Modern.az

Allah saxlayanda, saxlayır - XATİRƏLƏR

Allah saxlayanda, saxlayır - XATİRƏLƏR

6 Noyabr 2014, 13:14

jurnalist, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü

Qəribə, bir az da məzəli əhvalatlar barədə yazılarımdan daha bir neçəsini təqdim edirəm.

Münəccim olmalıydım, ola bilmədim

Əhməd Rəşidov. Bu ad-familiya ötən əsrin 50-60-cı illərindən qələm əhlinə yaxşı tanışdır. Mən isə onu 1960-cı ildən tanıyırdım. “Bakı” və “Baku” qəzetlərin redaksiyasında işlədiyim vaxtdan. Hələ ştata götürülməmişdim. Ştatdankənar müxbir kimi gəlib-gedirdim. Redaksiyada bizə - gənc müxbirlərə xüsusi qayğı göstərilirdi.  Görüb-götürdüyümüzü  özümüzə sırğa edirdik. Yazmağın sirrini öyrəndiyim adamlardan biri də Əhməd Rəşidov idi. Savadlı, qayğıkeş, səmimi adam idi. Əslən Şəkidən olan müavin yumoru da çox sevirdi.

Bir xasiyyətinə yaxşı bələd olduğumdan çalışırdım ki, “niyə” sözünü çox işlədim. Əhməd müəllim redaktə zamanı yazılarımda çox düzəliş edərdi.. Amma nə olur olsun “niyə” sözü olan cümləyə dəyməzdi.

Yazı-pozuya təzə başlayan cavanlar yazdıqları tənqidi yazılara sərlövhə tapmaqda çətinlik şəkirdilər. Axı, sərlövhə yığcam olmalı, neçə-neçə səhifəlik yazının məğzini əks etdirməli idi. Bu cəhətdən Əhməd müəllimin nəbzini tuta bilmişdim. “Xəstə niyə narazı qalır?”, “Pivə niyə bahadır?”, “Nəqliyyatda hərəkət cədvəli niyə pozulur?” – tənqidi yazılarıma belə sərlövhələr qoyardım. Əhməd müəllim çox bəyənərdi. Onun oxuduğu materiallara redaktor Nəsir İmanquliyev əl gəzdirməzdi. Hansı məqalənin sərlövhəsində “niyə?” sözü olsaydı, ona toxunulmazdı.

Beləcə haqqın yolunu tapmışdım. Ancaq bu söz başımı da çox ağrıtmışdı.

- Əhməd müəllim, filankəs gəlib, sizinlə görüşmək istəyir.

- Niyə?

Deyirdim ki, nə bilim, filan məsələ üçün.

Yenə də “Niyə?” sualını verirdi.

Deyirdim ki, yağış yağır.

Niyə? – soruşurdu.

Nə cavab verəydim?  “yağışdır da, yağır, yerinə - torpağına yağır”.

Deyirdim: “yağış kəsildi”.

- Niyə?

- Vallah, Əhməd müəllim, bilmirəm . Yağırdı, birdən kəsdi. Bunu bilmirəm. Yenə də “Niyə bilmirsən? Gələcəyin jurnalisti hər şeyi bilmələdir”.

- Axı mən münəccim olmayacam.

- Niyə?

- Nə deyəydim ..

***

Bu da mənim qazancım!


Əhməd Rəşidov çox rəhmgil, xeyirxah adam idi. Yazılara qonorarı o yazardı, Nəsir İmanquliyev isə sonda göz gəzdirərdi.

Bir gün Əhməd müəllimə dedim ki, bu yarımay qonorarım az olacaq. Bəlkə son yazımın məbləğimi artırasınız?

Üzümə baxdı. Rəhmi gəldi.  “10 manat” qonorarı pozub “25 manat” elədi.

Ertəsi günü Nəsir İmanquliyev qonorar səhifəsinə baxanda mənim məqaləmin üstündəki “25 manat”ı pozub “5” elədi ...

Bu da mənim qazancım!

***
Allah saxlayanda, saxlayır

1989-90-cı illərdə “Dalğa”nın çəkiliş qrupu, demək olar ki, hər ay Qarabağa gedər, süjetlər hazırlayardı. Belə səfərlərdən birində vertolyotla Ağdama getdik. Vəziyyətlə tanış olmağa gedən ədliyyə naziri Əlisaab Orucov birinci katib Ayaz Mütəllibovun tapşırığı ilə Ağdamdan təcili Bakıya qayıtdı. Biz isə həmin vertolyotla Laçına uçduq. Bu gün Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov da bizimlə birgə idi.  Laçında işlərimizi görüb qurtardıqdan sonra Ağdama qayıdırdıq. “Qayğı” qəsəbəsinin üstündən uçanda vertolyota atəşlər açıldı, salonu tüstü bürüdü. Bu vaxt şturman pilot kabinəsindən çıxıb həyəcanla:

- Yerə uzanın, vertolyota atəş açırlar.

Yol yoldaşlarım  yerə (döşəməyə tər-təmiz kovrolit döşənmişdi) uzandılar. Mən isə kreslodan qımıldanmadım: Xanlarda möhkəm vurmuşdum, özüm də təzə kostyumda idim, heç yerə, döşəməyə uzanardımmı?

Pilotlar vertolyotun səmtini dəyişdilər, böyük məharətlə yenidən Laçına qaytardılar. Yerə düşəndə gördük ki, atəşlər vertolyotu dəlik-dəlik edib. Hərbi mütəxəssislər dedilər ki, Allah üzünüzə baxıb. Əgər güllələrdən biri quyruğa gedən dörd trosdan birini zədələsəydi, elə oaradaca ermənilərin ağuşuna düşəcəkdik. Bizi başqa bir vertolyotla başqa səmtlə Ağdama göndərdilər. İçkili olduğumdan hadisənin dəhşətini Ağdama enəndə dərk etdim.

Bəli, Allah saxlayanda, saxlayır!

Qeyd. Qarabağa, döyüş yerlərinə çoxsaylı səfərlərimdən ailəmin xəbəri olmazdı, narahatçılıq olmasın deyə, Gəncəyə, Zaqatala zonasına ezamiyyətə getdiyimizi deyirdim. O vaxt cib telefonu olmadığından Bakını sifariş verəndə telefonçu qızlardan xahiş edirdim ki, “Gəncəyə cavab verin”, yaxud “Zaqatalaya cavab verin” desinlər.

***

“Palmali” şirkətinin dəvəti ilə İstanbula növbəti səfərimiz zamanı “Boinq” təzəcə səmaya qalxmışdı ki, belə bir elan oxundu: “İstanbulda hava şəraiti pis olduğuna görə təyyarəmiz Bakıya qayıdır, kəmərləri bağlayın”. Kəmərləri yoxlayan stüardessanın üzü gülümsəsə də pörtmüşdü. Onun narahatlığı, təyyarənin nədən Gəncəyə, Tbilisiyə, Trabzona yox, Bakıya qayıtmağı ilə bağlı idi
Yol yoldaşım Samir Məmmədovla (rejissor, həm də operator kimi gedirdi) əlimizi möhkəm sıxdıq, sanki vidalaşıb faciənin sonunu gözləyirdik. Təxminən 10 dəqiqə havaya qalxandan sonra geriyə qayıdan layner Bakının, Xəzər dənizinin üstündə saatyarımadək dövrə vurdu, haradasa ehtiyat uçuş zolağında yerə endik. Bizi qarşılamağa çoxlu təcili yardım, yanğınsöndürən maşın gəlmişdi. Trap əvəzinə adi pilləkanla sağ-salamat endik, avtobusla vağzala gətirdilər.

Sonradan başqa bir təyyarə ilə İstanbula yola düşdük. Ancaq bu dəfə sərnişinlərin yarısı cürət etməmişdi. Nasazlıq barədə yayılan məlumatdan ailəmdə xəbər tutmuşdular. Nə yaxşı ki, aeroportdan evə zəng vurmuşdum.

Bəli, Allah saxlayanda, saxlayır!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır