Modern.az

3 minə hacı olanlar - Onlar marketlərində “orijinal araq” satırlar...

3 minə hacı olanlar - Onlar marketlərində “orijinal araq” satırlar...

Aktual

4 Noyabr 2014, 00:06

Müsəlman olan kəsə vacib buyrulan 5 vacib əməldən biri də Həcc ziyarətidir. Bir vaxtlar insanlar üçün əlçatmaz görünən bu məsləni indi “əlin bir balaca cibinə salmaqla” gerçəkləşdirmək mümkündür. Təxminən 3 min manat pul xərcləyirsən, gedirsən ziyatərə, qayıdanda olursan Hacı.
İndi bu ziyarətgah bir növ öz xarakterindən çıxaraq “kurort” zonasına çevrilib. Sanki bəziləri ad, imic xatirinə “Həcc”ə gedir.
Hətta ziyarətdə olarkən sırf “facebook”, “instaqram” üçün poz verənləri hamımız görmüşük, hətta layk etmişik də...
Burda lətifəsi bəzilərindən uzaq, bir misal yada düşür: Tülkü həccə gedir...

İlahiyyatçı Elşad Miri Modern.az saytına deyib ki, islam dinində hacılıq anlayışı yoxdur: “Əgər belə olsaydı o zaman həmin yerlərdə yaşamasına baxmayaraq ömründə bir dəfə ziyarətdə olan peyğəmbərimizə də Hacı Məhəmməd(s.ə), onun qızına Hacı Fatimə xanım deyərdilər.
Hacılıq o yer üçündür. Əgər sən həcc ziyarətindəsənsə bəli, hacısan. Amma ziyarət bitdikdən sonra o şəxsə hacı deyilməsi əsgərliyi bitirən şəxsə məsələn,” əsgər Məmmədov” demək kimi bir şeydir.
Elə olsaydı bu gün namaz qılan şəxsə “namaz filankəs”, oruc tutana “oruc bəhmənkəs” deyərdik.

Elşad Miri bildirir ki, hacılıq sonradan ortaya çıxan bir anlayışdır. “Hansısa şəxslər öz adlarının qarşısına “hacı”, “kərbəlayi”, “məşədi” “titullarını” artıraraq hansısa məqama gəldiklərini, süddən çıxmış ağ qaşıq olduqlarını düşünürlər. Halbuki bunun islama aidiyyatı yoxdur. İslam dinində “Həcc” gücü çatan şəxsin ömründə bir dəfə ziyarət etməsi lazım olan əməldir. Məkkənin ziyarətilə bağlı Qurani-Kərimdə ayə var, hər bir müsəlman bu ziyarəti imkan daxilində icra edə bilər.

İndi hacılar var ki, market açıb haram buyrulmasına baxmayaraq orda spirtli içki satır. Soruşurlar ki, “hacı, bu keyfiyyətli içkidir?” Hacı cavab verir ki, “əşşi nə danışırsan mən hacı adamam, necə saxta içki sataram?” Yəni bəzilərinin hacılıq anlayışı budur...”

Bu reallıqdır ki, bir zamanlar barmaqla sayılacaq qədər az olan hacılar, indi saya-hesaba gəlmir, ucu-bucağı görünməyən bir ümmana çevrilib. Hansı hacını, kərbalayını, məşədini dindirirsən dindən, imandan dəm vurur. Di gəl ki, əməlləri ilə “hacılıqları” natarazdır.

İlahiyyatçı bildirir ki, bəzi hacıların istifadə etdiyi “hacı pivəsi” anlayışı da çox yersiz, gülünc və qəbuledilməzdir: “Pivə pivədir. Pivənin “hacısı”, “məşədisi”, “kərbəlayısı” olmur. Bəli, pivə dadı verən, amma tərkibində spirt olmayan içkilər var. Həmin içkiyə ad verməklə hansısa don geyindirmək doğru olmaz. Necə ki, təkibində donuz əti olan kolbasayla eyniləşdirmək üçün müsəlman qisminin yediyi kolabasanın tərkibinə dadlandırıcılar vurulur, bu da elə bir şeydir”.

Bəli, Elşad Mirinin dediklərilə mən də razılaşıram. Dindarlığın reklamı olmaz.
Amma əsla düşünməyin ki, bunu yazmaqla dini ayrı-seçkilik, camaat arasında nifaq salmaq niyyətindəyəm.
Əsla!
İstəyim doğru olanlara insanların inamının azalmasına yol verənlərin aradan qaldırılmasıdır. Düşünürəm ki əksəriyyətimizin də istəyi budur. İstəmirəm ki, indiki zamanda qurunun oduna yaş da yansın.

P.S. Su şüşəsinə araq doldurub içən, “hacı piyvəsi” axtaran dindarlarımız, sadəcə soruşmaq istərdim: “Günlərlə namazı qəzaya saxlayıb, bir acı doyurmayıb, bir yetimin başına sığal çəkməyib “Hacı” olmağın adı nədir?!”

Gülşən RAUFQIZI

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi