Modern.az

“Yüksək təhsil haqqı, yüksək təhsil deməkdir”- MÜSAHİBƏ

“Yüksək təhsil haqqı, yüksək təhsil deməkdir”- MÜSAHİBƏ

27 Oktyabr 2014, 12:51

Modern.az saytının “Danışır rektor” layihəsinin budəfəki qonağı Odlar Yurdu Universitetinin rektoru, professor, Əhməd Vəliyevdir.  

O, əvvəlcə “Odlar Yurdu”nun bu günə qədər keçdiyi çətin yol haqqında danışıb:

- Biz bəzi özəl universitetlərdən fərqli olaraq lisenziyamızı alandan sonra fəaliyyətə başlamışıq. Bəzi universitetlər ötən əsrin 90-cı illərində, xaos dövründə heç bir hüquqi sənədi olmadan fəaliyyət başlamışdı. Odlar Yurdu univeristei 1995-ci ildə fəaliyyətə başlayıb. Artıq qarşıdan 20 illiyimiz gəlir. Fəaliyyətə başlayanda cəmi 4 ixtisasımız var idi. Maddi-texniki bazamızı digər istiqamətlərdə də möhkəmləndirəndən sonra çoxşaxəli istiqamətdə və təhsilin ayrı-ayrı pillələri üzrə tədrisə başladıq.

Universitetimizin nəznində orta-ixtisas kolleci yaradıldı. Biz yeganə universitet  idik ki, ali təhsilin bütün  pillələri, eyni zamanda universitetin nəznində orta ixtisas təhsili kolleci və orta məktəbin fəaliyyətinə rəsmi sənədlərlə icazəmiz var idi. Bundan başqa universitetdə məktəbə hazırlıq kimi uşağı 4 yaşından başlayaraq qəbul edir, 5 yaşında artıq biz onları məktəbin 0-cı sinfi kimi qəbul edirik. Bizim məktəbimiz ingilis dillidir. Ona görə uşaqların dil səviyyəsinə görə hazırlığını aparırıq. Ondan sonra 1-ci sinfə başlayırlar.

- Maraqlıdır, universitetin adını niyə Odlar Yurdu qoydunuz?

- O vaxtı bir neçə universitetlərdə ad qoyulmuşdu. Tariximizlə bağlı adların bir çoxu seçilmişdi. Fikirləşdim ki, Odlar Yurdu Azərbaycanın ən qədim tarixidir və bu adı seçdim.

- Keçən illə müqayisədə tələbə qəbulu və plan yerlərində nə kimi dəyişikliklər olub? 

- Tələbə qəbulu bir neçə formada aparılır. TQDK bu prosesi yerinə yetirir.  Bir də digər universitetlərdən bizim universitetə gələnlər olur. Müəyyən universitetlər fəaliyyətlərini dayandıranda onların tələbələri bizə köçürülür. Bütün bunları ümumi cəmləyəndə qəbulumuz normaldır. Bu il  yerlər tam olmasa da, təxminən 90 faiz qəbul planımız dolub. Magistratura pilləsində isə qəbulu 100 % təmin etmişik. Bu pilləyə qəbul daha çox dövlət sifarişi ilə olub.

- Sizcə, bu gün Odlar Yurdu Azərbaycan universitetlərinin reytinqində hansı yer tutur?

- Reytinqlər nisbidir. Baxır reytinqi kim aparır. Mən özüm aparıramsa, təbii ki, fikirləşə bilərəm ki, mənim universitetim bu reytinqində birincidir. Hanısısa bir QHT araşdırma apara bilər. Azərbaycanda hələlik reytinq müəyyənləşdirən qurum yoxdur. Bir də görürsən ki, zəng edirlər: Biz universitetlərin reytinqini müəyyən edirik. Siz nə 1-ci, 5-ci, 7-ci yerdəsiniz. Mən onlara fikir vermirəm. Çünki bu normal deyil. Bu reytinq məsələsində hansı meyarları əsas götürürlər? Ümumiyyətlə, təhsil müəssisəsi ən ağır sahədi. Universitetimiz fəaliyyətə başlayanda bizim binamız olmayıb. İlk dəfə Bədən Tərbiyəsi və İdman Akademiyası ilə icarə müqaviləsi bağlayıb orada fəaliyyət göstərmişik. Sonrada “Azərsu” Layihə İnstitutu ilə icarə müqaviləsi bağlayıb ora köçmüşük. İndiki mbinanı sonradan tikmişik.

Təhsil üçün hazırda maddi texniki bazamız standartlara caba verir. Mən dünyanın müxtəlif universitetlərdə oluram. Müqayisə aparıra, bizim maddi texniki baza yüksək səviyyədədir. Bizdə əvvəl tibb ixtisasları olub. Bu il də buraxılış var. Lisenziyamız da var. Sadəcə olaraq qəbul planı vermirlər. Tibblə bağlı lazım olan bütün avadalıqlarımız var.

- Bəs, kadr potensialınız hansı səviyyədədir?

- Kadr potensialı normaldır. Xaricdən də müəllimlər dəvət edirik. Türkiyənin Mövlana proqramına qoşulmuşuq.

Təkcə orta məktəbimizdə 30 əcnəbi müəllim var.

- Universitetin tələbə yataqxanası problemi var?

- Tələbə yataqxanası bu gün ümumi problemdir. Dövlət təhsil müəssisələrinin yataqxanaları məcburi köçkünlərə verilib. Nəzərdə tutmuşuq ki, başqa yer ala bilməsək, universitetin sahəsində müəəyən qismi təmin edəcək yataqxana tikək.

Azərbaycan cəmiyyətində özəl təhsilə baxış sanki birmənalı deyil. Əvəllər bu daha çox hiss olunurdu. Özəl təhsilə baxış sizi qane edirmi?

- Bu gün özəl və dövlət sözü müəyyən qədər aradan çıxıb. Əvvəl yanaşma tərzi fərqli idi. Bazar iqtisadiyyatı deyəndə kolxoz başa düşüldüyu kimi, təhsildə də özəl sahə xatırlanırdı.

Özəl və dövlət olmasından asılı olmayaraq bütün təhsil müəssisələri eyni qanunla tənzimlənir. Özəl universitet yeniliyə daha çox meyillidir. Yeni təhsil qanunu qəbul olunana qədər özəl və dövlət universitetləri arasında maliyyələşmədə bir qədər fərqlər var idi. Amma qanun qəbul olunandan sonra bu, da aradan qalxdı. Dövlət, özəl olmasından asılı olmayaraq hər ikisində dövlət sifarişi və ödənişli yerlər var. Dövlət və özəl sözünün işlənməsi doğru deyil. Hər universitet adı ilə çağrılmalıdır. Hansısa işə düzələndə soruşmurlar ki, dövləti qurtarmısan, ya özəlıi?

Amma soruşanlar var...

- Ola bilər ki, ya sovetlər dövründən qalan və o düşüncədən çıxa bilməyən bir qrup adam var, ya da ki, işə götürmək istəmir. Hüquq fakültəmiz olub. 2006-cı ildə fəaliyyəti dayanıb. Həmin fakültəni bitirinlərin əksəriyyəti imahan verib və hüquq-mühafizə orqanlarında işləyirlər. İş sahibləri mütəxəssis axtarır. Onlara kadrın özəl və ya dövlət universitetini bitirməsi önəmli deyil.

- Elmlə təhsilin sinteziindən danışaq. Millət vəkili kimi deyə bilərsizmi, parlamantdə “Elm haqqında” Qanunun qəbulu Azərbaycan elm və təhsilinə hansı dəyişiklər edəcək?

- Payız sessiyasında “Elm haqqında” Qanun layihəsinin müzakirəsi nəzərdə tutulub. Qanun o sahənin fəaliyyətini tənzimləmək üçündür. Qanun buarada inqilabi çevriliş edəsi deyil. Qanun fəaliyyətdən gəlməlidir. Qanunu qəbul edib fəaliyyətə başlamaq yox, fəaliyyət göstərib ordan qanunu çıxarmaq daha məqsədəuyğundur. Milli Elmlər Akademiyasında da, ali təhsil müəssisələrində də elmi istiqamət tam şəkildə yerindədir. Onu deyə bilərəm ki, qanun elmə mane olan müəyyən parametrlərin aradan qalxmasına kömək edəcək.

- Elmlər Akademiyasının fəaliyyəti sizi qane edirmi? Xaricdə dərc olunan azərbaycanlı alimlərin məqalələrinin sayı o qədər də çox deyil...

- Biz gənc dövlətik. Akademiya da elmimizin qürur yeridir. Hazırda elmi istiqamət bir qədər zəifləsə də, fəaliyyət var. Akademiyanın nəzdində fəaliyyət göstərən institutlar öz işlərini görməsələr, onları saxlamazlar. Əvvəlcə təhsili gücləndirmək lazımdır, elm ondan sonra gəlir. Bu sahələrin təbii ki, hər ikisində müəyyən problem var.

- Əhməd müəllim, universitetinizdə təhsil haqqı necə müəyyənləşir?

- Təhsil haqqı tədris prosesinin keyfiyyəti deməkdir. Kadr hazırlığının keyfiyyəti deməkdir. Təhsil müəssisəsinin nə qədər çox maliyyəsi olsa, o qədər tədris prosesini keyfiyyətli qurmaq imkanına malik olar. Bəzən təhsil haqqına mənfi yanaşma olur: İnsanların maliyyəsi yoxdur, məbləğ yüksəkdir. Ancaq mən onun əleyhinəyəm. Dövlət şərait yaradıb. İmkansız adam da çalışıb daha yaxşı oxusun və gəlib dövlətin maliyyəsi ilə oxumaq səviyyəsinə çatsın. Bizdə təyin olunan təhsil haqqı olduqca azdır. Biz onu artırmalıyıq. O universitetin ki, təhsili yüksək səviyyədədir, oranın təhsil haqqı da yüksəkdir.

- Amma təhsil haqqını müəyyən edəndə cəmiyyətin yaşayış tərzini nəzərə almaq lazımdır...

- Bəli, biz onu nəzərə alırıq. Bu, problemdir. Təhsil haqqı insanların durmuna görə müəyyən olunduğu üçün bizdə bu, çox aşağıdır. Cəmiyyətdə insanların yaşayışını nəzərə almasaydıq  təhsil haqqını çox yüksək etməli idik. Çox da etsəydik universitetin qapısını açan olmazdı

- Sizdə digər universitetlərlə müqayisədə müəllimlərə verilən maaş necədir?

- Müəllimlərə verilən maaş da yenə də təhsil haqqı ilə bağlıdır. Maliyyə imkanımız çox olduqca müəllimlərin maaşını artırırıq. Müəllimlərin maaşı daima eyni formada olmur. Ayrı-ayrı şəxslərə müxtəlif məbləğdə maaş veririk. Burada meyar qabiliyyət və keyfiyyətdir. Həmişə təklif etmişəm ki, maaşda bərabərlik prinsipi aradan götürülməlidir. Sovet dövrü deyil ki, hamıya eyni maaş verəsən. Müəllimləri imtahan edirik, yüksək bal toplayanda yüksək maaş veririk. Lap az bal toplayan müəllimlərlə vidalaşırıq..

- Tələbələrə hansı güzəştlər var?

- 600-dən çox bal toplayanlar tam pulsuz oxuyur. 550-600 bal toplayanlar təhsil haqqının 75%-dən azad olur. Bu, davamlıdır. Həm də bizim 7 adda müxtəlif təqaüdlərimiz var. Tələbə bilməlidir ki, yaxşı oxusa, nəsə əldə edəcək.

- Tələbələr hansı halda xaric olunur?

- Universitetlərdə baş nazirin sərəncamı ilə kredit sistemi tətbiq olunur. Xaric olunma demək olar ki, yoxdur. Kəsri olanda da gedib yenidən həmin fənndə oturur və yenidən imtahan verir.

- Müəllimlərin sayı tələbələrin sayına adekvatdır? 

- Təbii ki! Bizdə professorların, elmlər doktorlarının sayı çoxdur. Akademiya ilə əlaqələrimiz var. Ordan dəvət edirik gəlib dərs deyirlər.

- Tələbələr üçün hansı əlavə dərnəklər var?

- Hər bir tələbənin qabiliyyətinə uyğun istiqamətlər müəyyənləşdirmişik. Bu gün bizdə Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Azərbaycanda incəsənətlə bağlı yarışmalarda həmişə birinciyik. Musiqi sahəsində respublika üzrə yarışmada 15 nominasiyadan 12 –ni bizimkilər alıb.

- Gələcək üçün hansı planlarınız var?

- Təhsil müəssisənin yenilik etməsi daimi diqqətdə olmalıdır. Əgər elə olmasa durğunluq yaranar. Hansı sahə təhsillə bağlı deyil ki?

- Hər bir universitet öz rektorunun simasını əks etdirir. Rektor seçilməsi müəyyən mərhələ ilə aparılır. Siz hanısının tərəfdarısınız?

- Mən özəl təhsil müəssisəsinin təsisçisi kimi kimisə rektor təyin edə bilərəm. Təhsil müəssisələrində seçimin əleyhinəyəm. Bizdə obyektiv seçim çox çətindir. Müəyyən qruplar yığışacaq, qabiliyyəti oldu-olmadı kimisə rəhbərliyə gətirəcək.

Baxın, son illərdə neçə rektor işdən kənarlaşdırılıb. Onlar elə belə çıxarılmadı ki... Ölkə Prezidenti hamıdan yaxşı bilir ki, kim necədir. Azərbaycan balaca ölkədir. Burda hamı hamını tanıyır. Demək olar ki, hamı biri-birinə qohum olur. Hamı bilir ki, kim hansı qabiliyyətə malikdir.

- Əhməd Vəliyevi qeyri-rəsmi necə tanıya bilərik?

- Mənim həyatım iş olub. 68 yaşım var. 7 yaşdan bu yana mən auditoriyadayam. Daim təhsildə olmuşam. Bazar günü oldu, darıxıram. Mənim hobbim də işdir.

- Bəs ədəbiyyat və musiqi ilə aranız necədir? Sevimli yazıçınız kimdir?

- Bütün musiqiləri xoşlayıram. Bədii ədəbiyyatda poeziyanı sevirəm. Özüm də şeir yazırdım. Yadıma gəlmir ki, orta məktəbdə hansısa bir bədii ədəbiyyatı oxumayam. Əlimə nə kitab keçsə idi, oxuyurdum.

- Yeni yazarlardan kimləri oxuyursunuz?

- Heç kimi. Birinci vaxtım yoxdur. Yaş o yaş deyil. Gözlərim imkan vermir. Həm də açığı, yazarlar inciməsin, bu gün yüksək səviyyəli əsərlə rastlaşmamışam deyə oxumuram.

- Qeyd etdiniz ki, işiniz də, hobbiniz də işdir. Bu məsələ evdə narazılıq yaratmır?

- Niyə narazılıq olsun? Arada gedib qohumlarla görüşürəm. Nəvələrsiz də ki, yaşamaq olmaz. Hamısı gözümün qabağındadır. Nəvələri tez-tez görürəm.

- Universitetdə təhsil alanlar arasında qızlar çoxdur ya oğlanlar?

- Bu il qızlar bizdə daha çoxdur.

- Azərbaycan analarının intellekt məsələsi sizi qane edir?

- Mən həmişə deyirəm ki, qızın oxumağı daha vacibdir. Oğlan gedib hər işlə məşğul ola bilər.Qız uşağına isə hökmən təhsil verilməlidir. Birinci qız anadır. Ana daimi uşağın yanındadır Ana təhsilli olanda ən azı öz övladını müəyyən mənada hazırlayır. Savadsız ana uşaqla məşğul ola bilməz. Deyirlər ki, bu qədər müəllim buraxılır, onlar harda işləyəcək. Sabah onun övladı olacaq, ən azı övladlarına müəllimlik etsə, onları hazırlasa, kifayətdir.

 

Rufanə GÜNƏŞ
Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?