Modern.az

“Azərbaycandakı bəzi bankların öz himayədarı var”

“Azərbaycandakı bəzi bankların öz himayədarı var”

20 Noyabr 2014, 15:15

Azərbaycanda banklarla bağlı acınacaqlı vəziyyət yaranıb. Son illər iqtisadi sahədə ciddi inkişaf müşahidə edilsə də, əhalinin borclu təbəqəsinin sayı artmaqda davam edir. İnsanlar onsuz da az olan maaşlarını əldə edən kimi bank faizlərinin ödənilməsinə xərcələyirlər. Hətta illərdir bank kreditlərindən yaxa qurtara bilməyən insanlar da var. Bəzən insanlar bir bankdan götürdüyü krediti ödəyə bilmir, ikinci banka üz tutur, bu minvalla da borclu olduğu bankın sayı artır. Son nəticədə isə bir neçə banka olan borcunu bağlamaq çün daha bir banka müraciət edir. Beləliklə, özünü bitmək bilməyən borc quyusunun ən dərinliklərinə atır.

Bunu Dövlət Statistika Komitəsinin açıqlamasında da aydın görmək mümkündür. Komitədən bildirilir ki, Azərbaycanda hüquqi və fiziki şəxslərə 17,6 milyard manat kredit verilib, onun 79,4 faizi uzunmüddətli olub, 5,5 faizinin ödəmə vaxtı keçib.

Məsələ o həddə çatıb ki, hətta Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov problemə sərt reaksiya verib. O, bank kreditlərinin vətəndaşlar üçün yaratdığı fəsadları diqqətə çatdırıb: “Camaat borca düşür, mənzilləri əlindən alınır. Əhali bu pulu ödəmək üçün ya oğruluqla, ya da narkotik alveri ilə məşğul olmalıdır”.

İqtisadçı Oqtay Haqverdiyev Modern.az-a açıqlamasında problemin genişmiqyaslı hal aldığını vurğulayıb: “Vəziyyət çox pisdir. Eyni zamanda, Azərbaycanda banklar kommersiya xarakterli olduğundan məhdudiyyətlərin qoyulması da mümkün deyil. Bazar iqtisadiyyatının qanunları var, onlar da bu qanunlardan çxış edərək fəaliyyət göstərirlər. Onların fəaliyyətinə, əgər maraqlı olsa yalnız Mərkəzi Bank müdaxilə edə bilər. Vətəndaşların vəziyyətini nəzərə alaraq faizləri azalda, kredit resurslarını hansısa şərtlər daxilində verə bilər. Amma nədənsə Mərkəzi Bank buna məhəl qoymur və beləcə ölkədə iqtisadi inkişaf getsə də, əhalinin iqtisadi vəziyyəti də aşağı düşür”.

Ekspert bağlanması ehtimal olunan banklarla bağlı da fikirlərini səsləndirib, iqtisadi cəhətdən aşağı səviyyəli olan əhali üçün 44 bankın fəaliyyətinin çox olduğunu vurğulayıb: “Düşünürəm ki, Azərbyacan kimi ölkə üçün 20 bankın olması kifayət qədərdir. 5-6 ildir zərərlə işləyən bankların bağlanması müzakirə edilir, amma nəticəsi yoxdur. Heç kimə sirr deyil ki, həmin bankların öz himayədarları var, kimlərəsə hörmət edərək fəaliyyətlərini davam etdirirlər. Zərərlə işləyən bu qədər bankın fəaliyyət göstərməsi məqsədəuyğun deyil. Düşünürəm ki, bu dəfə Mərkəzi Bank məsələyə daha sərt yanaşıb, görək nə dərəcədə reallaşacaq”.

Oqtay Haqverdiyevin sözlərinə görə, bank sisteminin islahata ehtiyacı var: “Fikrimcə, onların sayını tamamilə azaldıb, birləşdirmə yolu ilə nizamnamə kapitalının da yüksəldilməsinə nail olmaq mümkündür”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI