Modern.az

Minsk qrupu həmsədrlərinin bəyanatı ermənilərin maraqlarına xidmət edir

Minsk qrupu həmsədrlərinin bəyanatı ermənilərin maraqlarına xidmət edir

20 Noyabr 2014, 17:21


Noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin (SQ) mövqelərinə hücum edən Ermənistan SQ-yə məxsus Mi-24 tipli döyüş helikopterinin cavab atəşi ilə məhv edilməsi faktı barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanat təəssüf və təəccüb hissi doğurur.

Modern.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Minsk qrupu həmsədrlərinin bəyanatına cavab olaraq bildiriblər ki, qoşunların təmas xəttində heç bir neytral ərazi yoxdur və ola da bilməz. Ermənistan tərəfindən işğal olunmuş torpaqlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Azərbaycan Respublikasının əraziləridir. Qeyd olunur ki, bəyanatda işlədilən "humanitar keçid" termini isə anlaşılmazdır və münaqişənin mahiyyətindən bixəbər olanlara hesablanıb: "Hazırda bu ərazidə heç bir dinc sakin və ya mülki şəxs yoxdur ki, onların döyüş gedən ərazidən çıxarılması üçün hər hansı bir "keçid" və ya "dəhliz" açılsın".

"Ərazidə atəşin dayandırılması" və "ərazilərin minalardan təmizlənməsi" fikirləri isə tam əsassızdır və erməni tərəfinin maraqlarına hesablanıb. Bu, yalnız bir halda - Ermənistan SQ-nin tamamilə və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılmasından sonra mümkün ola bilər. Azərbaycanın daim qarşı tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, müharibənin aparılması qaydalarına riayət etməsi çağırışına baxmayaraq, Ermənistan hər zaman bundan boyun qaçırır və cinayət törətməkdə davam edir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, düşmən tərəfi mütəmadi olaraq qəsdən bu ərazidə təxribatlar törətməklə məsələni qeyri-obyektiv formada təqdim etməyə cəhd göstərir və təəssüflər olsun ki, bu prosesə münaqişənin dinc yolla həll olunması missiyasını üzərinə götürən, obyektivlik nümayiş etdirməyə borclu olan beynəlxalq qurumları da öz mövqeyindən çıxış etməyə təhrik edir.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı