Modern.az

Fazil Mustafa: “Atasına qəbir daşı düzəltdirmək istəyən bankdan 6 min manat kredit götürür”

Fazil Mustafa: “Atasına qəbir daşı düzəltdirmək istəyən bankdan 6 min manat kredit götürür”

Təhsil

20 Noyabr 2014, 17:56


“Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ilə bağlı məsələ sual doğurur. 3 milyard daha da artırıla bilər”.
Modern.az saytı xəbər verir ki, Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında belə deyib.

O, fonddan yayınma hallarına və ikili mühasibatlığa da diqqət çəkib: “Heç kimə sirr deyil ki, imkanlı şəxslər qulluqçu saxlayırlar. Onların yanında köməkçiləri olur. Evlərində bağban və dayə çalışır. Restoran və şadlıq saraylarında da işləyən ofisiantların maaşları əmək müqaviləsində çox aşağı göstərilir. Toylarda görürsən ki, ofisiant adama yaxınlaşıb əl çəkmir. Bu ondan irəli gəlir ki, onlara ödənilən məbləğ xeyli azdır”.
Deputat uşaqlar üçün ödənilən 90 manatlıq birdəfəlik müavinətin çox aşağı olduğunu bildirib.
Fazil Mustafa bildirib ki, doğum xərci ilə müqayisədə birdəfəlik müavinət olduqca azdır: “Bu rəqəmi heç olmasa 150 manata kimi qaldırmaq lazımdır. 3 yaşına çatmamış uşaqlara baxan analar da çox ciddi problem yaşayırlar. Müəssisələr 25 yaşdan yuxarı və bəzən ailəli xanımları işə götürmək istəmirlər. Bu zaman yalnız ata işləməli olur. Belə olan halda ailə öz xərclərini ödəyə bilmir. Ehtiyac meyarı və yaşayış minimumu acından ölməmə meyarıdır, acından ölməmə minimumudur. Bu rəqəmlər çox aşağıdır. Aptekdən iki dərman alırsan, 40 manat eləyir. Bu meyarlar nə dərəcə uyğundur”.
Deputat yas mərasimlərində israfçılıqla bağlı iradlarını da bildirib. Fazil Mustafa söyləyib ki, onda olan məlumata görə, atasına qəbir daşı düzəltdirmək istəyən şəxs bu məqsədlə bankdan 6 min manat kredit götürür: “Cəmiyyətdə çox ciddi problemlər mövcuddur. Dövlət vətəndaşlara tövsiyə etdi ki, məclisləri yüngülləşdirin. Ancaq əhali bunu başqa cür qəbul edir. Pulu olmayan insan borc alır. Fikrimcə, bu savadsızlıqdan irəli gəlir. Görürsən ki, ən kasıb adam da məclisdə israfçılığa yol verir”.

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür