Modern.az

Politoloq: “Qarabağ danışıqlarında ümidverici nəsə var, 7 rayon geri qaytarıla bilər”

Politoloq: “Qarabağ danışıqlarında ümidverici nəsə var, 7 rayon geri qaytarıla bilər”

Aktual

28 Oktyabr 2014, 13:13

“Prezidentlərin Paris görüşü barədə az məlumat yayılıb. Şərh üçün kifayət qədər material yoxdur. Hər halda, danışıqlar ciddiliyi ilə seçilir. Ona görə seçilir ki, danışıqların davam etdirilməsi qərara alınıb. Deməli, danışıqlarda ümidverici nəsə var”.
Bunu Modern.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

 O bildirib ki, 7 rayonun geri qaytarılması məsələsində irəliləyişin olması mümkündür: “Məsələn, belə bir məlumat yayılıb ki,  Fransa tərəfi böyük sülh sazişinin imzalanmasını təklif edir. Məncə, Azərbaycan buna razı olacaq. Çünki Azərbaycanın özü belə bir təkliflə çıxış edib. Böyük sülh sazişi bütövlükdə prosesin başa çatması deyil. Sadəcə olaraq, yavaş-yavaş onun içərisinin doldurulması nəzərdə tutulub. 7 rayon məsələsi xüsusi vurğulanıb. Zənnimcə, Dağlıq Qarabağın etibarından kənarda işğal edilmiş torpaqların geriyə qaytarılması məsələsi getdikcə daha da reallaşır. Onun həyata keçəcəyi daha inandırıcı səslənir. Buna görə də 7 rayonun geri qaytarılması məsələsində mütləq irəliləyiş olacağını söyləmək mümkündür. Bu, ümumi kontekstdə baş verə biləcək”.

Qabil Hüseynli prezidentlərin Paris görüşünün də ümidverici təsir bağışladığını da vurğulayıb:

“Amma Dağlıq Qarabağın statusu məsələsində fikir ayrılığı qalmaqda davam edir. Şotlandiya variantı ortaya atılıb. Hələ ki buna hər iki tərəfin reaksiyasının müsbət olmadığı haqqında fikirlər səsləndirilir. Hər halda, Rusiyanın diktəsi altında keçən danışıqlara nisbətən Parisdə keçən danışıqlar nisbətən daha ümidverici görünür və bu prosesə yeni impuls verə bilər”.

Bəzi Qərb politoloqlarının fikrincə, Ukraynada baş verən proseslərin fonunda Parisdə təşkil olunan bu görüş Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti cəhd ola bilər. Onlar hesab edirlər ki, Qərb Ukraynadakı böhrana görə Rusiyanın davranışlarından nəticə çıxararaq Qarabağ probleminin nizamlanması prosesinin bu qədər yubanmasından da narahatdırlar. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar bu ölkənin daxilində ciddi problemlərə səbəb olmaqdadır. “Qərbin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prosesi sürətləndirməsinə Rusiyanın zəifləməsi faktoru təsir edə bilərmi?”

Qabil Hüseynlinin fikrincə, Avropa ölkələrinin Ukraynada baş verənlərə görə Rusiyaya ciddi sanksiyalar tətbiqinin  Qarabağ məsələsinə də təsir edə bilməsini birmənalı vurğulamaq çətindir.

“Təbii ki, təsir edə bilər. Düşünəndə görürsən ki, hansısa formada Rusiyanın zəifləməsi, beynəlxalq aləmdə fəal siyasət yeridə bilməməsi bu proseslərə təkan verə bilər.

Dünyada münaqişələrin artdığı, yeni dünya müharibəsinin baş verəcəyi ehtimalının olduğu bir zamanda, bu cür kiçik münaqişələrin söndürülməsi bir zərurətə çevrilib. Zənnimcə, Rusiya, eləcə də Qərb dövlətləri bu münaqişənin həlli istiqamətində səylərini gücləndirəcək”.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır