Modern.az

Professor Elçin İsgəndərzadə: “Mənəviyyatsızlığın şahidi oluruq” - MÜSAHİBƏ

Professor Elçin İsgəndərzadə: “Mənəviyyatsızlığın şahidi oluruq” - MÜSAHİBƏ

Aktual

26 Oktyabr 2014, 20:47

“Mədəniyyətsizlik üzündən bu gün dünyanın oksigeni çatmır”

Modern.az saytının “XXI əsrin adamı” layihəsinin bu dəfəki müsahibi professor, şair Elçin İsgəndərzadədir.  

- Elm və mədəniyyət...  XXI əsrdə bunlardan hansı inkişafın ön, hansı arxa cəbhəsidir?

- Mən bu suala iki aspektdən cavab verə bilərəm. Bir öz yaşadığım ömrün timsalında, bir də ümumi şəkildə. İstər XXI əsr, istərsə də ondan əvvəlki əsrlərdə mədəniyyətlərin formalaşmasında elmin müstəsna rolu var.  Elm hər zaman lokomotiv rolunu oynayıb. Orta əsrlərdə arabalardan istifadə edilən dövrün özünə görə mədəniyyəti var idi, indiki texnologiya dövrünün özünə görə mədəniyyəti mövcuddur. Elm mədəniyyəti bir lokomotiv olaraq hər zaman öz arxasınca çəkib aparır. Bu məsələnin ümumi elmi tərəfidir. Məsələyə ikinci yanaşma isə öz subyektiv yanaşmamdır. Həm bir elm xadimi, professor kimi, həm də mədəniyyət-ədəbiyyat adamı kimi mən onların qoşa qanaq kimi vəhdətini yaşamışam. Öz beynimdə bunların hansının qabağa getməsi barədə var gəl edirəm. Amma ən yaxşı yol bu ikisinin vəhdət halında çuğlamasıdır. Təəssüf hissi ilə qeyd edirəm ki, bu gün elm mədəniyyətdən bir az çox boy göstərir.  Elmin  mədəniyyətdən bir az çox boy göstərməsi, Aytmatovun təbirincə desək, insanların manqurtlaşmasına insanların münasibətlərinə, ünsiyyətinə, insani hislərinin zəifləməsinə gətirib çıxarır. Mexanikanın qızıl qanunu var: Yolda nə qədər qazanırsansa, enerjidə o qədər itirirsən. Yaxud enerjidə nə qədər qazanırsansa yolda o qədər itirirsən. Biz də bu gün elmdə nə qədər qazanırıqsa texnologiyada da o qədər itiririk.

- İslamın batini qatında Qərbin hansı düşüncə elementləri var?

- Mən İslamın batini qatında heç bir mənfi hal görmürəm. İnsanlığın çatacağı ali səviyyəni İslam özündə əks etdirir. İnsanın bütün insanlıq atributları və parametrlərini idarə edə biləcək şərtlərin hamısı İslamda var. Bu onun ali kitabı, konstitutsiyası olan Qurani Kərimdə var. Bu gün mən bir faktın ağrısını hiss edirəm ki, Qərb düşüncəsi Şərq düşüncəsini üstələyir. Biz bunu birmənalı şəkildə etiraf etməliyik. Amma yenə də İslamın batininə, dərin qatına gedəndə görürük ki, Qərbin bizə göstərdiyi müsbət kriteriyaların hamısı orda var. Qərbin bizə sərgilədiyi ən böyük atribut demokratiyadır. Bunun özü də İslamda çox geniş şəkildə var. İslamın mahiyyətində qadın azadlığı da yetərin səviyyədədir. Bir kəlmə ilə deyirəm ki, cənnət ananın ayaqları altındadır. Vəssalam,  peyğəmbərin dediyi bu kəlam hər şeyə nöqtə qoyur.

- Şərq filosofu Əbu Turxanın təbirincə desək,  bütün dinlər Şərq hadisəsidir. Bəs XXI əsrin  insanı nə səbəbə sonuncu din olan İslamda qərb təfəkkürünün rüşeymlərini görə bilmir

- Burada bizim İslamdan nə  qədər qopmamız əsas söz məsələnin mahiyyətində bu dayanır. Burada günahı biz özümüzdə axtarmalıyıq İslamda yox, özümüzdə axtarmalıyıq. Sovet dövründə də kağız üzərində yazılan qaydalar qanunlar çox humanist idi. Amma o humanistklik eləcə də kağız üzərində qalırdı. O qaydalara tamam  başqa cür əməl edirdilər. İslam da eynilə ona oxşayır. O dinlik bir şey yoxdur. Bütün günahlar ondan istifadə edən insanlardadır.  

- XXI əsrdə rasionallığa söykənən sivilizasiya ruhsuzluqdan əziyyət çəkirmi?

- Birinci sualda buna  toxunduq. XX əsrin ortalarından etibarən sənayeləşmə getdi. Rasionallıq və elm insanın fiziki əməyini az qala yüzdə yüz, yüzdə səksən faiz asanlaşdırır. Rahatçılıq baxımından insan üçün çox faydalıdır. Mən xatırlayıram ki, biz meşəyə gedib odun yarardıq, sonra evə gətirib onunla evi qızdırardıq. Amma indi mərkəzi istilik sistemi bütün evi qızdırır. Amma gəlin görək odun gətirib yandırdığımız sobanın yanında əyləşib orada etdiyimiz söhbətin ruhu ilə indiki “kombi”nin yanında etdiyimiz söhbətin ruhu birdirmi? Yenə də bayaqkı qızıl qaydaya qayıdaq: yolda nə qədər qazanırsansa, enerjidə o qədər itirirsən, enerjidə nə qədər qazanırsansa yolda o qədər itirirsən. Biz ruhsuzlaşa – ruhsuzlaşa gedirik. Mənim yadıma gəlir. Uşaq vaxtımda bizim qonşuluqda olan evlərin hamısı bir ailə idi. Bu evdə nə bişirilirdisə, o biri evə də pay göndərilməli idi. Yaxud tələbə yoldaşlarımızdan kim başqa bir yerə, tutaq ki, soyuq yerə gedərdisə, biz papağımızı onunla dəyişərdik. Amma indi mən gənclərə baxıram sanki hərə öz “ayfon”unda - öz telefonunda öz dünyasını qurub.

- Bundan çıxış yolları kimi ruh əsas element kimi göstərə bilərik?

- Mən həm elmin texnikanın az, ruhun isə çox  inkişaf etdiyi bir zamanda,  həm də bunun tamamilə əksinə olan bir dövrdə yaşamışam. İstədiyim odur ki,  qızıl orta olsun. Möcüzəli sürətlə inkişaf edən texnologiya ilə insanlığın qızıl ortasını çox istəyirəm. Bu dünyanın nicatı, qurtuluş yoludur. Dünyada bu gün bu yoxdur.

- XXI əsrdə bəşəriyyəti mədəniyyət örtüyü ilə büküb onu yad ünsürlərdən xilas etmək olarmı?

- Yeganə yol bax elə budur. Başqa alternaltiv yoxdur. “Kəssə hər kim tökülən qan izi, qurtaran dahi odur yer üzünü.”  Dünyanı sevgi, mədəniyyət, gözəllik xilas edə bilir və edəcək də. Kalaşnikov rəhmətə gedənə yaxın Roma papasına məktub yazdı ki, mənim günahımı bağışlayın. Nə bağışlayın?! Onu düzəldəndə bilmirdin ki, silah düzəldirsən?! Mən təyyarənin təkərini açıb-yığan mexanizmlərin ixtirasına görə professor adını almışam. Onu edəndə bilmişəm ki,  insanlığa xidmət edirəm. Bayaqdan bu təyyarənin təkərinə 10 manat xərclənirdisə, mənim konstruksiyamdan sonra 8 manat xərclənəcək. Yerdəki 2 manat da qalır dövlətin büdcəsinə. Nə zaman qan izi kəsilə bilər? -  İnsanların savadı,  mədəniyyəti  qaydasında olanda. Adi orta məktəbdə kimlər idi dava-dalaş salan? -Mədəniyyətdən kasad olanlar. Bu gün dünya insanları yaşamaq istəyirlər. Amma mədəniyyətsizlik onları yaşamağa qoymur. Mədəniyyətsizlik üzündən  bu gün dünyanın oksigeni çatmır.

- Hamlet İsaxanlının bir şeirində deyilir:

Damladadır mənalar-
Dənizin dadını bilmək istəsən
Ondan bircə damla istə sən... 

Zəhmət olmasa bu misraların batinində gizlənmiş mənadan danışardız...

- Bu əslində çox məşhur bir atalar sözünün poetik variasiyasıdır. Hamlet İsaxanlı mənim çox yaxın dostumdur. Sağ olsun ki, bunu şeirə gətirib. Çox lazımlı bir fəlsəfədir. Avropanın çox ölkələrində olsam da, Makedoniya mənə daha yaxın olub. İngiltərə, Almaniya onun qədər yaxın ola bilməz. Çünki oranın insanlarının içində bir hegemon oturub sanki. Mənim bu yaxınlarda İngiltərədən qonağım gəlmişdi. Qızımın oxuduğu akademiyada dekan idi. Baxırsan alimliyi bizimkilərin, lap elə Hamlet İsaxanlının alimliyindən iki – üç dəfə zəif olsa da, özünü çox təkəbbürlü aparırdı. O bunu istəməyərəkdən edirdi. Sadəcə bu onun xarakterində idi. Bax həmin bu professor Klem 60 milyondan çox İngiltərənin necə olduğunu göstərən bir damla oldu. Xoşbəxt o insandır ki, ruhu Makedoniya kimi təlqin etdirsin.

- İndiki sivilizasiya poeziyanı özünə ram etməyi bacarıb?

- Nə qədər modern texnologiyalarla təmasda olsam da, mən ruh adamıyam. 13 yaşımdan şeir yazıram. 27 ildir ki, türk poeziyasının içindəyəm. Texnoloji inkişaf bizim poeaziyamızı Salvador Dalinin zamanla qisas fəlsəfəsinə uyğun əyir. Bilirsiz də, Dali zamandan qisas almaq üçün bütün saatları əyri-üyrü çəkirdi. Bunun özü böyük fəlsəfədir. Zamanın qədrini bilməyə xidmət edir. Bu gün  modern sivilizasiya poeziyanın da Dalinin rəsmləri kimi ağzı-burnu əyilir. Daha doğrusu,   buna çalışır. Biz də təbii ki, buna qarşı öz təpkimizi göstəririk. Bir  şairimiz var. Onun oğlu da yazardır. İstadadlı oğlandır, amma öz istedadını belə deyək “əndrabadiliyə” yönəldir. Nəsə qeyri-adiliyə cəhd etməyə çalışır. Amma poeziyada hər şey fəlsəfənin, dialektikanın, müəyyənliyin  sərhədlərində olmalıdır. Mənim indi 50 yaşım var, 5, 10 ildən sonra da desəm ki, 50 yaşım var, bu təbii ki, çox  absurd olur. Axı sən fiziki halımdan o dəqiqə görəcəksən ki, mən 50 yox ,70 yaşlı birisiyəm. Poeziya da bu cür absurd,  qeyri-müəyyən məqamlardan uzaq olmalıdır. Yuxarıda dedik ki, modern texnologiya ilə ruhu tapdamışıq. Poeziya da ruhdan doğur. Bu da avtomatik olaraq o deməkdir ki, sivilizasiya bizim poeziyamızı əcaib hala gətirib.

- Biz öz mahiyyətimizdən uzaqlaşmışıq. Muğamsız, harmoniyasız, Qarabağsız toplum öz mahiyyətindən yıxılıb. Bu bu günki cəmiyyəti öz mahiyətinə qaldırmaq üçün ziyalılarımız nə üçün nərdivan rolunu oynaya bilmir?                        

- Ziyalılarımızın biri mən. Bizim əsgər nə təhər torpağın keşiyində səngərdə dayanırsa, mən də bütün günü milli ruhun keşiyindəyəm. Bu mənim içimdədir qanımdadır. Bu yolun xeyir-duasını mənə Məmməd Araz yazıb. Burada məsələ necədir: Təyyarəni insan yaradıb. Amma o sürətdə təyyarəni ötüb keçə bilərmi? - Təbii ki, yox! Eynilə də insan özünün yaratdığı kompüterdən geri qalır. Heç zaman onu ötüb keçə bilmir. Bu səbədən də indiki gənclik kompüter, “ayfon”, “aypəd”lərin təsiri altındadır. Burada da bir fəlsəfi paradoks yaranır: Əgər insan nə zaman təyyarəni ötüb keçə biləcəksə, o zaman da bu texnologiyanın qarşısını ala biləcək. Biz ziyalılar da bunun qarşısında acizik. Yüyəni elə bir bir az boşlamışıq.

- Bu gün öz işığını axtaran cəmiyyət nəyə görə qaranlığa işığın yox, olan forması kimi deyil, elə zülmətin özü kimi baxır?

- Hər zaman bədbinliklə yox, nikbinliklə qabağa getmək olar. Amma bayaq dediyim təyyarə sürətinə uyğun olaraq bu gün mənəvəyyat geridə qalır, mənəviyyatsızlıq kosmik sürətlə qabağa gedir. Burada da cəmiyyətin maddiləşməsi ən vacib şərtlərdən biri olur. İndi cəmiyyət o qədər maddiləşib ki! Bizə yüksək mənəviyyatı televizyamız aşılayıb. Amma 20 ildir ki, biz məhz bu televiziya və texnologiyanın hesabına mənəviyyatsızlığın şahidi oluruq. Bizim nəsil yenə də buna alışa bilmir. Fundament kök o qədər güclü olub ki, 20 ildir ki bu saxtalıəqla barışa bilmirik. Əvvəlki dönəmdə televiziyada da maddiyyata bu cür bağlılıq yox idi.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər