Modern.az

Yeni təklif: Bəlkə ünvanlı sosial yardımın mahiyyəti dəyişdirilsin

Yeni təklif: Bəlkə ünvanlı sosial yardımın mahiyyəti dəyişdirilsin

20 Noyabr 2014, 18:01


Bu gün Milli Məclisdə Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsinin müzakirələri zamanı deputat Elmira Axundova bir neçə təkliflə çıxış edib.

O, qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında hökumətin həyata keçirdiyi sosial layihələrin nəticəsidir ki, ölkədə yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı enib: “Pensiyaların, müavinətlərin məbləğinin qaldırılması, yaşayış minimumu və ehtiyac meyarının həcminin hər il artırılması və digər sosial tədbirlər əhalimizin maddi rifah halının yaxşılaşmasına xidmət edir. Bunun ən bariz nümunələrdən biri ünvanlı sosial yardımla bağlı həyata keçirilən tədbirlərdir. 2013-cü  ildə 143 min 337 ailəyə ünvanlı sosial yardım verilib ki, hər bir ailəyə orta aylıq 125.53 manat ödənilib, göründüyü kimi bu da külli miqdarda vəsait deməkdir”. EəAxundova bildirib ki, bu yaxınlarda ünvanlı sosial yardımla bağlı bir təklifini aidiyyəti quruma da ünvanlayıb: “Bildiyimiz kimi ünvanlı sosial yardımın məqsədi odur ki, 1-2 il ərzində bu yardımı alan ailə öz maddi vəziyyətini düzəltsin, məşğuliyyət tapsın, özünü və ailəsini dolandırmağa başlasın. Vətəndaşlarla görüş zamanı bunu insanlara başa salmağa çalışırıq və “nə üçün işləmirsiz, torpağınızı əkib becərmirsiz, kənd yerində heyvandırlıqla məşğul olmursuz?” sualına belə cavab verirlər ki, bunu etməyə maddi imkanımız yoxdu, ona görə də sosial yardım istəyirik.

 

Buna görə belə bir təklif ortaya çıxmış olur. Bəlkə ünvanlı sosial yardımın mahiyyəti dəyişdirilsin, vətəndaşlara yardım hər hansı konkret layihə üzrə əvəzsiz kredit şəklində verilsin? Məsələn, torpağı əkib becərmək istəyənə toxum, gübrə və s., yaxud heyvandarlıqla məşğul olmaq istəyənə bir illik qidası ilə birlikdə iri və ya xırda buynuzlu mal-qara, toyuq-cücə və s. Özü də bu layihələr dövlət orqanı əməkdaşları tərəfindən nəzarətdə saxlanılsın, aylıq, rüblük və ya illik hesabatlar tələb olunsun, üstəlik əlavə yardım imkanları araşdırılsın ki, həqiqətən də 2-3 il sonra həmin ailələr yoxsulluq həddindən çıxarılsın və bir daha yardıma ehtiyac duymasınlar. Əks halda, sosial yardımın müddətini 2 il yox, 10 ilə qədər də uzatsaq heç bir şey dəyişməyəcək.

 

Belə layihələr ilkin olaraq hər hansı rayonda və ya regionda pilot layihə kimi sınaqdan keçirilə bilər. Əminəm ki, bu layihə 1-2 il ərzində öz müsbət nəticəsini göstərəcək.

Məni bu gün  düşündürən digər bir məsələ uşağın anadan olmasına görə və 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar verilən müavinətlərin həcmidir.

Qeyd edim ki, bir neçə il əvvəl uşağın anadan olmasına görə verilən müavinətin məbləği 50 manat idi. Ayrı-ayrı vaxtlarda bu məbləğ artırılaraq 70 manata çatdırıldı. Cənab Prezidentə minnətdarlığımı bildirirəm ki, onun 2013-ci il 29 avqust tarixli 973 nömrəli Fərmanı ilə 2013-ci il 1 sentyabr tarixindən  bu müavinətin məbləği 90 manat müəyyənləşdirilib. Arzu edərdim ki, gələn il bu məbləğ heç olmasa 100 manata qaldırılsın. Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi barədə Sosial Siyasət Komitəsində müzakirələr aparılarkən 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar verilən müavinətlərin məbləği barədə fikirlərimi bildirmişəm. Belə ki, hal-hazırda bir yaş yarımadək uşağa qulluğa görə verilən aylıq müavinətin məbləği 30 manat, bir yaş yarımdan üç yaşınadək isə 15 manatdır. Hörmətli Elman müəllim öz məruzəsində dedi ki, bu məbləğ artacaq. Sual olunur ki, belə olan halda uşağa qulluğa görə verilən aylıq müavinətin məbləği artacaq ya yox. Çünki hal-hazırda uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği çox aşağıdır, buna görə də həmin məbləğin ən az iki dəfə artırılmasını istərdim”.

 Sonda  deputat bildirib ki, Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi ilə bağlı qanun layihəsi sosial yönümlüdür, əhəmiyyətlidir və onun lehinə səs verəcək.  

 

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir