbiyalıların sərt xarakterli olduğunu da söyləyirlər...

Bu ölkənin Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşümüzün məqsədi də Modern.az saytının oxucularını Kolumbiya ilə daha yaxından tanış etməkdir. Səfirliyin ofisinin pəncərəsindən bütün Xəzər dənizi, Bayraq Meydanındakı üç rəngli bayrağımızın dalğalandığını görmək mümkündür. Elə söhbətə də göydələnin pəncərəsindən Bakımızı necə görünməsiylə başladıq. 

8 aydır Bakıda olan kolumbiyalı müvəqqəti işlər vəkili 24-cü mərtəbədən Bakını necə görür?

- Fevral ayından Bakıdayam. İlk günlər administrativ məsələlərlə məşğul oldum. Demək olar ki, diplomatik fəaliyyətə may ayında başladım. 24-cü mərtəbədən bütün Bakı görünür. Oturduğum yerdən Xəzər dənizini seyr edirəm. Dənizə baxanda bu məni bir anlığa tarixə aparır və Azərbaycanın böyük zəngin tarixi olduğunu görürəm. Yəni məndə həm nostalji hislər, həm də tarixi məqamlar oyanır.  Bu pəncərədən baxanda eyni zamanda Bakı şəhərində iqtisadi inkişafın şahidi oluram.

Necə düşünürsünüz, Kolumbiya Azərbaycanda hansı məqamlarla assosiasiya olunur?

- Düşünürəm ki, Kolumbiyanın zəngin mədəniyyətini Azərbaycan tanıyıb. Qabriel Qarsiya Markeslə tanışdılar.  2012-ci ildə dünya şöhrətli müğənni Şakira Bakıda olub. Bundan başqa, Azərbaycanda rastlaşdığım insanlar tanınmış rəssam və heykəltaraş Fernando Boteronu, “Formula” yarışlarının qalibi Xuan Pablo Montoyanı, milli futbol komandamızın və hazırda Madrid “Real”ının ulduz oyunçusu Xames Rodriqosu, tanınmış alim Rodolfo Linası tanıdıqlarını deyir. Əsas isə Kolumbuya qəhvəsidir ki, bu da Kolumbiyanı tanıtdırır.

Qəhvədən söz düşmüşkən, dünyada ən keyfiyyətli qəhvə Kolumbiyada yetişir və dünya bazarında özünəməxsus yer tutur. Amma Latın Amerikası deyincə, ilk xatırlanan Braziliya qəhvəsi olur. Bunu necə başa düşək?

- Bu qeyri-adi fikirlərə ancaq Azərbaycanda rast gəlmişəm. Sizin də dediyiniz kimi, bizim qəhvə dünyada keyfiyyətli qəhvələrdən biri hesab olunur. Braziliyaya gəlincə, onlar daha çox eksport edir. Düşünürəm ki, ən gözəl qəhvə Kolumbiya qəhvəsidir. Bunu tək mən yox, bizim qəhvənin dadına baxan hər kəs təsdiq edir. Qəhvə bazarı tez-tez dəyişilən bir bazardır. Əlavə edim ki, ölkəmiz həmçinin, qiymətli zinət daşı olan emirald ilə də tanınır. Gül ixracına görə Kolumbiya dünyada ikinci yerdədir.  

Kolumbiyanın da Azərbaycan kimi neft ehtiyatları var, Latın Amerikası ölkələri arasında neft ixracına görə 4-cü yeri tutur. Neft ixrac edən ölkələrlə bağlı birmənalı mövqe yoxdur. Bəzi fikirlərə görə, neft ölkəni tənbəlləşdirir, digər sahələrdə inkişafa mane olur və s. Həmçinin, hər zaman xarici təzyiqlərin obyekti olur, öz siyasətində həmişə neft amili nəzərə alınır. Siz necə düşünürsünuz, neft Kolumbiyaya nə verib və nələri alıb?

- Düzdür, neftimiz olsa da, başqa sahələrdə də inkişaf var. Amma ölkə gəlirin 40 faizə yaxınını nefdən əldə edir. Karbon məhsulları eksport edir, qəhvə, gül, tropik meyvələr, hazır yemək məhsulları, xüsusi ət çeşitlərimiz var, o cümlədən tekstil məhsulları dünya bazarına çıxarırıq.



Kolumbiya zəngin təbii resursları ilə yanaşı, həmçinin əlverişsiz çoğrafi şərtləri ilə seçilir. Məsələn dağlar, bataqlıqlar və s. Deyirlər ki, bu, kolumbiyalılarda özünəməxsus xarakter formalaşmasına çox əhəmiyyətli təsir edib. Yəni kolumbiyalılar sərtlikləri ilə seçilir. Bu fikirlərdə nə qədər həqiqət payı var?

- Kənardan başqa cür görünə bilərik. Amma biz özümüzü başqa formada görürük. Biz işimizdə sərtik, çünki çox çalışırıq, işləməyi sevirik. Bununla yanaşı çox şən, rahat insanlarıq. Coğrafi tərəfdən Sakit və Atlantik okeanlarla, Karib dəniziilə əhatə olunmuşuq, And dağları, Amazon meşələri var. İqlim bölgələrə görə müxtəlifdir. Ölkənin bir tərəfində 35 dərəcə isti olanda, eyni zamanda digər tərəfinə qar yağa bilər. Təbii ki bu bizim insanların xarakterinə, musiqimizə, yeməyiniz, mədəniyyətimizə təsir edir.Yəni, Kolumbiya öz müxtəlifliyilə seçilir.

Kolumbiya dedikdə, şübhəsiz ki, ölməz Markes, mistik realizm yada düşür. Markesi Azərbaycanda çox sevirlər, hətta fanatları belə, var. Markes sizin üçün, Kolumbiya üçün hansı anlamı kəsb edir?

- Mən və çox insan Qabriel Qarsiya Markesi universal bir kolumbiyalı kimi anlayırıq. Markes tək yazıçı deyildi, o, bütün dünyanın reallıqlarını göstərən bir insan idi. Mədəniyyətlər müxtəlifdir. Asiyada, Çində Markesin kitablarını oxuyanlar deyir ki, biz bu kitablarda özümüzə məxsus xüsusiyyətləri tapırıq, bir sözlə, hər kəs özünə lazım olanları onun kitablarında görə bilir. Düşünürəm ki, o, böyük bir insan olub və ispan dilində ən çox kitabı satılan yazıçıdır. Bibliyadan sonra ən çox oxunan Markesdir. Başqa tanınmış yazıçılarımız da olub, məsələn, Alvaro Mutis, Viliam Ospina.

Markeslə yanaşı, Kolumbiya həmçinin narkotiklər, narkomafiya ölkəsi kimi də tanınır. Düzdür burada Hollivudun da “xidməti” böyükdür. Amma bununla belə,  beynəlxalq hesabatlarda da bu problem xüsusilə vurğulanır. Doğurdanmı narkotik maddələrə ölkənizdə belə çox meyl var? Bəziləri bunu milli mədəniyyətdəki müəyyən izlərlə izah etməyə çalışır... 

-  And dağlarında hindular yaşayırdı. O zaman orada “koka” adlı bir bitki ağaçı var idi. Bu, narkotik ağac deyildi. Soyuqdan isinmək üçün onlar bu bitkinin yarpaqlarını çeynəyirdilər. Bu, o dövrlərdə orda yaşayan insanların bir adətinə çevrilmişdi. Ancaq narkotik ilə heç bir əlaqəsi yoxdur. Narkotiklərə gəlincə, dünya bu bəladan qurtarmaq üçün onunla mübarizə aparır. Narkotika tək Kolumbiyada deyil, dünyada problemə çevrilib. Həşişdən, marixuanadan neçə illər istifadə ediblər. 70-80-ci illərdə Kolumbiyada narkomaniya, narkotranzit genişlənmişdi. Ölkə üçün böyük problem yaranmışdı. Kolumbiya narkotikdən daha çox ziyan çəkən və bununla daha ciddi mübarizə aparan ölkələrdən olub.  O gündən etibarən, bütün illərdə ölkə rəhbərliyində olan insanların apardığı siyasət nəticəsində bu problem həll edildi. Biz onlara və bu işdə bizimlə əməkdaşlıq edən beynəlxalq təşkilatlara təşəkkür edirik. Məsələn, bu problemin aradan qaldırılmasında ABŞ yardımçı olub. Artıq deyə bilərəm ki, Kolumbiya bu problemi həll edə bilir. Bu sahədə yüksək təcrübəyə malikik və Kolumbiya narkotikdən əziiyət çəkən digər ölkələri bununla mübarizə aparmaqla əməkdaşlığa hazırdır. 

- Kolumbiya həmçinin futbolun çox sevildiyi ölkələrdəndir. Bu ilki Dünya Çempionatında dördə bir finala qədər gəldiniz. Siz özünüz necə, futbolla maraqlanırsınızmı, hansı komandalara azerkeşlik edirsiniz?

- Klublar arası oyunlara nisbətən futbol üzrə Dünya Çempionatına baxmağı çox sevirəm. Bir çox kolumbiyalı futbolçular dünya klublarında çalışırlar. Eyni zamanda iki yaxşı kolumbiyalı futbolçumuz var ki, onlar Azərbaycan futbol klublarında oynayır. 

- Yəqin ki, Azərbaycan futbolunda baş verənlərdən xəbərdarsınız. Futbol azarkeşi kimi Azərbaycanda futbolun inkişaf etməsi üçün nə kimi tövsiyyələr verərdiniz?

- Həyatda nəyəsə nail olmaq üçün əziyyət çəkib onu istəmək, mübarizə aparmaq lazımdır. Mübarizə apara bilsəniz onda futbol məktəbi, Azərbaycan stili yaranacaq. İstər-istəməz hər dövlət öz stilini, futbolunu yaradır. Onda bunun həlli yolları tapılacaq.  Hazırda Kolumbiya yaxşıların sırasındadır. 

- Kolumbiya-Azərbaycan əlaqələri hansı səviyyədədir. Azərbaycanın Kolumbiyada, Kolumbiyanın isə ölkəmizdə daha yaxşı tanıdılması üçün hansı addımlar atıla bilər?

- 20 ildir diplomatik əməkdaşlığımız qurulub. Son illər bu əlaqələr genişlənib. Kolumbiyanın Azərbaycanda səfirliyi açılıbsa deməli, Bakı-Boqota, Boqota-Bakı arasında əməkdaşlıq mövcuddur. İkitərəfli ümumi anlayış, dialoq var. İki ölkənin xarici işlər nazirlərinin qarşılıqlı səfərləri baş tutub. Siyasi məsələlərdə əlaqələrimiz yüksəlişə doğru gedir. Sərmayələrin yatırılması, iqtisadi məsələlərlə bağlı əməkdaşlıqda səfirlik səy göstərəcək.

- Ölkələrimiz arasında hansı sahələrədə sərmayə qoymaq olar? 

- Müxtəlif sahələrdə əməkdaşlıq etmək arzusundayıq. Azərbaycanın Kolumbiyaya və Kolumbiyanın Azərbaycana sərmayə qoymasını istərdik. 

-  Ölkənizin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında mövqeyi nədən ibarətdir?

- Kolumbiyada erməni diasporu yoxdur. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Kolumbiya artıq öz fikrini bildirib. BMT-nin Təklükəsizlik Şurasının qətnamələrini tanıyır, ATƏT-in Minski Qrupunun gördüyü işləri dəstəkləyirikik. İstəyirik ki bu münaqişə tezliklə sülh yolu ilə həll olunsun. 

- Latın Amerikası ölkələri, Kolumbiya vətəndaşları 2-3 adlı olur. Elə sizin də adın qarsışında bunu görmək mümkündür. Bunun xüsusi özəlliyi var, yoxsa hüquqi məsələdir?

- Demək olar ki bu hüquqi məsələdir. Bütün ölkələr bunu qəbul edib. Mənə gəlincə, Assad Xose adım, Xater atamin soyadı, Penya isə anamın soyadıdır.



Laçın SƏMLA

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar