Modern.az

Əli Hüseynli: “Bölgələrdə məişət səviyyəsində cinayətlər artır”

Əli Hüseynli: “Bölgələrdə məişət səviyyəsində cinayətlər artır”

20 Noyabr 2014, 13:27



“Bədən tərbiyəsi fənninin nəticələri qəbul imtahanlarında nəzərə alınmalıdır”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri  Əli Hüseynli deyib. O bildirib ki, vaxtı ilə Azərbaycanda da mövcud olan “vətənin müdafiəsinə hazıram” normativləri bərpa olunmalıdır:

“Bir il bundan əvvəl Rusiya qətiyyətli addım ataraq “vətənin müdafiəsinə hazıram” normativlərini bərpa etdi. Bundan sonra Təhsil Nazirliyi tərəfindən əmr verildi. Artıq qəbul imtahanlarında “vətənin müdafiəsinə hazıram” normativlərinin nəticələri mütləq nəzərə alınır. Əgər biz də bunu edə bilsək, o zaman tədrisdə idman artıq məcburi şəkildə bərpa olunacaq. Bununla da məktəbdən sonra ordu quruculuğuna tövhə vermiş olacağıq”.

Komitə sədri bununla yanaşı, ölkədəki parklar və kütləvi tədbir yerlərindən də danışıb. Onun fikrincə, bu yerləri təkcə istirahət və əyləncə məqsədi üçün yox, həm də idman tədbirlərinin keçirilməsi üçünü formalaşdırmaq lazımdır: “Bunun kiçik bir epizodu Bakı bulvarında var. Bu nümunənin bütün layihələrdə nəzərə alınması vacibdir”.

Əli Hüseynli bir neçə maraqlı təkliflə də çıxış edib. O bildirib ki, Bakı Dövlət Sirki və Azərbaycan Dövlət Kinostudiyası yenidən formalaşdırılmalıdır:

“Bakı Dövlət Sirkinə yeni bina tikilməlidir. Müasir standartlara cavab verən dövlət sirkinin formalaşdırılmasına ehtiyac var. Azərbaycan Dövlət Kinostudiyası da yenidən formalaşdırılmalıdır. Bunların hər ikisi vətəndaşlarımızın daha mədəni mühitdə formalaşmasına xidmət edəcək. Bu, bir növ sosial sifariş kimi qəbul olunmalıdır. Ölkənin bölgələrində məişət səviyyəsində cinayətlər artır. Bunun yeganə səbəbi sosial islahatlarla bağlıdır. Mədəni və idman layihələrinin maliyyələşdirilməsinə və həyata keçirilməsinə üstünlük verilməsinə ehtiyac var”.

Deputat təhsil sahəsi ilə bağlı təkliflərlə də çıxış edib. Onun sözlərinə görə, xarici ölkələrə təhsil almağa göndərilən gənclərlə bağlı ciddi nəticələr var: “Amma burada praktikanı dəyişdirmək olar. Xaricdən Azərbaycana müəllimləri dəvət etmək mümkündür. Bundan təkcə şagird və tələbələr deyil, minlərlə insan bəhrələnə bilər”.

Aqşin Kərimov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub