Modern.az

Elman Rüstəmov: “Kreditlər üzrə faiz dərəcələri aşağı salınacaq”

Elman Rüstəmov: “Kreditlər üzrə faiz dərəcələri aşağı salınacaq”

20 Noyabr 2014, 14:22

“Gələcəkdə biznes kreditlərinin faiz dərəcələrini bir rəqəmli səviyyəyə salmağı hədəfləyirik, Maliyyə Nazirliyi ilə bu istiqamətdə işlər aparılır”.
Modern.az saytının məlumatına görə, bunu 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov səslənən təkliflərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əhaliyə verilən kreditlərin orta faizi 2014-cü il üzrə 14,4 faiz təşkil edib: “Biznes kreditləri üzrə faizlər 10, 8, istehlak kreditləri üzrə 18 faiz təşkil edir. İstehlak kreditləri həm təminatlı, həm də təminatsızdır. Təminatlı kreditlər dedikdə avtomobil kreditləri (14 faiz), dövlət hesabına verilən ipoteka kreditləri (4,8 faiz), bank ipoteka kreditləri (9-10 faiz) nəzərdə tutulur. Təminatsız istehlak kreditləri üzrə faizlər hazırda 35 faizə çatır. Çoxlarınızın da istifadə etdiyiniz kredit kartları tam təminatsız sahəyə aiddir. Banklarda hesabınızın olması kredit kartı almağınıza kifayət edir. Ona görə də bu növ kreditlər çox risklidir. Telefonla belə kredit kartı almaq mümkündür”.

Mərkəzi Bankın rəhbəri qeyd edib ki, geri qaytarılmayan kreditlərin payı 15-18 faizə çatır: “Kreditlərin faizlərinin yüksək olmasının səbəbi əhalinin öz vəsaitlərini banklara çox yüksək faizlə yerləşdirməsidir. Bu gün banklar daha çox əmanətlərə görə pul ödəyirlər, nəinki özləri faizlərdən qazanc əldə edirlər”.
Elman Rüstəmov bildirib ki, Mərkəzi Bank son illər iqtisadiyyata vəsait qoyuluşunu 34 dəfə artırıb: “Bununla belə, kreditlərə olan tələbat çoxdur. Buna səbəb isə bazarın təklif bazarı olmaması ilə əlaqədardır: Bəziləri təklif edir ki, bank faizləri administrativ üsullarla aşağı salınsın. Amma bizim hədəflədiyimiz siyasətlə bunu həyata keçirmək mümkün deyil. Çünki bu zaman kölgə bankçılığı yaranır. Bəzi ölkələrdə belə bankların payı 30-50 faizə çatır. Sələmçilik yaranmasını istəmirik və şəffaflığın olmasının tərəfdarıyıq”.

Dünya Bankının araşdırmalarına diqqət çəkən sədr onu da qeyd edib ki, Azərbaycanda ipoteka kreditlərinə olan ilkin tələbat 6 milyard dollardır: “Biz gələn il üçün bu istiqamətdə ayrılan vəsaitlərin əsaslı şəkildə artırılmasını hədəfləyirik. Maliyyə Nazirliyi ilə bu məsələ barədə ı müzakirələr aparılır. Mənzil problemi təxirə salınan tələbatdır. Bu, bizə babalarımızdan ötürülən problemdir”.

Aqşin Kərimov  

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir