2010-cu ilin iyul ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri iyun ayı ilə müqayisədə 0,2 faiz ucuzlaşıb. Ay ərzində ərzaq məhsullarının qiymətləri 0,7 faiz ucuzlaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə əvvəlki ayla eyni səviyyədə qalıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Komitə bildirib ki, ötən ayda ərzaq məhsullarından buğda çörəyinin, toyuq əti və toyuq budunun, təzə balığın, balıq konservlərinin, bərk və əridilmiş pendirin, kərə yağının, şəkər və şəkər tozunun, bananın, almanın, armudun, alçanın, şaftalının, qarpız və yemişin, pomidorun, xiyarın, badımcanın, lobyanın, soğanın, kartofun qiymətləri ucuzlaşıb.
Ucuzlaşma ilə yanaşı ay ərzində bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunub. Məsələn, buğda ununun, manna və qarabaşaq yarmasının, mal və qoyun ətinin, suda bişmiş kolbasanın, pasterizə olunmamış üzlü südün, xamanın, süfrə marqarininin, brınza pendirinin, yumurtanın, zeytun və qarğıdalı yağının, limonun, albalı və gilasın, kələmin, göyərtinin, sarımsağın, çuğundurun, kökün qiymətləri bahalaşıb.
İyul ayında əhaliyə göstərilən pullu xidmətlərdən respublikadan kənara hava və dəmir yolu sərnişindaşıma nəqliyyatı və təhsil haqqları üzrə tariflər bahalaşıb.
Modern.az