Modern.az

Ukrayna inqilabı - Bir il geridə qaldı.. - FOTOLAR

Ukrayna inqilabı - Bir il geridə qaldı.. - FOTOLAR

Aktual

21 Noyabr 2014, 23:15

Ukrayna Viktor Yanukoviç hakimiyyətinin devirlməsi və Avropaya inteqrasiya yolunu seçməsini qətiləşdirdiyi inqilabi hadisələrin bir ilini qeyd edir.
Modern.az saytının məlumatına görə, məhz 2013-cü il noyabrın 21-dən Kiyevin mərkəzinə pərakəndə yığılan sadə insanlar ölkənin Avropa Birliyi ilə Vilnüsdə assosiativ üzvlük və azad ticarət zonası barədə müqavilənin imzalamamasına etiraz edirdilər. Halbuki, “Şərq Tərəfdaşlığı” ölkələri ilə Avroipa Birliyi ölkələrinin birgə keçiriləcək sammitindən öncə də prezident Viktor Yanukoviç bu müqaviləni ölkəsi adından imzalayacağını bildirmişdi.

Noyabrın 28-29-u tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitdə Gürcüstan, Moldova və Ukrayna assosiativ üzvlük haqqında müqaviləni imzalamağı planlaşdırsa da, sammitə 1 həftə qalanda Ukraynanın Ali Radası müqavilənin imzalanması ilə bağlı proseduru dondurdu. Ölkənin baş naziri Nikolay Azarov bunun səbəbini Avropa Birliyinin Ukraynanın müqaviləni imzalayacağı təqdirdə Rusiya və postsovet ölkələri ilə ticarət münasibətlərində uğrayacağı iqtisadi itkiləri kompensasiya etməməklə və birliyin rəsmi Kiyevə ayıracağı kreditlərin çox ağır şərtlərlə verilməsilə bağladı.

Lakin siyasi dəhlizlərdə gəzən şayiələrə görə əslində Ukraynanın Avropa Birliyi ilə yaxınlaşmaqdan imtina etməsi iqtisadi deyil, siyasi səbəblərdən yaranmışdı. Burada əsas faktor kimi Rusiya və onun başçılığı alıtnda yaradılan Avrasiya İqtisadi Birliyinin adı çəkilirdi. Avropanın ən böyük ölkəsi, 46 milyon sakini olan Ukrayna daim Rusiyanın təsir dairəsində olan bölgə sayılırdı. Hələ Leonid Kuçma dövründən Rusiya Ukrayna-Avropa Birliyi və NATO yaxınlaşmasına qısqanc reaksiya verirdi. Bundan başqa Ukraynda 10 milyon etnik rusun yaşaması, Rusiya Dara Dəniz donanmasının əsas hərbi bazasının Krımda yerləşməsi Kremlin əlində təsir rıçaqları idi.

Noyabr hadisələri başlayan ərəfədə Ukraynanın öz daxilində də ciddi ikitirəlik mövcud idi. Etnik rusların nüfuzlu azlıq təşkil etdiyi və Rusiya ilə sıx iqtisadi əlaqələrdə olan Şərqi Ukrayna, Krım və Odessa sakinləri Avropa Birliyi ilə yaxınlaşmanın əleyhinə idilər. Amma Ukraynanın Qərbi, xüsusilə ölkənin Avropa paytaxtı sayılan Lvov və paytaxt Kiyev Avropaya simpatiyalarını gizlətmirdilər. Ukraynanın Qərbi və Şərqi arasında olan bu uçurum həm siyasi, həm də ideoloji xarakter daşıyırdı. Çünki Qərbi Ukrayna tarixən millətçiliyin mərkəzi sayılıb. Müasir ukraynalı millətçilərin öz ideoloji rəhbərləri seçdiyi Stepan Bandera uzun illər sovet hakimiyyətinə qarşı silahlı mübarizəsi ilə seçilib. Şərq isə əksinə, Rusiya ya meylli, Böyük Vətən Müharibəsindəki qələbə uğrunda böyük qurbanlar verən bölgə idi.



21 noyabrda kütləvi xalq etirazlarının başlanmasında ukraynalıların “Avropa, yoxsa Rusiya” kimi taleyüklü suala cavab verməsi ilə yanaşı, öz sosial-iqtisadi problemlərini həll etməsi də önəmli yer tuturdu. Çünki Viktor Yanukoviç hakimiyyəti cəmiyyətdə mövcud olan qüsurlara - kütləvi korrupsiyaya, oliqarxiyanın özbaşnalığına, varlı və kasıb təbəqələr arasında sosial uçurumun dərinləşməsinə, demoqrafik və iqtisadi geriləmənin rekord həddə çatmasına, bütünlükdə, Ukrayna cəmiyyətinin modernləşməsinə diqqət ayırmırdı. Beləliklə, 2007-ci ildən müzakirə olunan Ukrayna-Avropa Birliyi assosiativ üzvlük müqaviləsinin Vilnüs sammitində imzalanmayacağı aydın oldu.

Noyabrın 21-i axşam Nikolay Azarov Nazirlər Kabinetinin iclasını keçirdi və Avropa Birlıiyi ilə assosiativ üzvlük müqaviləsinin imzalanma prosedurunun dayandırıldığını bildirdi.

Qərarın televiziya ilə elan olunmasında bir neçə saat sonra sosail şəbəkələr vasitəsilə xalqa müraciət edən Ukraynda müxalifəti insanları kütləvi aksiyalara dəvət etdi. Sonradan ölkənin əsas simalarına çevriləcək Vitali Kliçko (UDAR), Arseni Yasenyuk (“Batkivşina”), Oleq Tyaqnibok (“Azadlıq”) bu etirazçı kütləni irəli aparan əsas şəxslərə çevrildilər.



2013-cü il noyabrın 21-i axşam insanlar Kiyevin mərtkəzindəki Müsətqillik meydanına toplaşmağa başladılar. İlk anlarda insanların sayı 200 nəfəri keçmirdi. Lakin onlar meydanda qalmaqda qətiyyətli idilər. Əsas tələb Vilnüs sammitində assosiativ müqavilənin imzalanması tələbi idi. Bu tələb aylar sonra Yanukoviçin hakimiyytədən getməsi kimi radikal və sərt tələblə əvəz olunacaqdı. Hələlik isə etirazçılar “Avromaydan” adı verdikləri aksiyalarını davamlı etmək üçün meydanda “palatkalar” və çadırlar quraşdırmağa başladılar. Etirazların olacağını hiss edən hakimiyyət isə təcili Kiyev Şəhər Məhkəməsindən Müstəqillik meydanında hər hansı çadırın quraşdılımasını qadağan edən qərarın verilməsinə nail oldu. Lakin bu “avromeydançıları”ı dayandırmadı.

23 noyabr – ilk izdihamlı akasiya keçirilir. Kiyevin mərkəzinə 30 mindən 100 minə qədər insan toplaşır. Müstəqillik meydanındakı çadırları sökmək istəyən “Berkut” (Ukrayna Daxili İşlər Nazirliyinin xüsusi polis dəstəsi) mitinqçilərlə ilk toqquşmalara başlayır. Toqquşma zamanı “Berkut” rezin dəyənək və gözyaşardıcı qazdan istifadə edir. Bundan başqa, səhnəyə müxalifətçilərin “tituşkalar” adı verdiyi hakimiyyətyönlü qruplaşmanın ilk üzvləri çıxır. Ukraynanın müxtəlif bölgələrindən yığılan idmançı görkəmli gənclər müxalifətçilərə hücumlar edirlər. Onlar aksiyalardan bir neçə ay öncə hakimiyyətin sifarişi ilə müxalifətçilərə hücum edən Vadim Tituşkonun  adı ilə həqarətlə “tituşka” adlandırılırdı.

“Avromeydan”nın ilk komendantı da təyin olunur - Andery Porubiy. Avropa meydanında qurulan çadır şəhərciyi “müxalifət partiya”larının, Müstəqillik meydanında qurulan çadır şəhərciyi isə “ictimaiyyət”in toplaşdığı əsas yerlərə bölünür. Amma tələb ümimi idi – “Bu həftə assosiativ üzvlük barədə müqavilə imzalanmalıdlr. Biz heç yerə hücum etmirik və tələbləırimizi dinc yolla həyata keçirmək istəyirik”, - deyə həmin gün tribunadan kütləyə səslənən “Batkivşina” partiyasının üzvü Nikolay Martınenko deyir.



