Avqustun 3-də isə Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının 2-ci iclası keçirilir. Bu barədə Nəqliyyat Nazirliyindən məlumat verilib.
İclasda Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstan Respublikasının regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvilinin başçılığı ilə Gürcüstan nümayəndə heyəti, eləcə də Türkiyə Cümhuriyyətinin nəqliyyat naziri cənab Binali Yıldırımın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti də iştirak edir.
Əlaqələndirmə Şurasının 2-ci iclasında Qars-Axalkalaki sahəsində tikinti işlərinin gedişi, Türkiyə-Gürcüstan sərhədində tunelin layihələndirilməsi və tikinti işlərinin gedişi, 1520 mm izli vaqonların Türkiyə dəmir yollarındakı qabarit keçidlərinə uyğun texniki parametrlər üzrə görülmüş işlər, Axalkalaki-Türkiyə sərhədi (Kartsaxi) dəmir yolunun tikintisi zamanı yerüstü işlərin aparılmasında SNİP standartlarından istifadə edilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Modern.az