Modern.az

Milyonlar sizi dinləyir, sizi izləyir

Milyonlar sizi dinləyir, sizi izləyir

Təhsil

6 Noyabr 2014, 10:01

Akif Cabbarlı

1926-cı il 6 noyabr, 1956-cı il 14 fevral. Bu rəqəmlər xalqımızın bioqrafiyasına sadəcə sıradan rəqəmlər kimi düşməyib, Radio və Televiziyamızın yaranış günü kimi yazılıb. Bəşər tarixinin ən mühüm texnoloji yeniliklərinin Azərbaycan efirində də gerçəkləşməsi xalqmızın proqressiv inkişafın pozitiv imkanlarından qədərincə bəhrələnməsi, milli ideya, ənənə və dəyərlər üzərində köklənmiş virtual informasiya məkanı formalaşdırılmasında mühüm mərhələ hesab olunur.

Azərbaycan Televiziyası və Radiosu bu gün dövlətçilik məsələlərini, cəmiyyətdə gedən ictimai prosesləri, xalqımızın sosial-iqtisadi və mədəni nailiyyətlərini bütün dolğunluğu ilə əks etdirir, yaradıcılıq və texniki parametrlərinə görə Qafqazda, eləcə də MDB ölkələri arasında öncül yerlərdən birini tutur. Xatırladaq ki, ötən əsrin 80-ci illərində AzTV SSRİ miqyasında bu göstəricilərinə görə 14-cü yerdən 4-cü yerə çıxmışdı. Bu, adi sitatistik göstərici deyildi, o dövrün ekspertlərinin yazdığı kimi əsil telefenomen, televiziya işinin görkəmli bilicisi, yorulmaz təşkilatçısı professor Elşad Quliyevin və onun rəhbərlik etdiyi yaradıcı kollektivin səmərəli axtarışlarının, misilsiz əməyinin gözlənilən nəticəsi idi. Beləlikə, biz, Azərbaycandan qat-qat böyük, inkişaf etmiş respublikaları televiziya sarıdan qabaqlamışdıq.

Opponentlərin çoxçeşidli, bəzən də bir-birini təkzib edən fikir və mülahizələri fonunda deməliyik ki, Azərbaycan Televiziyası ötən illər ərzində öz xüsusi çəkisini qoruyub saxlamış, prinsipial mövqelərini daha da möhkəmləndirmişdir. Hər gün evlərimizə əziz qonaq kimi qədəm basan Ana Televiziyamız bizimlə göz-gözə hər birimizə gərəkli olan, qolumuzdan tutan həqiqətləri söyləyir, keçmişimizdən, bu günümüzdən və gələcəyimizdən söhbət açır. Biz "əziz qonağımız"ın köməyi ilə min illərin o tayına boylanır, şanlı tariximizi bircə-bircə vərəqləyir, bu gün ölkəmizdə və dünyada baş verənlər haqqında əsil həqiqəti dərk edirik.


Mavi ekranın cazibəsi, sehri, müqqəddəsliyi haqqında çox deyilib, çox yazılıb. Təssüf ki, son vaxtlar bu şəffaflıq bəzən müxtəlif rənglərin qarışığında itib - batır. Mavi ekran boz-bulanıq rəngədə düşür, qalın, qara rənglərlə də haşiyələnir. Əslində mavi ekran açıq, nəhayətsiz səmanın rənglə ifadəsi yozumundadır. Bu parlaqlığı, təmizliyi, şəffaflığı qorumaq, gözərin, baxışların rahatlıq tapdığı mənanın qayğısına qalmaq missiyasını bu gün məhz AzTV şərəflə, ləyaqətlə yerinə yetirir.

Ötən əsrin 70-ci illərini, bu kanalda yaradıcılıq fəaliyyətinə başladığım dövrü yaxşı xatırlayıram. O, vaxtlar gənclərdə yaradıcılıq entuziazmı çox güclü, axtarışlar aparmaq, yeniliklər etmək həvəsi tükənməz olsa da mövcud texniki şərait bunların reallaşdırılmasına o qədər də imkan vermirdi. İndi isə həmin dövrlə müqayisə olunmaz yüksəlişi sözlə ifadə etmək çətindir. Son illər kollektiv xeyli cavanlaşıb, burada sözün əsil mənasında razılıq doğuran "seleksiya" işi aparılıb, studiya və çəkiliş pavilyonları, montaj otaqları dünya standartlarına cavab verən müasir avadanlıqla komplekləşdirilib. Jurnalistlərin, rejissorların, texniki heyətin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Kollektivin özündə yetişmiş, püxtələşmiş savadlı və nüfuzlu şəxslərin idarəçilik sükanı arxasına gəlməsi də uğur qazanmağın mühüm stimuludur. Bir sözlə indi yaradıclıq sahəsində özünü göstərmək, fərqlənmək, tamaşaçı və dinləyici hörməti qazanmaq üçün gözəl məqamdır. Ənənələri yaşatmaq da olduqca zəruri şərtlərdəndir. Gəlin unutmayaq, hər bir uğurlu yenilik həm də unudulmuş köhnəlikdir.

Təbii ki, bu gün AzTV-də çalışan gənc həmkarlarımız keçmişə hörmət, bu günə ehtitam göstərməklə özlərinin daha parlaq gələcəyini qazanmış olarlar. Bu əlamətdar gündə, dostlar, sizə uğurlar arzulayır, Teradio günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, və bir də  unutmayın ki, milyonlar sizi dinləyir, sizi izləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə