Modern.az

Eks-dövlət müşavirindən sensasion AÇIQLAMA: “Parisdə Azərbaycanın təklifləri qəbul edilib”

Eks-dövlət müşavirindən sensasion AÇIQLAMA: “Parisdə Azərbaycanın təklifləri qəbul edilib”

Aktual

31 Oktyabr 2014, 14:32

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentlərinin Paris danışıqları sülhyaratma prosesinin növbəti mərhələsi kimi dəyərləndirilir. İstər rəsmi açıqlamalar, istərsə də müstəqil ekspert rəylərindən belə qənaət formalaşır ki,  danışıqların Paris raundu Qarabağ probleminin həlli istiqamətində müsbətə doğru dəyişiklik üçün stimuldur.

Lakin Qarabağ düyünü ilə bağlı əhəmiyyətli dönüş nöqtəsinin yaranması haqqında fikirlərin səsləndiyi bir vaxtda, Ermənistan tərəfi öz ənənəsinə sadiq qalaraq, məkrli niyyətlərini dövriyyəyə buraxır. Dünən Ermənistanın xarici işlər nazirinin müavini Savarş Köçəryan Paris müzakirələrini şərh edərkən bir daha rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyini dilə gətirib. O, bəyan edib ki, Azərbaycan tərəfi irəliləyişə nail olmaq istəyirsə, separatçı Dağlıq Qarabağ rejimini tərəf kimi tanımalıdır.

Mövzu ilə bağlı Modern.az saytına şərh verən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, məsələyə belə yanaşmanın kökündə ATƏT-in Minsk qrupunun açıqlamaları dayanır. Ekspert hesab edir ki, Azərbaycan Paris danışıqlarında xeyli yeni təklifləri də irəli sürüb.

“Dağlıq Qarabağdakı separatçı rejimin tərəf kimi tanınması ideyasını ilk dəfə Minsk qrupunun həmsədr dövlətləri ortaya atıb. Azərbaycan Parisdə böyük sülh sazişi ilə bağlı məsələni gündəmə gətirib. Görünür, bu təklif qəbul edilib. Üstəlik, Azərbaycan Laçın dəhlizi müqabilində Naxçıvan-Mehri dəhlizinin verilməsini də təklif edib”, - deyən politoloq Parisdə Azərbaycanın təkliflərinin Ermənistanınkından konstruktiv və üstün olduğu qənaətindədir.

Sabiq dövlət müşaviri hesab edir ki, Ermənistan tərəfi bu təkliflərin öz xeyirlərinə əsaslandıra bilmədiyindən, kontur-arqument kimi, Dağlıq Qarabağdakı tanınmamış rejim məsələsini ortaya atıb. Qabil Hüseynli növbəti təxribat cəhdlərində Rusiyanın amilindən də danışıb:

 “Amma bunlar hamısı boş şeydir. Dağlıq Qarabağ Azərbaycan tərəfindən  heç vaxt tərəf kimi tanına bilməz. Rusiya həmişə Azərbaycana təklif edir ki, Dağlıq Qarabağı tərəf kimi danışıqlar prosesinə cəlb etsin. Kreml indi də bu məsələni ortaya atmaq niyyətindədir. Bu mövqe ilə Fransa və qismən ABŞ-ın nümayəndəsi də razıdır”.

Azərbaycan və Ermənistan prezidentləri Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın dövlət başçısının təşəbbüsü ilə oktyabrın 27-də Parisdə bir araya gəliblər.

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi