ABŞ Senatının Xarici Münasibətlər Komitəsinin avqustun 3-də keçirmiş iclasında Birləşmiş Ştatları 30-dan çox ölkədə təmsil edəcək səfir namizədləri ilə bağlı səsvermə keçirilib. (Az'rTAc)
On dəqiqəyə yaxın davam edən iclas zamanı komitənin sədri Senator Con Kerri bildirib ki, bəzi səfirlərin namizədlikləri hələ də baxılma mərhələsindədir. Məqsəd nəzərdə tutulan ölkələrə ABŞ-ın “güclü messaj”ını çatdıra biləcək adamlar göndərməkdir. Lakin iclasın yekunlarına görə, səsverməyə qoyulmayan yeganə namizəd Ağ Evin Azərbaycana səfir kimi təqdim etdiyi Metyu Brayza idi.
İclasdan sonra Senatın Xarici Münasibətlər Komitəsində respublikaçı azlığın başçısı Riçard Luqar AzərTAc-a bildirib ki, Metyu Brayzanın namizədliyinin təsdiqi Komitənin digər üzvü Senator Barbara Bokserə görə ləngidilib. Kaliforniyalı xanım Senator komitə üzvü kimi öz hüququndan istifadə edərək Azərbaycana göndərilən namizədin təsdiqini saxlamaqdadır. Luqar ümid edir ki, Metyu Brazyanın namizədliyini tezliklə təsdiq etmək üçün Dövlət Departamenti Senator Barbara Bokserlə müvafiq iş aparır. Metyu Brayzanın namizədliyini əvvəldən dəstəkləyən Riçard Luqar bir daha bildirib ki, diplomatın işini layiqincə yerinə yetirmək qabiliyyətinə əmindir. Bakıda bir ilə yaxın ABŞ səfiri yerinin boş qalmasının ABŞ-Azərbaycan münasibətlərinə təsir edəcəyindən təəccüblənməyən Senator Luqar Ağ Evin bu vəzifəyə namizəd irəli sürməsinin nədən bu qədər uzun çəkdiyinin səbəbini də anlamır.
Senat Komitəsindən AzərTAc-a bildirildiyinə görə, Metyu Brayzanın namizədliyinə növbəti iclasların birində baxılacaq. Xatırladaq ki, ABŞ Konqresi avqust ayında yay tətilinə buraxıldığı üçün bu, ən tezi sentyabr ayında baş verə bilər.