Modern.az

Bakıda 7 direktor işdən çıxarılıb, 3 məktəb bağlanıb

Bakıda 7 direktor işdən çıxarılıb, 3 məktəb bağlanıb

17 Noyabr 2014, 16:14


Bakı şəhəri üzrə Təhsil İdarəsi son bir ildəki fəaliyyəti barədə hesabat açıqlayıb. Modern.az-ın məlumatına görə, hesabatda idarənin həyata keçirdiyi işlərdən bəhs olunub.
Bildirilib ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 300 tam orta, 3 ümumi orta, 7 xüsusi, axşam (qiyabi), 4 sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəb olmaqla, cəmi 314 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 339 min 771 şagirdin təlim-tərbiyəsi ilə 28068 müəllim məşğul olur.

“Təhsilin inkişafı üçün tələb olunan şərtlərdən biri təhsilin maddi - texniki bazasının inkişaf etdirilməsi, yüksək səviyyəli təhsil mühitinin yaradılmasıdır. Bu baxımdan ölkəmizdə təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, təkcə ötən tədris ilində Bakı şəhərində 65 məktəbdə cari təmir, 28 məktəbdə əsaslı təmir və tikinti işləri aparılıb. Eyni zamanda, 13 məktəbdə digər tikinti (korpus, idman, akt zalı, yeməkxana) işləri həyata keçirilib”.

Qeyd olunub ki, Bakıda ümumtəhsil müəssisələrinin rasionallaşdırılması və təhsil infrastrukturunun səmərəli istifadəsi tədbirləri çərçivəsində 152, 172, 88 saylı məktəblərin fəaliyyəti dayandırılıb. Şagird və müəllimlər yaxın məktəblərə yerləşdirilib.

189, 190 saylı məktəblər və 5, 292 saylı məktəblər isə ərazi baxımından yaxın yerləşməsi və birində nəzərdə tutulduğundan artıq, digərində isə az şagird təhsil aldığı üçün şagird sayının balanslaşdırılması, idarəetmənin təkmilləşdirilməsi və optimallaşdırılması üçün birləşdirilib.
Cari tədris ilində anoloji tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyindəki məktəblərdə çalışan 22 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 17 müəllim isə “Tərəqqi” medalı ilə təltif edilib.
5 oktyabr–Beynəlxalq Müəllimlər Günü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3 işçisi və idarənin tabeçiliyində olan məktəblərin 15 müəllimi “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 7 müəllim isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edilib.
Pedaqoji kadrların ixtisaslarının artırılması istiqamətində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda keçən tədris ilində tematik, illik və aylıq ixtisasartırma kurslarında 2792 müəllim təhsil alıb. Bundan başqa, 7352 müəllim kurikulum kurslarına cəlb edilib.

Ötən tədris ili ərzində Bаkı şəhərinin məktəblərində məktəbda­xili nəzarətin təşkilinə dair reydlər təşkil olunub. Reydlərin məqsədi şagirdlə­rin dərsə davamiyyəti, məktəbli kitabçasından istifadə, sinif jurnallarının aparılması, müəllimlərin fəaliyyətinə nəzarətin təşkili kimi məsələlər olubr. Reydin nəticələri ümumiləşdirilərək məktəb direktor­larının iştirakı ilə geniş müzakirə olunmuş və nöqsanların aradan qaldırılması məqsədilə əməli tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyələr verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər aparılıb. Aparılmış araşdırmalar nəticəsində aşkar olunmuş qanun pozuntuları faktları barədə təqdimatlar əsasında 7 məktəb direktoru və 3 direktor müavini tutduğu vəzifədən azad edilib, 32 məktəb direktoru və 16 direktor müavini intizam məsuliyyətinə cəlb olunub.
Hesabat ili ərzində BŞTİ-nin tabeçiliyində olan məktəblərdən 28 nəfər qızıl, 1 nəfər gümüş medala layiq görülüb.
Ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artıb. Belə ki, 2013-cü il ilə müqayisədə ali təhsil müəssisələrinə qəbul olmuş məzunlarımızın həm sayı, həm də faiz göstəricisi (ümumi məzun sayına nisbətdə) artaraq (müvafiq olaraq 2013-cü ildə 20.041 məzundan 9.397 nəfər, 2014-cü ildə isə 19.684 məzundan 10.100 nəfər) 46.88%-dən 51,31%-dək artıb.
Eksternat imtahanının nəticələrinə görə, 92 nəfər attestat, 21 nəfər şəhadətnamə alıb.
2014-2015-ci dərs ilində Bakıda I sinfə 41946 nəfər şagird qəbul olunub və 1557 sinif açılıb.
   
Yeni tədris ilində imtahan vermiş və yüksək bal toplamış namizədlərdən 15 nəfər direktor və digərləri direktor müavini kimi təyinat alıb.

10-13 iyun 2014–cü il tarixində keçirilən sınaq qiymətləndirilməyə 30072 nəfər müəllim cəlb edilib. Sınaq qiymətləndirilmədə iştirak edən müəllimlərin 14,4 faizi zəif, 85,6 faizi isə qənaətbəxş nəticə göstərib. Bunlardan 18,2 faizi yüksək nəticə göstərmiş müəllimlərdir.

20 sentyabr 2014-cü ildə keçirilən sınaq qiymətləndirilmədə isə ümumilikdə Bakı üzrə 1493 nəfəri Azərbaycan, 260 nəfəri rus bölməsi olmaqla, 1753 müəllim iştirak edib.

Bakıda təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra məktəblərdə məktəbəqədər hazırlıq qrupları açılıb. Oktyabrın 15-dən mayın 25-dək davam edəcək, həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir.

2015-ci il dekabr ayının 31-dək 6 yaşı tamam olan uşaqların təhsil ala biləcəyi məktəbəqədər hazırlıq qrupları ödənişli əsaslarla aparılır. Sonda hazırlıq qrupunu bitirən uşağa rəsmi sənəd – arayış veriləcək.

Müəyyən səbəblərdən hazırlıq qrupuna vaxtında başlaya bilməyən uşaqlar üçün valideynlərin müraciətlərinə əsasən, dərs ilinin ikinci yarısından etibarən əlavə qruplar təşkil oluna bilər. Qruplar təşkil olunduğu halda, yanvar ayının 10-dan başlayaraq iyun ayının sonunadək davam edəcək.

Qeyd edək ki, hazırlıq qrupları 89 məktəbdə fəaliyyət göstərir. 74 məktəbdə 139 qrup üzrə 1925 uşağın hazırlığı ilə 139 müəllim məşğul olur. Qalan 15 məktəbdə isə hazırlıq prosesi özəl quruma həvalə edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?