24-27 noyabr
– Kiyev “Avromeydan”ı bölgələrdə də siyasi aktivliyə rəvac verir. Noyabrın 24-də Lvov şəhərində Kliyevdəki etirazçılara dəstək xarakterli 10 minlik aksiya keçirilir. Avropa dalğası “rusdilli” şəhərlər sayılan Xarkov, Donetsk, Luqansk, Mariupol və Odessada da bir neçə yüz nəfərlik aksiyaların keçirilməsinə səbəb olur.

Noyabrın 25-də Kiyevin “Müstəqillik” meydanında etirazçılar xüsusi xidmət orqanlarının onları izlədyini iddia etdikləri maşını yandıırlar. Polis bir neçə aksiya iştirakçısını polisə müqavimət göstərdiyi üçün həbs edir. Noyabrın 26-da Arseni Yasenyuk, Vitali Kliçko və Oleq Tyaqnibokun başçılığı ilə müxalifət partiyalarının məsləhətləşmələi seçilir. Onlar dekabrın 1-nə qədər “Avromeydan” hərəkatının birinci mərhələsini yekunlaşdırmağı qərara alırlar. Bundan başqa, Vilnüs sammitində Yanukoviçin müqaviləni imzalayacağı ümidləri hələ də qalır. Noyabrın 26-da Kiyev Milli Universiteti və Kiyev-moqilyan Akademiyasında dərslər dayandırılır. Buna səbəbə tələbələrin əksəriyyətinin aksiyalara qoşulması idi.

28-29 noyabr – hər kəs səbirsizliklə Vinüs sammitini izləyir. Lakin noyabrın 29-u günorta saatlarında Viktor Yanukoviçin Avropa Birliyi ilə assosiativ üzvlük müaviləsini imzalamadığı məlum olur. Elə həmin axşam “Müstəqillik” və “Avropa” meydanında toplaşan çoxminlik kütlə Viktor Yanukoviçin istefasını tələb edir. Tələblər radikallşamğa başlayır. Arseni Yasenyuk Yanukoviçi “dövlətə xəyant”də ittiham edir.



30 noyabr
– Səhər saat 4 radlərində “Berkur” Kiyevin mərkəzini “Yeni İlə hazırlamaq məqsədilə” “Müstəqillik meydanı”na müdaxilə edir. Polis zorakılığının sərhəd tanımadığı müdaxilə zamanı 7-si polis olmaqla 72 nəfər müxrtəlif xəsarətlər alır. 30 nəfər qədər fəal həbs olunur. “Berkut”un juranlistlər də daxil olmaqla aksiya iştirakçılarına güc tətbiq etdiyi videogörüntülər dünyanın aparıcı telekanalları tərəfindən nümayiş etdirilir. Ukrayna cəmiyyəti də hadisədən hiddətlənir və “Avromeydan” hərəkatının tərəfdarları insidentdən sonra daha böyük güc toplamağa başlayır. Hadisənin ardınca Viktor Yanukoviç aksiyanın güc yolu ilə yatırılmasını pisləyir. Daxili işlər naziri Vitali Zaxarçenko isə kobud güc tətbiqinə görə insanlardan üzr istəyir.

Müxalifət özünü itirmir və bu dəfə Kiyevin “Mixaylov” meydanına toplşaır. Aksiya 15 min insanı birləşdirir. Yasenyuk, Tyaqnibok və Kliçko meydanda Avropa Birliyinin səfirləri ilə görüşlər keçirir. Yanukovçini komandası isə ilk itkilərini verir. Regionlar Partiyasının 4 deputatı partiyadan çıxır.

Ukrayna Baş Prokurorluğunun araşdırması hüquq-mühafizə orqanlarının 30 noyabr hadisələrinə qanuni səlahiyyətlərini aşdığını və vətəndaşların konstitusion hüquqlarını pozması qərarına gəlir. Dekabrın 14-də Vikotr Yanukoviçin qərarı ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Vladimir Sivkoviç və Kiyev şəhər Administrasiyasının rəhbəri Aleksandr Popov vəzifələrindən istefaya göndərilir.



1-8 dekabr
-  Dekabrda aksiyalar daimi və daha izdihamlı olur. Paralel olaraq müxalifər hakimiyyət orqanlarının yerləşdiyi Kreşatik küçəsi boyu barrikadaların qurulmasına başlayır. Baş nazir Nikolay Azarov müxalifəti Ali Radanı zəbt etməkdə ittiham edir. Dekabrın 8-də Taras Şevçenko bulvarında yerləşən Lenin heykəli iğtişaçılar tərəfindən dağıdılır. Bu həm də sovet ənənələrinin qoruyucusu olan Yanukoviç hakimiyyəti ilə avropameylli müxalifətin arasında geosiyasi simpatiya fərqliyinin göstərici idi.

9 dekabr – Daxili Qoşunlar “Müstəqillik” meydanını və hökumət binalarının yerləşdiyi Kreşatiki mühasirəyə alır. Etirazçılarla polis arasında barrikadaların önündə toqquşmalar baş verir. Tərəflər arasına din xadimləri daxil olur.

11 dekabr - Kiyevə Avropa Parlamentinin 6 deputatı, Avropa Birliyinin Xarici Əlaqələr komissarı Ketrin Eşton və ABŞ Dövlət Katibinin müavini Viktoriya Nuland gəlir. Prezident Yanukoviçlə görüş keçirən avropalı qonaqlar aksiyaların güc yolu ilə dağıdılmamasını tələb edir.

12 dekabr – gecə saat 1 radələrində “Berkut” və Ukrayna polisi “Avropa” meydanı istiqamətnidən irəliləyərək mitinq iştirakçılarını sıxışdırmağa başlayır. Onlar “Kreşatik” küçəsindəki əksər barrikadaları ləğv edərək ayın əvvəllərindən zəbt olunmuş Kiyev şəhər administrasiyasının və şəhər şurasının binasının azad etməyə cəhd edir. Lakin 11 saatlıq qarşıdurma zamanı sayları 3 mindən 15 minə qədər artan etirazçılar polisin geri çəkilməsinə nail olurlar.

19 dekabr – Ali Rada səs çoxluğu ilə “Avromeydan” iştirakçılarının cinayət məsuliyyətindən azad olunması barədə qanun qəbul edir. Noyabrın 21-dən tutulan bütün aksiya iştirakçıları həbsdən azad olunurlar.

22 dekabr – Müxalifət partiyalarının təşkil etdiyi xalq veçesində “Maydan” xalq birliyinin yaradılması barədə qərar verilir. Birliyin həmsədrləri – Oleq Tyaqnibok, Sergey Kvit, Vitali Kliçko, Yuri Lutsenko, Ruslana Lıjiçko, Yuliya Timoşenko və Ardeni Yasenyuk seçilir.  



25 dekabr
– Gecə saatlarında “Ukrayna həqiqətləri” qəzetinin əməkdaşı, “avromeydançı” Tatyana Çernovol naməlum şəxslər tərəfindən Borispol şəhərində döyülür. Onun tanınmaz hala düşən sifəti dünyanın bütün KİV-lərini dolaşır və hakimiyyətin azad jurnalistlərə qarşı repressiyasının simvolu olur. Sonralar Çernovolun həyat yoldaşı Şərqi Ukraynada baş qaldıran anti-terror əməliyyatlarının qurbanına çevrilir.

29 dekabr – “Avromaydan” hərəkatının tərkib hissəsi olan “avtomaydan” hərəkatı üzvləri 200 maşından ibarət karvanla Viktor Yanukoviçin “Mejiqorya”da yerləşən iqamətgahına yürüş edir. Digər bir qrup baş nazir Nikolay Azarovun və baş prokuror Viktor Pşonkanın evinə doğru hərəkət edir. Bütün hallarda “Berkut” və Ukrayna “QAİ”si onların qarşısını kəsib.

12 yanvar 2014-cü il – Kiyevin “Müstəqillik” meydanında 200 min insanın toplaşdığı ilk “xalq veçe”si keçirilir. Aksiyada “Okean Elzı” qrupu və müğənni Ruslana musiqi ifa edir.

“Cənab Yanukoviç və Azarov, sizin kortejləriniz bizi boğaza yığıb. Bütün Ukrayna boyu kortejlərinizin qarşısını kəsəcəyik”, - deyə müğənni Ruslana çıxışında deyir.Vitali Kliçko isə prezidentin istefa verməyəcəyi təqdirdə ÜmumUkrayna tətilinə başlayacaqlarının anonsunu verir.


16 yanvar – Ukrayna Ali Rdası hakim Regionlar Partiyasının təklif etdiyi və söz, mətbuat azadlığını məhdudlaşdıran, aksiyalarda üzünü maska və şarfla örtməyi, silah gəzdiməyi qadağan edən, dövlət qeydiyyatından keçməyən saytların fəaliyyətini məhdudlşadıran qanun qəbul edir. “Avromeydan” hərəkatına qarşı yönəlmiş qanun “diktatura” qanunları adlandırılır. Avropa Birliyi Ali Radadan qərarı ləğv etməyi tələb edir. Ukraynda müxalifət isə qanunun qəbulunu “dövlət çevrilişi” adlandırır.

19 yanvar- “Diktatura” qanunları xalqı ayağa qaldırıb. Növbəti “xalq veçe”sinə 100-500 min arasında insan toplaşır. “Avromaydan” tərəfdarları Qruşevski küçəsi boyu hökumət binalarına doğru irəliləmək istəyirlər, lakin polis kardonu ilə üzləşirlər. Tərəflər arasında baş verən qarşıdurmada dəyənəklərdən, “Molotov kokteyl”indən və gözyaşardıcı qazlardan geniş istifadə olunur. 100-dən artıq insan xəstəxanalara yerləşdirilir.

20-22 yanvar – Baş nazir Nikolay Azarov “Avromaydan”ın güc yolu ilə dağıdılacağını bildirir: “Əgər təxribatlar davam edərsə, bizim güc tətbiq etməkdən başqa yolumuz qalmayacaq”. Yanvarın 22-si səhər Qruşevski küçəsində toqquşmalarda ilk insan itkiləri baş verir. 4 nəfər etirazçı odlu silahdan açılan atəşlə qətlə yetirilir.

“Berkut”un tələbə Mixail Niskoquzanı şaxtalı havada çılpaq soyunduraraq alçaltması videosu bütün dünyada hiddətlə qarşılanır. Cavab olaraq radikal futbol fanatları da “avromeydan”a qoşulduqlarını bildirir. Eritazçılar 4 “tituşka”nı tutaraq onların alınlarına “qul sözü” yazır və meydan boyu qaçmağa vada edir. Müxalifət liderləri Yanukoviçlə birbaşa danışıqlara başlayırlar. Lakin hər şeyin sülhlə həll olunmasına inam getdikcə azalır.

23 yanvar – Viktor Yanukoviçlə 5 saat davam edən görüşdən sonra Vitali Kliçko aksiya müddətində həbs olunan bütün şəxlsərin azad olunacağını bildirir. Bunun qarşılığında “avromeydançı”lar Qruşevski küçəsindəki barrikadalardan geri çəkilməli idi. Lakin meydandakılar bu təklifi qəbul etmirlər.


25 yanvar – Viktor Yanukoviç “Batkivşina” Partiyasının sədri Arseni Yatsenyuka baş nazir, “UDAR” partiyasının sədri Vitali Kliçkoya isə baş nazirin humanitar məsələlər üzrə 1-ci müavini vəziflərini təklif edir. Lakin təklif müxalifət liderləri tərəfindən qəbul olunmur. Həmin gün “Müstəqillik” meydanında çıxış edən Vitali Kliçko Viktor Yanukoviçdən növbədənkənar seçkilər təyin etməsini tələb edir. Daxili işlər naziri Viktor Zaxarçenko isə “Avromeydan” hərəkatının Kiyevin mərkəzini tərk etməyəcəyi təqdirdə onların ekstremist sayılacağı xəbərdarlığını edir. Viktor Yanukoviç isə “16 yanvar” qanunlarının ləğv olunacağına işarə edir.

28-30 yanvar – Etirazçılar Ukryana Ədliyyə Nazirliyinin binasını ələ keçirirlər. Baş nazir Nikolay Azarov istefa verir. Hökumət “16 yanvar” qanunlarının 11-dən 9-nu ləğv edir. Ölkənin qərbindəki İvano-Frankov, Lvov və Zakarpatye vilayətlərində hakimiyyət müxalifətin əlinə keçir. Növbəti həftələrdə 2004-cü il konstitusiyasına qayıdış və müxalifətlə danışıqlar davam edir. Hakimiyyət sıralarını tərk edənlərin sayı sürətlə artır.

18-22 fevral. Hadisələr yekun və qanlı sonluğuna qədəm qoyur. 18 fevralda Kiyevin mərkəzində baş verən toqquşmalarda 25 nəfər həlak olur. Tərəflər bir-birini ittiham edirlər. 19 fevral gecəsi bir araya gələn Yanukoviç, Yasenyuk və Kliçko yenə razılığa gələ bilmirlər. Həmin gecə Ukraynada Həmkarlar İttifaqlarının binasına od vulur. Nəticədə 8 nəfəri polis olmaqla 25 nəfər dünyasını dəyişir. 19 fevral günorta saatlarında keçirilməli olan Yanukoviç - “Avomaydan” danışıqları baş tutmur. Lvovda silah anbarında 1 ədəd atıcı silah oğurlanır. Ölkənin müxtəlif bölgələrində hakimiyytə və “avromeydan” tərəfdarları arasında silahlı toqquşmalar baş verir. Nazirlər Kabineti “Müstəqillik” və “Avropa” meydanlarını güc yolu ilə azad etmək planından əl çəkir.



20 fevral səhər saatlarında hökumət binalarına doğru irəliləyən etirazçılar “Berkut”u Qruşevski küçəsi boyunca geri çəkilməyə vadar edir. İnstitut küçəsində etirazçılara qəfildən snayper atəşi açılmağa başlayır. Kimliyi bu günə qədər naməlum qalan snayperlər ilk dəqiqələrdə 7 nəfəri öldürür. Ukrayna ordusu və Daxili İşlər Nazilriyinin qoşunları şəhərdən çıxarılır. Avropa Birliyi və Rusiyanın vasitəçiliyi ilə 21 fevralda Yanukoviç və müxalifət arasında razılaşma imzalanır. Razılaşmaya əsasən ölkə 2004-cü il konstitusiyasına qayıtmalı, prezident səlahiyyətləri məhdudlaşdırılmalı və 2014-cü ilin dekabrından gec olmayaraq ölkədə prezident seçkiləri keçirilməli idi. Lakin fevralın 22-si gecə “Avromeydan “ razılaşmanı pozur. Onlar Ali Radanı və Nazirlər Kabinetinin binasını mühasirəyə alırlar. Viktor Yanukoviç təcili Kiyevi tərk edir və Xarkova qaçır. Bir müddət sonra Rusiyada peyda olacaq. Prezidentin “Mejqroya”dakı iqamətgahı müxalifətçilərin əlinə keçir. 22 fevral Ali Rada təcili iclas keçirir və Yanukoviçin konstition vəzifələrinin icrasından uzaqlaşdığı üçün növbədənkənar prezident seçkiləri təyin edir. Bütün dövlət strukturları Ukrayna müxalifətinin nəzarəti altına keçir. Ölkədən hakim elitanın və məmurların qaçışı başlanır.

3 ay davam edən “Avromaydan” hərəkatı Ukrayna hakimiyyətinin devrilməsi və Avropayönlü siyasətçilərin hakimiyyətə gəlməsi ilə nəticələnir. Hərəkat müddətində 100-dən artıq insan həlak olur və minlərlə insan xəsarət alır.

Qarşıda Ukraynanı Kırımn Rusiya tərəfindən ilhaqı, rusdilli Şərqi Ukraynada separatçı meylərin güclənməsi və daxili sosial durumun dərinləşməsi gözləyirdi.

Bütün bu çətinliklərə baxmayaraq 21 noyabrda başlayan “Avromeydan” müasir Ukraynanın tarixində tarixi sçeimlərini etdkiləri gün kimi qalcaq.






Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı